Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:50

Masallı sakini 27 il sənədsiz necə yaşayıb?


Şəxsiyyət vəsiqəsi (nümunə).
Şəxsiyyət vəsiqəsi (nümunə).

“Hərbi xidmət vaxtı gəldi çatdı, qapını döydülər ki, ‘gəl, get əsgərliyini çək’. Dedim, ‘axı sənədim - filan yoxdur’. Dedilər, ‘bu ölkədə yaşayırsansa, gedib ordusunda da xidmət eləməlisən’. Əsgərlikdən sonra həbsə də düşüb çıxmışam. Ancaq vay o gündən ki, mənim dövlətə işim düşə, onda deyirlər, ‘bizim vətəndaş deyilsən’”.

Masallı sakini Sadiq Ağayevin 27 yaşı var. Ancaq özü demişkən, bir insan kimi həyatda varlığını təsdiqləyən heç bir sənədi yoxdur.

Buna da bax: 'Məlhəm dedi, 'ana, qoyma həkimlər getsin...''

DOĞUM HAQQINDA ŞƏHADƏTNAMƏ DƏ ƏLİNDƏN ÇIXIB

Sadiq Ağayev 1990-cı ildə Rusiyanın Volqoqrad şəhərində doğulub. Doğulandan 2 ay sonra Azərbaycana – Masallının Səmədxanlı kəndinə köçüblər. Sadiq böyüdükcə sənəd problemi də böyüyüb. Ona Rusiyadan gətirdiyi doğum haqqında şəhadətnamə əsasında sənəd verilməyib və dövlət tərəfindən Azərbaycan vətəndaşı kimi tanınmayıb:

“Məktəbə də Səmədxanlıda getmişəm. 18 yaşım tamam olanda şəxsiyyət vəsiqəsi üçün müraciət elədim, dedilər, ‘sənə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi düşmür’. Ancaq elə bunu dedikləri ayda da məni hərbi xidmətə çağırdılar. Qayıtdıqdan sonra da müraciət etdim, dedilər, ‘sən Rusiya vətəndaşı hesab olunursan’. Dedim, ‘Azərbaycan qanunlarına görə, xarici vətəndaş milli orduda xidmət edə bilməz, mən Rusiya vətəndaşıydımsa, orduya niyə çağırmışdız?’”

Buna da bax:​ Şəkidə hələ də bərpasını gözləyən evlər var

Sadiq Ağayev deyir, həbsə düşəndə şəxsiyyət vəsiqəsi olmadığından, məhkəmədə ondan doğum haqqında şəhadətnamə istənilib. O da təqdim edib. Həbsdən çıxandan sonra şəhadətnaməni geri almaq üçün məhkəməyə müraciət edib. Ona bildirilib ki, sənəd cəza çəkdiyi müəssisəyə göndərilib. Müəssisədənsə ona aid sənədin məhkəmədən onlara daxil olmadığı deyilib. Beləcə, Sadiq Ağayevin son ümidi olan Rusiyada verilmiş doğum haqqında şəhadətnaməsi də əldən çıxıb.

İKİ YOL VAR

S. Ağayev təzəliklə ailə qurub, ancaq sənədi olmadığından nikahı rəsmiləşdirə bilməyib. İndi onu düşündürən budur ki, dünyaya gələcək övladlarını adına necə rəsmiləşdirsin. Sənədsizlik Sadiq Ağayevi təkcə bundan yox, ümumiyyətlə, bir vətəndaş kimi əldə etməli olduğu hər şeydən məhrum edib.

Buna da bax:​ Saatlı sakinləri: 'İlham Əliyevə deyiləsi çox sözümüz vardı...'

Hüquqşünas Vaqif Alıyev deyir, Sadiq Ağayevin şəxsiyyət vəsiqəsi əldə etməkdən ötrü dağa-daşa düşməsinə ehtiyac yoxdur. "Şəxsin bu adamların (ata-ananın) övladı olması faktını sübut edəcək şahidlər varsa, kifayət edir. İkinci yol məhkəmə tərəfindən Rusiyadakı doğulduğu şəhərin arxivinə sorğu göndərilə bilər" , – hüquqşünas bildirib.

Məsələyə rəsmi orqanlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

XS
SM
MD
LG