Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Esper kitabında Trampın etirazçılara atəş açmağa çağırdığını yazır


Donald Tramp və Mark Esper
Donald Tramp və Mark Esper

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə Corc Floydun qətlindən sonra Ağ Ev ətrafındakı küçələrə axışaraq etiraz edən kütləyə atəş açmaq istəyirmiş. Bu barədə ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper özünün yeni kitabında yazır.

"Onlara sadəcə atəş aça bilərsiniz? Sadəcə ayaqlarına atəş açın, ya da nəsə edin", – Esperin "A Sacred Oath" adlı kitabında Trampın belə dediyi iddia olunur. Bu haqda CNN "Axios" xəbər saytına istinadla yazır.

Trampın nümayəndəsi CNN-in açıqlama xahişinə dərhal cavab verməyib.

"Onda ayaqlarından vurun, ya da, bəlkə, pəncələrindən"

CNN daha əvvəl də buna bənzər məlumatlar yayıb. Onlardan biri jurnalist Maykl Benderin "Frankly, We Did Win This Election: The Inside Story of How Trump Lost" adlı kitabında sənədləşdirdiyi məsələlərdir. Ötən il Benderin kitabında Trampın Oval kabinetdə keçirilən iclaslarda dəfələrlə polisi etirazçılara atəş açmağa çağırması haqda yeni detallar göstərilib. "Sadəcə güllələyin", –iddia olunur ki, Tramp Oval kabinetdə dəfələrlə bu cümləni səsləndirib.

Bender əlavə edir ki, Birləşmiş qərargah sədrlərinin rəhbəri Mark Milli və ozamankı Baş prokuror Bill Barr müqavimət göstərəndə Tramp, az da olsa, tonunu aşağı salırdı.

"Yaxşı, onda ayaqlarından vurun, ya da, bəlkə, pəncələrindən. Ancaq onlara qarşı sərt olun!", - Tramp deyib.

"Günahlarını yumağa çalışan..."

"Rolling Stone" jurnalı isə Mark Esperi "keçmiş prezidenti ilə keçirdiyi zaman haqda memuar yazaraq günahlarını yumağa və ciblərini doldurmağa çalışan son Tramp administrasiyası rəsmisi" adlandırır.

Esper yazır ki, 2020-ci ilin iyununda Trampın o tapşırığı verdiyi həmin an "sürreal" idi. Ancaq jurnal qeyd edir ki, bu o qədər də sürreal görünməməli idi. Çünki Trampın hələ 2019-cu ildə ABŞ-Meksika sərhədini keçməyə çalışan mühacirlərə atəş açmaq haqda fantaziyalarını da dilə gətirdiyi deyilirdi: "Bunu isə Esper Trampın müdafiə naziri olmağa razılıq verməmişdən əvvəl yaxşı bilməli idi".

Üsyan aktı

Ancaq son nəticədə Esperin uzaqlaşdırılmasına yol açan da Trampın "Black Lives Matter" etirazçılarına qarşı hərəkətləri olub. Trampın etirazçıların güllələnməsini istədiyini dediyi ay Esper ictimaiyyət qarşısında "Üsyan aktı"nın (Insurrection Act) işə salınmasına qarşı olduğunu bəyan edib.

1807-ci ildə qəbul olunmuş "Üsyan aktı"nın tətbiqi Trampa etirazçıları dağıtmaq üçün hərbi qüvvələri cəlb etmək imkanı verəcəkdi. Bundan az öncə Tramp yerli hökumətlərin daha sərt tədbir görməyəcəyi halda, məhz bu addımı atacağı ilə hədələmişdi.

Tramp Esperi onunla razılaşmadığı üçün qovacağı ilə hədələmiş, noyabrda bu hədəsini reallaşdırmışdı.

"Vanity Fair" saytında dərc edilmiş bir yazıda Trampın özü ilə razılaşmayan insanları sevmədiyi deyilir və hələ 2016-cı il seçki kampaniyası zamanı bir etirazçı haqda "onun sifətinə yumruq vurmaq istərdim" deməsi xatırladılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG