Keçid linkləri

2026, 11 Aprel, şənbə, Bakı vaxtı 02:47

Ukrayna kəşfiyyatı rəisinin arvadının zəhərləndiyi xəbər verilir

Marianna Budanova
Marianna Budanova

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanovun arvadı Marianna Budanovanın ağır metallarla zəhərləndiyi xəbər verilir.

Ukraynanın Babel saytı Baş Kəşfiyyat İdarəsindəki mənbəyə istinadla yazır ki, bu metallardan hərbidə və ya məişətdə istifadə olunmur.

Saytın yazdığına görə Marianna Budanova hazırda Kiyev xəstəxanalarından birindədir. Mənbə bildirib ki, onu xəstəxanaya səhhəti uzun müddət ərzində pisləşdikdən sonra gətiriblər.

Mənbə bunu da bildirib ki, hazırda müalicə kursu başa çatır, daha sonra isə Budanova həkim nəzarətində saxlanacaq.

RBK Ukraina agentliyinin məlumatında deyilir ki, Budanovanın bir dəfə zəhərləndiyi və ya zəhərlənmənin uzun müddətdə hissə-hissə həyata keçirildiyi məlum deyil.

Jurnalistlər vurğulayırlar ki, bu işə qətlə qəsd kimi baxılır.

Başqa kəşfiyyat əməkdaşlarının da zəhərləndiyi deyilir

Bu da xəbər verilir ki, Baş Kəşfiyyat İdarəsinin başqa əməkdaşlarında da zəhərlənmə qeydə alınıb.

“Ukrainskaya pravda” qəzeti yazır ki, Budanovun xanımı çəlimsiz və arıq olduğundan onun zəhərlənməsi daha tez aşkar olunub. Əməkdaşlara gəlincə isə onların əksəriyyəti cüssəli adamlardır və zəhərlənməni dərhal hiss etməyiblər. Həmin əməkdaşlar da hazırda müalicə olunurlar.

Bu məlumat rəsmən təsdiqlənməyib.

Bundan əvvəl Kirill Budanov AzadlıqRadiosuna müsahibəsində demişdi ki, xanımı idarədə işləməsə də onun iş kabinetində yaşayır. O 2021-ci ilin iyunundan Kiyev meri Vitali Kliçkonun müşaviridir.

10-dan çox sui-qəsd cəhdi

Media xəbərlərində qeyd olunur ki, Kirill Budanovun həyatına 2014-cü ildən bəri 10 dəfədən çox sui-qəsd cəhdi olub.

Bu sui-qəsd cəhdlərindən biri Rusiyanın Ukraynaya müdaxiləsinin başlanğıcında edilib. Rusiya Ukrayna Baş Kəşfiyyat İdarəsinin Kiyevdəki binasına raket zərbəsi endirib.

2022-ci ilin yayında Ukrayna Milli Təhlükəsizlik Xidməti – SBU Rusiya Baş Kəşfiyyat İdarəsi (GRU) diversiya-kəşfiyyat qrupunun iki üzvünün saxlandığını bildirmişdi.

O vaxt xəbər verilirdi ki, bu dəstə ovaxtkı müdafiə naziri Aleksey Reznikovu, Kirill Budanovu və bir ukraynalı fəalı qətlə yetirməli idi.

XS
SM
MD
LG