Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 06:44

Ukraynadakı mediaya parlament məhdudiyyətləri jurnalistləri, yoxsa hökuməti qoruyur?


Ali Rada
Ali Rada

Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamağa hazırlaşan Ukrayna bu birliyin təməl dəyərlərindən sayılan söz azadlığına dair köklü debatla üz-üzədir. "Rusiyanın tammiqyaslı müdaxiləsi akkreditasiyadan keçən jurnalistlərin parlamentin içərisindən xəbər hazırlamasına qoyulan məhdudiyyətlərə haqq qazandırırmı" sualına cavab aranır.

Güvənlik risklərini əsas gətirən hökumətyönlü millət vəkilləri məhdudiyyətlərə haqq qazandırır. Parlamentin bəzi müxalif üzvlərinə görə isə, bu qadağalar ictimaiyyətin qanun layihələrini yaxından izləməsini məhdudlaşdırmaq məqsədi güdür.

Akkreditasiyalı jurnalistlərin binaya daxil olması təhlükəli sayılır

Savaşın başlanmasından və prezident Zelenskinin hərbi vəziyyət elan etməsindən ilyarım vaxt keçib. AzadlıqRadiosunun müxbiri Serhiy Ansryuşkonun məqaləsində deyilir ki, indi Kiyevə hava hücumları öncəki kimi tez-tez baş vermir.

Millət vəkilləri də, media çalışanları da daim parlamentə işə getsələr də, akkreditasiyadan keçən jurnalistlərin binaya daxil olması təhlükəli sayılır.

Ötən ilin sentyabrından bəri yalnız parlamentin işini işıqlandıran "Rada TV" adlı dövlət kanalı Ali Radanın plenar sessiyalarını yayımlaya bilir. Yayımlar güvənlik məsələlərinə görə bir neçə saat gecikmə ilə baş verir. Akkreditasiya olunmuş başqa jurnalistlər parlamentin həndəvərinə də buraxılmır.

Kiyevdə hava hücumu xəbərdarlığı zamanı insanlar metro stansiyasına sığınırlar.
Kiyevdə hava hücumu xəbərdarlığı zamanı insanlar metro stansiyasına sığınırlar.

Zelenskinin ötən il fevralın 24-də elan etdiyi hərbi vəziyyət bu yaxınlarda gələn il fevralın 14-dək uzadılıb. Bu da güvənlik amacı ilə tətbiq edilən qadağaların uzadılması deməkdir.

İki ilə yaxın sürən bu qadağanın Ukrayna parlamentinin saytında açıqlaması verilməsə də, "tez-tez verilən suallar" bölməsində 2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan qadağaların açıqlaması diqqətə yetirilir. O da düzdür ki, pandemiya ilə bağlı fövqəladə durum iyulun 1-də ləğv edilib.

SBU-nun keçmiş rəhbəri jurnalistlərin parlamentə buraxılmaması ilə bağlı güvənlik arqumentini anlamadığını deyir

Ancaq oktyabr ayında AzadlıqRadiosunun Ukrayna xidmətinə aid "Sxemı" araşdırma layihəsinin jurnalisti Maksım Şevçuk hökumət binalarının yasaqlanmış məhəlləsindən keçərək parlament yaxınlığındakı müsahibəyə gedərkən heç bir güvənlik əməkdaşı onu saxlamayıb.

Parlamentin güvənliyini saxlayan əsas qurum olan Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş rəhbəri jurnalistlərin parlamentə buraxılmaması ilə bağlı güvənlik arqumentini anlamadığını deyir.

Valentin Nalivayçenko
Valentin Nalivayçenko

2006-2010-cu illərdə prezident Viktor Yuşşenkonun dövründə, daha sonra 2014-2015-ci illərdə SBU-ya rəhbərlik edən, hazırda müxalifətçi deputat Valentin Nalivayçenko deyir ki, Rusiyanın hava hücumu baş verərsə, jurnalistlər də "mən, yaxud hər hansı başqa deputatla eyni güvənlik qaydalarına tabedir". O əlavə edib ki, bu halda jurnalistlərin də hava hücumundan qorunmaq üçün nəzərdə tutulan sığınacaqlara çıxışı olacaq.

Parlamentin Avropaya İnteqrasiya Komitəsinin üzvü olan Nalivayçenkonun fikrincə, medianın parlamentə çıxışının məhdudlaşdırılması Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarını əngəlləyə bilər, axı "Mass mediaya və informasiyaya çıxış, söz azadlığı birliyə qoşulmaq üçün başlıca tələblərdən biridir".

"Əsasən, mövcud ehtiyaclar çərçivəsində saxlanılıb"

Avropa Komissiyası noyabrın 8-də dərc etdiyi hesabatında Ukrayna ilə üzvlük danışıqlarına başlamağı tövsiyə edib. Hesabatda bildirilir ki, hərbi vəziyyət "hüquq və azadlıqlarla bağlı bəzi məhdudiyyətlərə yol açıb, …ancaq bu vaxtadək onlar, əsasən, mövcud ehtiyaclar çərçivəsində saxlanılıb və ehtiyatla tətbiq edilib". Hesabatda medianın parlamentə çıxışının məhdudlaşdırılması tənqid edilməyib.

Ukraynada televiziya kanallarının müxtəlifliyinin az olması ilə bağlı narahatlığı Avropa İttifaqı da dilə gətirib. Zelenski administrasiyası bu tənqidə cavab verməyib.

Müxalifətçi millət vəkili, "Avropa ilə Həmrəylik" fraksiyasının üzvü Mixaylo Bondar deyir ki, "Rada TV" çox vaxt parlament sessiyalarını gecə vaxtı yayımlayır ki, "insanlar yatmağa getsin və parlamentin içərisində olanları izləməsin".

XS
SM
MD
LG