Britaniya polisi mayın 22-də gecə Mançesterin Arena konsert-idman kompleksində partlayışı törədənin adının Salman Abedi olduğunu açıqlayıb. Onun partlayış zamanı öldüyü məlumdur.
Polis bunu da xəbər verib ki, hadisə ilə əlaqədar daha bir nəfər həbs edilib. Özünü İslam Dövləti adlandıran təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürsə də, ABŞ rəsmiləri bu faktın hələlik təsdiqlənmədiyini bildirirlər.
Britaniyanın baş naziri Theresa May deyib ki, partlayışın bir nəfər tərəfindən, əvvəlcədən düşünülmüş plan üzrə, çıxışlardan birinin yanında törədildiyi artıq bəllidir.
O əlavə edib ki, polis hazırda partlayışı törədənin hər hansı ekstremist şəbəkəyə bağlı olub-olmadığını və onun mümkün əlaqələrini araşdırır.
Mançester polisinin məlumatında deyilir ki, Abedi 22 yaşlında olub. Hələlik onun barəsində başqa təfərrüatlar açıqlanmır.
“The Daily Telegraph” qəzetinin verdiyi məlumata görə Abedi 1994-cü ildə Mançesterdə doğulub, lakin onun valideynləri əslən Liviyadandırlar və Müəmmər Qəzzafinin rejimindən qaçaraq İngiltərəyə pənah gətiriblər.
Terror aktı nəticəsində 22 nəfər həlak olub.