Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:09

Trump-ın keçmiş kampaniya başçısına daha 43 ay iş kəsildi


Paul Manafort
Paul Manafort

ABŞ prezidenti Donald Trump-ın keçmiş kampaniya başçısı Paul Manafort-a daha 43 ay həbsxana cəzası kəsilib.

Bu hökm bir vaxtlar nüfuzlu Vaşinqton lobbiçisi sayılan Manafortun Ukrayna siyasətçiləri ilə işbirliyindən qaynaqlanan ittihamlarla azadlıqdan məhrumedilmə cəzasını ümumilikdə 7 il yarıma çatdırıb.

Martın 13-də Vaşinqton federal məhkəməsində bu hökmün oxunmasından heç 30 dəqiqə də keçmədən Nyu Yorkun ən yüksək vəzifəli prokurorlarından biri Manaforta qarşı ipoteka fırıldağı və başqa əlaqəli cinayətlərə görə onlarca yeni ittiham irəli sürüb.

Vaşinqton məhkəməsində hakim Amy Berman Jackson tərəfindən oxunan hökm, Manaforta qarşı Ukraynanın rusiyayönlü siyasətçiləri ilə işbirliyindən qaynaqlanan ittihamlar üzrə iki ayrı-ayrı məhkəmə prosesinin kulminasiyası olub.

Bu, 2016-cı il ABŞ seçkisinə Rusiyanın iddia olunan müdaxiləsini və Trump-ın adamları ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməni araşdıran xüsusi prokuror Robert Mueller-in irəli sürdüyü ittihamlar üzrə ilk məhkəmələrdir.

Həm Jackson, həm də bundan əvvəlki işə baxan hakim dəfələrlə bəyan ediblər ki, Manafortun mühakiməsi Rusiya rəsmiləri ilə sövdələşmə qəsdinə dair iddialarla bağlı deyil.

Hökmdən əvvəl son sözündə məhkəməyə əlil arabasında gələn 69 yaşlı Manafort deyib:

"Etdiklərimə və bizi bura gətirən bütün fəaliyyətlərə görə üzr istəyirəm. Bu iş artıq nəyim vardısa əlimdən alıb”.

Manaforta qarşı işlərdən biri onun Ukraynanın rusyayönlü Regionlar Partiyası üçün gördüyü işlərlə bağlıdır. Onun qismən qüdrətli oliqarxlar tərəfindıən maliyyələşdirilən fəaliyyəti Viktor Yanukovych-in siyasi karyerasını dirçəltməyə və onu 2010-cu ildə prezident kürsüsünə gətirməyə yönəlmişdi.

Lakin 2014-cü ildə Yanukovych kütləvi küçə etirazları nəticəsində devrildikdən sonra Manafortun gəlir mənbələri qurumuşdu və buna görə də o, prokurorların dediyinə görə ipoteka və kredit alınması üçün ərazilərində yalana əl atmışdı.

İkinci ittiham Manafortun Rusiya əməliyyatçısı ilə birlikdə şahid ifadələrinə təsir göstərmək cəhdi ilə bağlıdır.

Adı Konstantin Kilimnik kimi açıqlanan bu əməliyyatçı ABŞ prokurorlarının qənaətinə görə Rusiya kəşfiyyat xidmətlərinin adamıdır. Onun hazırda Moskvada olduğu və nə vaxtsa ABŞ-da məhkəmə qarşısına çıxarıla bilməyəcəyi söylənir.

İşi aparan prokuror Andrew Weissman məhkəmədə deyib ki, Manafort "Amerikanın vicdanlılıq, şəffaflıq və qanuna riayət dəyərlərinə yox, bu dəyərləri sarsıtmağa xidmət edib”.

Bundan əvvəl martın 7-də Virciniya ştatında keçirilən mühakimədə dar çərçivədə vergi və bank fırıldağı ittihamlarına baxılırdı.

Bu məhkəmədə çıxarılmış 47 ay hökmü demokratlar arasında hiddət doğurmuşdu. Onlar hakimi Manaforta münasibətdə həddən artıq yumşaq olmaqda günahlandırırdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG