Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Manafort 47 aylıq həbsə məhkum edilib


Paul Manafort
Paul Manafort

ABŞ Prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort 47 aylıq həbsə məhkum edilib. O, ötən avqustda bank və vergi fırıldağında təqsirli bilinmişdi, amma cəza prokurorların istədiyindən xeyli azdır.

Qərarı martın 7-də hakim T.S. Ellis çıxarıb.

Manafort ukraynalı siyasətçilər üçün məşvərət işi hesabına karyera qurub, daha sonra Trump-ın seçki kampaniyasının rəhbəri olub.

Bu iş xüsusi prokuror Robert Muellerin apardığı Rusiya istintaqı çərçivəsində üzə çıxıb. Mueller 2016-cı ildə ABŞ-da prezident seçkisinə Rusiyanın müdaxiləsini, rusiyalı rəsmilərlə Trump-ın seçki kampaniyasının mümkün əlbirliyini araşdırır.

Amma məhkəmənin hökmü Rusiyanın seçkiyə iddia olunan müdaxiləsiylə bağlı deyil. Cəza Manafortun rusiyapərəst ukraynalı siyasətçilər üçün işlərkən milyonlarla dolları gizlətməsi, vergi ödəməməsiylə bağlıdır. Onun bu məqsədlə 30-dan artıq bank hesabından, saxta şirkətdən istifadə etdiyi bildirilir.

Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

MANAFORT ÜZR İSTƏMƏYİB

“O bu gün burada özünün, yaxud prezidentin seçki kampaniyasının Rusiya hökumətilə əlbir olaraq seçkiyə müdaxiləsi iddialarına görə dayanmayıb”, – hakim deyib.

Hakim hökmü elan etməzdən öncə, yaşıl rəngli həbsxana geyimində əlil arabasında əyləşmiş Manafort deyib: “Mənim alçaldığımı və rüsvay edildiyimi demək çox kiçik bəyanat olardı”.

“Son iki il mənim və ailəmin həyatında ən çətin keçib”, – deyən Manafort üzr istəməyib və hakim Ellis bunu qeyd edib.

“Sizin bu yanlış davranışa görə üzrxahlığınızı eşitməməyim məni təəccübləndirir”, – o vurğulayıb.

Prokurorlar ona 19,5-24 il cəza istəmişdi, amma Ellis belə bir müddəti “aşırı” adlandıraraq daha xeyli qısa cəza kəsib.

Hökmə görə, Manafort 50 min dollar cərimə, 25 milyon dollarlıq ziyan ödəməlidir.

Manafort təxminən 10 il Ukraynada Regionlar Partiyası üçün çalışıb. Bu partiyanın əsas namizədi Viktor Yanukovych olub. O, 2014-cü ildə hakimiyyətdən devrilib, Rusiyaya sığınıb.

Gələn həftə Manaforta daha bir hökm çıxarılmalıdır. Bu dəfə o, Ukrayna üçün qeydiyyatsız agent kimi çalışmaqda, çirkli pulyumada və şahidlərin əngəllənməsində təqsirli bilinib. Bu ittihamların hər biri üzrə maksimum 5 ilədək cəza nəzərdə tutulub.

Rusiya və Trump seçki kampaniyası zamanı hər hansı əlbirlik barədə iddiaları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG