Madaqaskarın prezidenti Andri Racuelina ölkəsini tərk edib. "Reuters" xəbəri müxalifət lideri, hərbi mənbə və xarici diplomata istinadla yayıb. Son bir ayda ikinci dəfədir "Z" nəslinin etirazları hakimiyyətin devrilməsi ilə nəticələnir.
Parlamentdə müxalifətin lideri Sitenı Randrianasoloniayko "Reuters"ə deyib ki, ordunun bir hissəsi etirazçılara qoşulduqdan sonra prezident bazar günü Madaqaskarı tərk edib.
"Onun ölkəni tərk etdiyini prezident aparatının əməkdaşlarına zəng edərək təsdiqlədik", – deyən müxalifətçi prezident Racuelinanın yerinin bəlli olmadığını əlavə edib.
Prezident idarəsi də məsələni şərh etməyib.
Racuelina oktyabrın 13-də gecə Facebook-da yayımlanan çıxışında bildirib ki, həyatını qorumaq üçün təhlükəsiz yerə getməli olub. O, harada olduğunu açıqlamayıb, amma "Madaqaskarın məhvinə icazə verməyəcəm" sözlərini də əlavə edib.
Diplomatik mənbə çıxışdan sonra Racuelinanın istefa verməkdən imtina etdiyini söyləyib.
Fransanın keçmiş müstəmləkəsi olan Madaqaskarın prezidenti ölkəni Fransa hərbi təyyarəsində tərk edib. Fransanın RFI radiosu onun Fransa prezidenti Emmanuel Makronla razılaşdığını bildirib.
Misirdə sülh sammitindən sonra danışan Makron isə ölkəsinin Racuelinaya ölkədən qaçmağa kömək etməsi haqda məlumatları təsdiqləyə bilməyəcəyini deyib. Onu da əlavə edib ki, Madaqaskarda konstitusion nizam qorunmalıdır, Fransa ölkə gənclərinin şikayətlərini anlayır, amma hərbi fraksiyalar onlardan istifadə etməməlidir.
Ölkədə su və elektrik çatışmazlığına qarşı nümayişlər sentyabrda başlayıb, sonradan korrupsiya, pis idarəçilik kimi daha böyük problemlərə yönəlib.
Ötən ay Nepalda gənclərin etirazları baş nazirin istefası ilə nəticələnib. Sentyabrın sonunda Mərakeşdə də nümayişlər başlanıb.