Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Məcburi köçkünlər: 'Baş nazir, bizi qəbul et!'


Prezident Administrasiyasına bu dəfə müəllimlər toplaşdı
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

Prezident Administrasiyasına bu dəfə müəllimlər toplaşdı. Arxiv video (2012)

Bu gün, iyunun 5-də vaxtilə büdcə təşkilatlarında çalışdıqlarını bildirən bir qrup məcburi köçkün Nazirlər Kabinetinin qarşısına toplaşıb. Onlar dondurulmuş əmək haqlarının ödənilməməsinə etiraz etdiklərini bildiriblər.

«Bizi aldatdılar. İlyarımdır ki, əmək haqlarımızı vermirlər. Bir neçə dəfə bizə burda (Nazirlər Kabineti) söz verdilər ki, əmək haqlarınız veriləcək. İş yeri də veriləcəyinə söz verirdilər, ancaq əməl etmədilər, aldatdılar», - özünü Əsmər kimi təqdim edən aksiya iştirakçısı belə deyib.

İştirakçılar bildiriblər ki, köçkün düşdükdən bu yana onlara itirdikləri iş yerlərinə görə orta aylıq əməkhaqqı həcmində ödənişlər edilib. Ancaq demələrinə görə, ötən ildən həmin ödənişlər dondurulub.

«Bizim yeganə alacağımız həmin vəsaitdir. 25 ildir, «problemlər həll ediləcək, torpağınıza qayıdacaqsınız», deyirlər. Başımızın altına yastıq qoyurlar. İndi bizi bu cüzi vəsaitdən də məhrum ediblər. Deyirlər ki, 25 il keçib, status vaxtımız bitib», - iştirakçılar bildiriblər.

***Buna da bax-Hadı Rəcəbli: 'Məcburi köçkünlər pəncərəni açıq qoyurdular...'

Köçkünlər vurğulayıblar ki, onları aidiyyəti olmayan məmurlar qəbul edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, başqa qurumlara yönləndirirlər.

Məcburi köçkünlərin toplantısı iki saata qədər davam edib. «Baş nazir, bizi qəbul et!» şüarı səsləndirən məcburi köçkünləri rəsmilər qəbul etməyiblər.

Məcburi köçkünlərin bu şikayətinə Nazirlər Kabinetindən münasibət öyrənmək mümkün olmayıb.

Komitənin izahatı

Son iki ildə köçkünlər bu məsələ ilə bağlı bir neçə dəfə aksiya keçiriblər. Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti hələ ötən il noyabrın 22-si işlə təmin edilməyən məcburi köçkünlərə orta əmək haqlarının verilməsinin dayandırılmasına münasibət bildirib.

Komitə vurğulayıb ki, Nazirlər Kabineti 1994-cü il mayın 10-da «Büdcədən maliyyələşdirilən təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında» qərar verib. Həmin qərarın 2-ci bəndində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işsiz qalan məcburi köçkünlərə 1994-cü il sentyabrın 1-nə kimi əməkhaqqı verib.

***Buna da bax-Şikayətə gələn köçkün: 'Maşında gecələyirəm'

«Sonrakı illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılıb. Beləliklə, belə məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqı 1 yanvar 2017-ci il tarixədək verilib. Cari ildə də Komitə həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparıb. Lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib. Odur ki, 2017-ci il 1 yanvar tarixindən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqının verilməsi dayandırılıb», -açıqlamada qeyd edilirdi.

Çəkiliş aparan fəalın saxlandığı bildirilir

Polislərin məcburi köçkünlərin aksiyasından çəkiliş aparılmasına imkan vermədiyi bildirilir. Çəkiliş aparan gənc fəal Fatimə Mövlamlının isə saxlandığı deyilir

F.Mövlamlı «Turan» agentliyinə açıqlamasında bildirib ki, polis əməkdaşları onu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıblar.

«Mən çəkiliş aparırdım. Əraziyə gələn polis əməkdaşları çəkilişin qanunsuz olduğunu bildirdilər. Məni bölməyə apardılar. Orda telefonumdakı, kameradakı bütün çəkilişlərimi sildilər», - deyən F.Mövlamlı ardından sərbəst buraxıldığını açıqlayıb.

Ancaq onun dediklərinə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG