Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:55

Şikayətə gələn köçkün: 'Maşında gecələyirəm'


Şikayətə gələn köçkünlər
Şikayətə gələn köçkünlər

Bu gün, mayın 15-də bir qrup məcburi köçkün Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşıblar.

Müxtəlif bölgələrdən olan bu insanların bəziləri evsizlikdən, bəziləri «çörəkpulu»nun kəsilməsinə, bəziləri isə müavinətlərin dondurulması məsələlərindən şikayətləniblər.

Onların bildirməsinə görə, qəbul ayda bir dəfə, ayın 15-də olduğundan komitə önünə toplaşıblar.

«Əvvəlcə növbəliliyi təmin etmək üçün siyahı hazırladılar, sonra həmin siyahını bir yana atdılar ki, qaçqın kartları ilə gəlin. Ona görə də burada qarışıqlıq düşdü», - köçkünlərdən biri deyir.

Köçkünlər, eyni zamanda, bildiriblər ki, komitə onlara laqeyd münasibət göstərir və problemlərinə başdansovdu yanaşırlar.

«Verilən cavablar eyni məzmunda və başdansovdudur. Bax, əlimdə 10-a yaxın məktub var, hamısı da qısa və eyni cümlələrdən ibarətdir. Nə olsun, cavab verirlər, problem həllini tapmır. Bizim məqsədimiz məktub yazmaq deyil axı, məktubda qaldırılan problemin həllinə nail olmaqdır», - başqa bir köçkün deyir.

Şikayətə gələn köçkünlər
Şikayətə gələn köçkünlər

Onlardan biri də vurğulayır ki, dörd uşaqla yataqxanada 12-kvadratmetrlik otaqda yaşayır. Onun deməsinə görə, neçə illərdir bu barədə müraciətlər etsə də, problemi həll edilmir.

Başqa bir köçkün isə maşında gecələdiyindən, evsiz qalmasından şikayətlənir. O deyir ki, Almaniyada əməliyyat olunub, indi «çörəkpulu»nu kəsiblər.

Köçkünlərin deməsinə görə, onlara 22 manat «çörəkpulu» nəzərdə tutulur. Üstəlik, kommunal xidmətlərə görə 36 manat ayrılıb. Bu il bu məbləğ 10 faiz artıb, 40 manata yaxınlaşıb.

Mətbuat xidməti: Qəbul ayda bir dəfə yox, dörd dəfə olacaq

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev köçkünlərin qarşısına çıxaraq onların şikayətlərini dinləyib.

İ.Mirzəyev vurğulayıb ki, heç zaman komitə köçkünlərə laqeyd yanaşmayıb, sadəcə hamını qəbul etməyə vaxt çatmır.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bu vəziyyət aradan qaldırılacaq. «Daha qəbul ayda bir dəfə yox, ayda dörd dəfə olacaq», - mətbuat xidmətinin rəhbəri komitə önünə toplaşanlara bildirib.

Komitə önündə «kimin növbəsidir» çəkişməsi isə hələ də davam edir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG