Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Müsavatçı gənc təcridxanada əməkdaşlıq təklifi aldığını deyir


E.Quliyev
E.Quliyev

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev təcridxanada təhlükəsizlik orqanından əməkdaşlıq təklifi aldığını deyir. Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Şikayət E.Quliyevin 30 sutka inzibati həbsi barədə Nəsimi Rayon Məhkəməsinin iyulun 29-da verdiyi qərardandır. Həmin gün E.Quliyev şəhərin mərkəzində - Qış Parkı ərazisində bir neçə ictimai-siyasi fəalla birlikdə etiraz aksiyası keçirib. Aksiyada həbsdə olan müsavatçı fəal Azad Həsənova azadlıq tələb olunub.

«Saxlandığım təcridxanaya özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polkovniki kimi təqdim edən bir nəfər gəlmişdi. Əvvəl əməkdaşlıq təklif elədi, razılaşmadım. Onda hədələməyə başladı. Dedi ki, inzibati həbsim bitəndən sonra haqqımda cinayət işi başlanacaq, uzunmüddətli həbsə göndəriləcəyəm», – Quliyevin apellyasiya şikayətindəndir.

Vəkillə təmin olunmadığını deyir

E.Quliyev apellyasiya məhkəməsində çıxış edərkən haqqındakı həbs qərarının qanunsuz və əsassız olduğunu bildirib. Deyib ki, Nəsimi rayonu, 21-ci polis bölməsində saxlanılarkən müdafiə hüququ pozulub, vəkillə təmin olunmayıb. Onun sözlərinə görə, bu pozuntu məhkəmədə də davam edib - hakim qarşısına vəkilsiz çıxarılıb: «Mənə dövlət hesabına vəkil təklif elədilər, razılaşmadım. Öz seçdiyim vəkilin çağrılmasını istədim. Məhkəmə vaxtı bunu təmin eləmədilər».

E.Quliyev həmçinin, Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada hədələnməsi barədə də danışıb.

Vəkili Osman Kazımov məhkəmədən aksiya ilə bağlı videogörüntülərə baxılması barədə vəsatət qaldırıb: «Videoda görünür ki, Elman Quliyev və digər şəxslər qanun pozuntusuna yol vermir. Əksinə, polis əməkdaşları kobud davranır, söyüş söyür».

Hakim Faiq Qasımov videogörüntü ilə bağlı vəsatəti də, ümumiyyətlə, apellyasiya şikayətini də təmin etməyib.

O.Kazımov AzadlıqRadiosuna bildirib ki, bu işlə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək: «Eyni zamanda, Elman Quliyevin təhlükəsizliyinin təmin olunması üçün lazımi orqanlara məktub göndərəcəyik. Təcridxanaya onun yanına kənar şəxslər buraxılmasın».

2014-cü ildən Litvada mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrında ağır xəstə olan atasını görmək məqsədilə Bakıya gələndən sonra saxlanıb. Ona narkotik maddə əldəetmə, daşıma, saxlama ittihamı irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. A.Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG