Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

Musavatçı gəncə 30 sutka verilib


Aksiya

İyulun 29-da həbsdə olan Müsavat Partiyasının üzvü Azad Həsənovun azadlığa buraxılması tələbi ilə keçirilən aksiya zamanı saxlanan Elman Quliyevə 30 stka inzibati həbs cəzası verilib.

O, İnzibati Xətalar Məcəlləsinin ( İXM) 535.1 maddəsi ilə (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) günahlandırılıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Osman Kazımovun sözlərinə görə, E. Quliyevin müdafiə hüquqları pozulub:

“Nəsimi Rayon Məhkəməsinə aparılarkən onunla əlaqə saxladıq və məhkəmədə onun müdafiəsinə qoşulmamı istədi”.

Osman Kazımovun sözlərinə görə, lakin günün sonu olduğuna görə o, E.Quliyevin müdafiəsinə dair müqavilə bağlaya bilməyib:

“Belə olan halda məhkəmə prosesi təxirə salınmalı idi və inzibati xətanın törədilməsində şübhəli bilinən şəxsə imkan yaradılmalı idi ki, o istədiyi vəkillə müqavilə bağlasın. Lakin məhkəmə bu imkanı ona yaratmadı və bununla müdafiə hüququnu pozdu”.

E.Quliyevin prosesdə ittihamı qəbul etmədiyi bildirilir.

Vəkilin açıqlamasına, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Elman Quliyev məhkəməyə aparılıb

İyulun 29-da «Qış Parkı» adlanan ərazidə keçirilən aksiyada saxlananlardan bir nəfərdən başqa, hamısının buraxıldığı bildirilir. Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyevin isə Nəsimi Rayon Məhkəməsinə aparıldığı deyilir. Bu partiyadan verilən məlumata görə, gənc qanunsuz aksiyanın təşkilində günahlandırılır.

Aksiya ilə bağlı Daxili İşlər Nazirliyindən, hələlik, hər hansı açıqlama almaq mümkün olmayıb.

E.Quliyev
E.Quliyev

Aksiyada saxlananlardan bəzisi buraxılıb

«Azad Həsənovla bağlı Qış Parkı ərazisində keçirilmiş aksiyada saxlananların hamısı buraxılmayıb».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, aksiyada iştirak edənlər Nəsimi Rayon Polis İdarəsinin 21 saylı Polis Bölməsinə aparılıblar: «Aksiyanı işıqlandıran reportyorlardan saxlananlar polis bölməsindən sərbəst buraxılıblar. 6 nəfər aksiya iştirakçısı isə hələ də orada saxlanır».

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb. Ancaq DİN, bir qayda olaraq, bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyalara icazə vermir.

+++

Bu gün, iyulun 29-da Bakıda «Qış Parkı» deyilən ərazidə Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənova azadlıq tələbi ilə aksiya keçirilib. 10 nəfərə yaxın aksiya iştirakçısı əllərində A.Həsənovun şəkillərini tutaraq, «Azad Həsənova azadlıq!», «Siyasi məhbuslara azadlıq!» və «İstefa» şüarları səsləndiriblər.

Şüarların səslənməsindən təxminən 10 dəqiqədən sonra əraziyə cəlb edilən polis qüvvələri aksiya iştirakçılarının əlindən şəkilləri alaraq, onları dağıdıblar.

Müsavat Partiyasının Gənclər Komitəsinin sədri Elman Quliyevin, partiyanın üzvlərindən Əlikram Xurşudovun, Tahir Axundovun və daha bir neçə şəxsin saxlanaraq, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparıldıqları bildirilir.

21-ci Polis Bölməsindən «Turan» agentliyinə isə bu məsələ ilə bağlı məlumatları olmadığını bildiriblər. Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. A.Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib. Üstəlik, iyulun 22-də o, məhkəmənin əsassız uzadıldığını bildirərək, aclıq aksiyasına başladığını bəyan edib. Penitensiar Xidmətdən isə onun aclıq aksiyası keçirməsini təkzib ediblər.

Azərbaycan rəsmiləri, bir qayda olaraq, ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər. Onların fikrincə, siyasi məhbus sayılan şəxslər də konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG