Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:10

Azad Həsənovun sanitar hissəyə köçürüldüyü deyilir


Azad Həsənov

Bakı İstintaq Təcridxanasında saxlanan Müsavat Partiyasının üzvü Azad Həsənov-un bu gün, iyulun 27-də yaxınlarına zəng vurduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Müstafa Hacıbəyli əlavə edib ki,A. Həsənov istintaq təcridxanasının sanitar hissəsinə köçürülüb.

M.Hacıbəylinin sözlərinə görə, o vurğulayıb ki, aclıq aksiyasını davam etmək niyyətindədir:

“Azad artıq 6 gündür aclıq edir. Ona görə də vəziyyəti pisləşib və həkimin müayinəsindən sonra bu gün, iyulun 27-də sanitar hissəsinə köçürülüb”.

M. Hacıbəyli deyib ki, A. Həsənovun bildirməsinə görə, saxlandığı müəssisəsinin rəhbərliyi aclıq aksiyasını dayandırmasından ötrü ona təzyiq edir.

Amma, hələlik, bu deyilənləri rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

“ Turan” Agentliyi-nin məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bu məsələ ilə bağlı dəqiqləşdirmə aparandan sonra onlara məlumat verəcəyini bildirib.Amma agentliyin xəbərində qeyd edildiyinə görə, sonradan onunla əlaqə saxlamaq cəhdləri nəticə verməyib.

İki gün əvvəl iyulun 25-də isə Mehman Sadıqov “Turan” Agentliyinə Azad Həsənovun aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib etmişdi.

"Hal-hazırda məhbuslardan heç kəs aclıq aksiyası keçirmir", deyə o vurğulamışdı.

Azad Həsənov aclıq aksiyasını cinayət işi üzrə məhkəmə prosesinin süni uzadıldığını bildirərək elan edib.

Onun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib.

Son məhkəmə proseslərində bildirilib ki, sorğuya cavab gəlməyib və beləcə, proses təxirə salınıb.

İyulun 22-də də hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən, hələ də cavab ala bilməyiblər.

Elə həmin iclasda da Azad Həsənov aclıq aksiyasına başlayacağnı elan etmişdi.

Vəkil O. Kazımovun sözlərinə görə, iyulun 25-də Azad Həsənovla görüşüb, müdafiə etdiyi şəxs ona aksiyanı davam etdirdiyini söyləyib.

Bütün bu deyilənlərə Daxili İşlər Nazirliyindən də, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Azad Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə, həbs olunmasına dair iddiaları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG