Avropa Parlamentinin 5 üzvü Belarus prezidenti Alyaksandr Lukasenkan-ın Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə Brüsseldə keçirilən şam yeməyinə dəvət edilməsi barədə izahat tələb edib.
Ötən ay Avropa İttifaqının bir neçə rəsmisi AzadlıqRadiosuna mayın 13-də keçiriləcək tədbirə Şərq Tərəfdaşlığının başqa üzvləri – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna liderləri ilə yanaşı Lukashenka-nın da dəvət olunduğunu demişdilər.
AzadlıqRadiosuna adlarının çəkilməməsi şərtilə danışan rəsmilər bunu da demişdilər ki, Lukashenka-nın bu dəvətə cavab verib-vermədiyi bilinmir və onun bu məclisdə iştirakı gözlənilmir.
Lakin parlamentin britaniyalı üzvü Julie Ward-un təşəbbüsü ilə yazılmış məktubda Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini-dən Lukashenka-nın şam yeməyinə ümumiyyətlə hansı əsasla dəvət olunduğu soruşulur.
AzadlıqRadiosunun tanış olduğu məktubda deyilir ki, Lukasenka rejimində insan haqlarının pozmasında, ifadə azadlığının boğulmasında heç bir dəyişiklik yaranmayıb:
"Avropa və Belarus vətəndaşları, rejimin Avropa üçün məqbul sayıldığı təsəvvürünü yarada biləcək bu dəvətə görə əsaslı izahat tələb etmək haqqına malikdirlər. Bu rejimin təbiəti Avropa İttifaqının rəhbər tutduğu dəyərlərə, demokratiya və insan haqlarına hörmət prinsiplərinə ziddir”.
Hələlik Brüsseldə veriləcək şam yeməyində Belarusun rəsmən necə təmsil olunacağına dair məlumat yoxdur. Lakin gözlənilir ki, ölkəni bu tədbirdə də, 2017-ci ildə Şərq Tərəfdaşlığının Brüsseldə keçirilən sammitində iştirak etmiş xarici işlər naziri Uladzimer Makei təmsil etsin.
Yeri gəlmişkən, bu, Avropa İttifaqının yüksək səviyyəli tədbirində Lukashenka-nın iştirakına icazə verilmiş ilk sammit idi.
Son 25 ildə Lukashenka-nın hakimiyyəti altında olan Belarusu “Avropanın son diktatorluğu” adlandırırlar. Bu ölkəyə qarşı 2010-cu il prezident seçkisinin ardınca Avropa İttifaqının sanksiyaları qoyulmuşdu.
Lakin 2016-cı ildə Lukashenka-nın ölkədəki bütün siyasi məhbuslara azadlıq verməsi ilə bağlı sanksiyaların əksəriyyəti qaldırılıb.
Sanksiyaların qaldırılması ilə 170 belarusa qarşı aktivlərin dondurulması və səfər qadağanı, habelə 14 Belarus müəssisəsi üçün məhdudiyyətlər ləğv olunub.