Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:14

'Bel əlimizdə, həyətlərdə ilan öldürə-öldürə gəzirik'


Zəhərli ilan
Zəhərli ilan

“Uşağı ilan sancdı, götürüb qaçdılar rayon xəstəxanasına.... Hər il may ayı başlayandan həyət-bacada, ətrafda gözümüz dörd olur. Əsasən də uşaqlara görə narahat oluruq”.

Havalar isindikcə Lənkəranın Zövlə kəndinin sakinlərinin də narahatçılığı artır. Səbəb həyətlərdə ilanların peyda olmasıdır.

Buna da bax:​ 'Məscidin ətrafını dağıdıblar, zavod tikmək istəyirlər'

Mayın 18-də həyətdə oynayarkən 9 yaşlı Roman Sadıqovu ilan sancması kəndlilərin qorxusunu birə-beş artırıb. Kənd sakini Cəsarət Şükürov deyir, hələ apreldən kəndlilər ilan sancmalarına qarşı tədbirlərin gücləndirilməsi üçün uyğun qurumlara müraciət ediblər:

“Zövlədə bu qədər ilan olmazdı. 2-3 ildir ki, göz açmağa imkan vermirlər. Keçən il həm Zövlədə, həm də yaxın kəndlərdə nə qədər adamı ilan sancdı. Bu il də, necə deyərlər, “ilansancma mövsümünü” açıq elan etmişik. Bel əlimizdə, həyətlərdə ilan öldürə-öldürə gəzirik".

“HEÇ ADİ TƏNZİF YOXDUR, O Kİ QALDI ZƏRDAB OLA”

Kənd sakinlərini əndişələndirən əsas məsələlərdən biri də ilan sancan insanlara kənddəki tibb məntəqəsində ilkin tibbi yardım imkanlarının olmamasıdır. Kənd sakini Mirzə Kazımov deyir, yaralını kənddən rayon mərkəzinə aparmalı olurlar. Bu da yaralının durumunu daha da ağırlaşdırır:

Buna da bax:​ Leysan oldu, sinif otaqlarını su basdı

"Kəndlərdəki tibb məntəqələrində heç adi tənzif yoxdur, o ki qala, ilan sancmasına qarşı zərdab axtarasan. Yollar pis gündədir, rayon mərkəzinə çatdırınca, yaralının vəziyyəti ağırlaşır, xəstəxanaya çatanda həkimlər özümüzü tənbeh edir ki, gec gətirmisiz. Dəfələrlə müraciət etmişik ki, tibb məntəqələrinə ilansancmasına qarşı zərdablar verilsin, kənddə birini ilan sancanda başımızı itirməyək".

Bir də kənd sakinləri dərmanlama işlərinin görülməməsindən narahatdılar. Məsələn, Mirzə Kazımov özü həyətyanı sahəsini vaxtaşırı dərmanlayır. Ancaq deyir, bu, yetərli deyil:

"Dərman bahadır, tapılmır. Kolxoz vaxtlarında bütün kənddə dərmanlama işləri aparılırdı deyə, nə ilan vardı, nə də ölüm-itim. İndi ilansancmadan ölümlərin sayı ilbəil artır. Addımını atırsan, dabanının yanından ilan sivişib keçir".

Buna da bax:​ Təqaüdçü müəllim: İşığımı kəsənlər elə öz şagirdlərimdir'

“SAKİNLƏR MÜRACİƏT ETSİNLƏR”

Lənkəran şəhər icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, əgər sakinlər rayonun baytarlıq xidmətinə və Sanitar- Epidemioloji Stansiyaya müraciət etsələr, həmin qurumların əməkdaşları kənddə dərmanlama işləri apararlar:

"Bizim işimiz nəzarət etməkdir. Sakinlər müraciət etsinlər, biz də diqqətdə saxlayarıq. Ancaq hər il yay mövsümü yaxınlaşanda, əsasən, ilanların daha çox göründüyü kəndlərdə dərmanlama işləri aparılır. Yəqin ki, bu aralar uyğun qurumlar bu işlə məşğul olacaqlar".

Lənkəran Mərkəzi xəstəxanasından "Qaynar xətt"ə bildirilib ki, may ayı ərzində ilan sancması ilə 6 nəfər daxil olub. Ən son xəstə mayın 21-də Diryan kəndində ilan sancmış 46 yaşlı Etibar Tahirovdur. Ona zərdab vurulub və hazırda reanimasiya şöbəsindədir.

XS
SM
MD
LG