Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:35

'Məscidin ətrafını dağıdıblar, zavod tikmək istəyirlər'


Ekskavator. Foto illüstrasiya
Ekskavator. Foto illüstrasiya

«Ətrafında çoxlu ağaclar əkmişdik, su çəkmişdik. Bir də gördük ağır texnikaları töküb ağacları qırırlar. Sonra da yeri şumladılar. Deyirlər, hansısa vəzifəli məscidin ərazisində zavod tikdirmək istəyir».

Gədəbəy sakinləri AzadlıqRadiosuna şikayət ediblər ki, Gədəbəy şəhər məscidinin ətrafı hansısa işadamına satılıb və həmin işadamı düz məscidin 3-5 metrliyində zavod tikmək istəyir.

«BULDOZERLƏ SÖKDÜLƏR»

Gədəbəylilərsə buna razı deyillər. Onlar məsciddən hər gün xeyli inanclı insanın istifadə etdiyini və belə bir ərazidə sənaye müəssisəsinin yerləşməsinin məntiqə sığmadığını deyirlər.

***Buna da bax-Gəncədə məsciddə azan verilməməsi narazılıq yaradıb

Gədəbəy sakini Qadir İsayev deyir, əvvəl məscidin ətrafını şumlayıblar, sonra bir qədər də yaxınlaşıblar. Məscidə aid yardımçı tikililəri söküblər:

«Bəhanə etdilər ki, guya məscidin ətrafı məscidə aid deyil və zəbt olunub. Məscidin həyətində kiçik tikililər vardı, biri dəstəmaz üçün, biri ayaqyolu kimi, biri mətbəx və saxlanc yeri kimi istifadə olunurdu. Hamısını buldozerlə sökdülər».

«ELƏ ETMƏYİN MƏSCİDİ DƏ SÖKƏK»

Digər sakin Elxan Şükürov deyir, məscidin ətrafındakı söküntünün dayandırılması üçün icra hakimiyyətinə gedənlərə ərazidən qanunsuz istifadə etdikləri bildirilib:

«Bizə dedilər ki, «elə etməyin məscidi də sökək, məscidin ətrafındakı tikililər qanunsuzdur, özbaşına tikilib». Özbaşına tikilmişdisə, sənədləşdirmək olardı, çünki yardımçı otaq kimi ziyarətçilərə vacib idi. İkincisi, məscidə yardımçı otaqlar tikiləndə icra hakimiyyəti hara baxırdı? O tikililər nəzirlərlə ərsəyə gəlmişdi. Başçının xəbəri olmadan rayonun üstündən quş da uça bilməz. Bu boyda məscidin həyətində yardımçı otaqlar tikilib, xəbəri olmayıb?».

***Buna da bax-'Eşitmişik ki, başçı bu ərazidə özü obyekt tikdirəcək'

Sakin Aytən Rəhimovanın deməsinə görə, yardımçı otaqlar bir neçə ildir ki, tikilibmiş. Ancaq nədənsə, başçı indi «xəbər tutub»:

«Məscidin ərazisindən də pul qazanmaq üçün istifadə edən adamlara nə deyəsən... Bütün rayonu satdılar, gözləri doymadı, indi də «Allahın evi»nə göz dikiblər. İki aya yaxındır ki, ətrafındakı söküntülərə görə məscidə yaxın düşmək olmur, xarabazarlığa çeviriblər».

«ORDA TİKİLİ OLMAYIB»

Gədəbəy rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, məscidin ətrafında hər hansı tikintinin aparılması nəzərdə tutulmayıb. Məscidin ətrafı abad edilib, qanunsuz tikililər sökülüb. Yardımçı otaqlara gəlincə, daş tikililər olmayıb:

«Kim özündən söz çıxarıb ki, orda zavod tikilir? Gətirsinlər, görək kimdir tikən?.. Boş söhbətlərdir. Tikili dediklərinə gəlincə, hərə böyür-başını şiferlə bağlayıb, üstünə bir «setka» qoyub, adını da qoyub tikili... Orda tikili olmayıb. Ola da bilməzdi. Əvvəl sənəd olmalıdır, sonra tikinti aparılmalıdır. Ora heç kəsin şəxsi evi deyil ki, istədiyini tiksin, qursun. Ağac da olmayıb, su da olmayıb».

Qurumdan bildirilib ki, məscidin ətrafında abadlıq işləri aparılıb. Ancaq ətrafındakı ərazinin məscidə sənədlə aidiyyəti yoxdur.

XS
SM
MD
LG