Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 00:30

Lavrovun Xəzər açıqlaması İranı qəzəbləndirib


Sergey Lavrov

Xəzər dənizinin hüquqi statusuyla bağlı razılıq əldə olunması haqda açıqlamaya İran Xarici İşlər Nazirliyi (XİN) kəskin etiraz edir. Söhbət Rusiya xarici işlər naziri Sergey Lavrovun razılaşmanın «praktiki olaraq hazırdır» deməsindən gedir.

İran XİN sözçüsü Bəhram Qasemi dekabrın 15-də hüquqi statusla bağlı məsələnin həllini tapmadığını, bununla belə Xəzəryanı ölkələrin 4-5 dekabr Moskva görüşünün gündəliyində də belə bir qərarın olmadığını bildirib.

İran tərəfi ölkələr arasında dəniz sərhədləri və Xəzər dənizindəki neft ehtiyatlarının istifadəsini mübahisəli məsələ sayır. Rusiya və digər keçmiş Sovet ölkələri isə dənizdən İrana veriləcək hissə ilə bağlı razılıq əldə ediblər.

Lavrov açıqlamanı tək verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşünün yekunlarına dair mətbuat konfransında vurğulayıb: «Ümumilikdə, keçirdiyimiz görüşü pozitiv qiymətləndirirəm. Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində 20 il davam edən işi yekunlaşdırdıq. Bu mətn təsdiqlənməsi üçün ölkə başçılarımıza təqdim olunacaq və ümid edirik ki, gələn il Qazaxıstanda keçiriləcək sammitdə sənəd onlar tərəfindən imzalanacaq».

***Buna da bax-Xəzərin statusu barədə doğrudan da razılığa gəlinibmi?

Lavrov Moskvada Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüşmüşdü.

Rusiya XİN rəhbəri Moskva görüşünün ardından «Böyük məmnuniyyətlə vacib məsələlərin bu sənədlə həllini tapdığını demək istəyirəm. Konvensiyanın mətni praktiki olaraq hazırdır», – demişdi.

Görüşə qatılan xarici işlər nazirlərinin mətbuat konfransına birgə çıxması gözlənilsə də, Lavrovun təklikdə açıqlama verməsi diqqət çəkmişdi.

Lavrovun görüşün yekunuyla bağlı açıqlamalarını Tehran qəzəblə qarşıladı. İran xarici işlər nazirinin Asiya və Sakit okeanı üzrə köməkçisi İbrahim Rəhimpur Lavrovun açıqlamalarını «İranın Xəzər dənizindəki hissəsi ilə bağlı yekun qərarın verilməsi əsassız açıqlamadır və ictimaiyyəti çaşdırır» – deyə təkzib edib.

Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşü
Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşü

İran ümumi məsələlərdən danışır

Rəhimpurdan sonra danışan Qasemi isə nazirlərin müzakirə etdiyi Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın, sadəcə, ümumi məsələlər və prinsipləri əhatələdiyini vurğulayıb. Qasemi əlavə olaraq, Xəzərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin bir neçə il davam edə biləcəyini təkrarlayıb.

Bəhram Qasemi Moskva sammitində heç sənədin imzalanmadığını, bununla belə, hüquqi normaların müəyyən olunması üçün daxili koordinasiyanın saxlandığını və ikitərəfli görüşlərin davam etdiyini açıqlayıb. Qasemi mətbuata açıqlamasında beş ölkə prezidentinin hələ dəqiqləşməyən növbəti görüşünə qədər Xəzər dənizinin hüquqi statusu barədə yekun mətnin bitirilməsinə cəhd olunacağını vurğulayıb.

***Buna da bax-Lavrov deyir ki, Xəzərin statusuna dair 'bütün əsas məsələlərdə razılığa gəlinib'

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya layihəsi üçün Moskvada aparılan müzakirələrin detalları, hələ ki, açıqlanmır.

1991-ci ildə SSRİ-in dağılmasının ardından Xəzəryanı ölkələr – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dəfələrlə dünyanın ən böyük gölünün hüquqi statusuyla bağlı müzakirələr aparır. Bu günədək müzakirələr məhsuldar olmasa da, Rusiya, Qazaxıstan və Azərbaycan dənizin öz aralarında bölünməsi ilə bağlı ikitərəfli və üçtərəfli razılıqlar əldə ediblər.

Rusiya ilə Azərbaycan və Azərbaycanla Qazaxıstan artıq Rusiyanın təklif etdiyi «Modified Median Line» formulu üzrə dəniz dibinin ölkələr aralarında bölünməsinə razılaşıblar. Bu razılığa görə, Xəzər ölkələrin dəniz sahilinin uzunluğu əsasında bölünəcək, əlavə qalan hissə isə ortaq ərazi hesab olunacaq. Dəniz üzrə beynəlxalq hüquq eksperti Ağai Diba bu formul üzrə İrana 13%-dən az hissənin çatdığını qeyd edir.

İranın iddiası

SSRİ-nin dağılmasının ardından İran Xəzərin 50%-ni əlində saxlamağa ümid edirdi. Rəsmi Tehran Moskva ilə keçmişdə imzalanan razılığı əsas götürərək, dənizin İran və Rusiya arasında bərabər şəkildə bölündüyünü, bir tərəfdə İrana, digər tərəfdə isə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan kimi yeni qurulan respublikalara aid olmasını istəyir. Buna baxmayaraq, İran müzakirələrdə Xəzər dənizində tələb etdiyi hissəni 20%-ə qədər azaltmış olsa da, digər Xəzəryanı ölkələr Tehrana dənizin, sadəcə, 12%-ni verməyə hazır olduqlarını deyir.

İranın Rusiyanın təzyiqi qarşısında geri çəkilməsini ölkədə bir çoxları qəzəblə qarşıladı. Etirazın səbəbi isə, dediklərinə görə, ölkənin tarixi hüquqlarının İslam Respublikası tərəfindən qorunmamasıdır.

ABŞ Enerji İnformasiyaları Administrasiyasının (EIA) 2012-ci ildə açıqladığı hesablamada Xəzər dənizi və ətraf ərazilərdə ümumilikdə 48 milyard barrel neft və 292 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu bildirilir.

Buna əlavə olaraq, Amerika Birləşmiş Ştatları Geoloji Araşdırmaları Xəzər hövzəsində texniki olaraq çıxarılması mümkün olan 20 milyard barrel neft və 243 trilyon kubmetr təbii qazın hələ də kəşf olunmadığını təxmin edir. Bu ərazilər Xəzərin cənub hövzəsində yerləşdiyindən və mübahisəli sayıldığından, onları aşkarlamaq mümkün olmayıb.

Bu qurumun 2012-ci ildə apardığı ilkin hesablamalara görə, Xəzər dənizi regionu gündəlik olaraq 2.6 milyon barrel neft və qaz kondensatı istehsal edir, bu isə dünyadakı neft tələbatının 3.4%- ni təşkil edir. Son onillikdə, Qazaxıstanın «Tengiz» sahəsi başda olmaqla, sahil ərazisindəki neft sahələri regionun ən böyük istehsalçısıdır.

Azərbaycanının 2006 və 2008-ci illərdə istismara verdiyi «Azəri-Çıraq-Günəşli» neft yataqları da Xəzər regionunun neft istehsalında vacib yer tutur. Xəzər dənizinin başqa əhəmiyyətli neft yataqları isə Türkmənistan sahili və Rusiyanın Şimali Qafqaz regionunda yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG