Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:29

Xəzərin statusu barədə doğrudan da razılığa gəlinibmi?


Xəzərin Bakı sahillərində

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin bu həftə keçirilmiş görüşündən sonra bəyan edib ki, 20 illik danışıqlardan sonra nəhayət Xəzərin hüquqi statusuna dair saziş razılaşdırılıb və prezidentlərin imzalaması üçün hazırdır.

Lavrov dekabrın 4-5-də Moskvada Azərbaycan, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüşdən sonra deyib: "Sizə bildirməyə şadam ki, bu sənədlə əlaqədar qalan bütün məsələlərin həlli yolu tapılıb. Konvensiya sənədi praktik baxımdan hazırdır”.

Rusiya naziri bəyan edib ki, razılaşma layihəsinin mətni artıq sahil ölkələrinin dillərinə tərcümə olunur və Qazaxıstanda keçiriləcək 5-ci Xəzər sammitində imzalanmaq üçün bu ölkələrin dövlət başçılarına təqdim ediləcək.

AzadlıqRadiosunun yazarı Bruce Pannier-in məqaləsində deyilir ki, Lavrov 20 illik səylərdən sonra bu sənəd barədə necə razılığa gəlindiyinin təfərrüatlarını verməyib, bununla belə Lavrovun bəyanatı sürpriz də olmayıb.

O hələ ötən oktyabrın sonlarında Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüş, azərbaycanlı nazir bu görüşdən sonra “Rusiyanın Xəzərin statusuna dair çox yaxşı təklif verdiyini” demişdi.

Avqustun 9-da Bakıya səfəri zamanı Türkmənistan prezidenti Qurbanqulı Muxammedov demişdi ki, Xəzərin leqal statusuna dair birgə iş demək olar başa çatdırılıb. O da sazişin artıq növbəti Xəzər sammitində imzalanacağını bildirmişdi.

Dəniz, yoxsa göl?

Xəzər dənizi okeanla əlaqəsi olmayan ən böyük su hövzəsidir və karbohidrogen ehtiyatları ilə zəngindir.

Xəzərin hüquqi statusu 1991-ci ildə SSRİ çökdükdən və Azərbaycan, Qazaxıstan və Türkmənistan müstəqillik əldə etdikdən sonra müzakirə mövzusuna çevrilib.

Başlıca sual Xəzərin dəniz və ya göl kimi tanınması ilə bağlıdır.

Əgər Xəzər hüquqi baxımdan dəniz kimi qəbul edilərsə, bütün sahil ölkələri öz ərazi sularını müəyyən etməli və bu məkandakı karbohidrogen yataqlarına sahib olmalı idilər.

Amma Xəzər göl kimi tanınarsa, onda o, beş bərabər hissəyə bölünməli və bütün gəlirləri də bərabər paylaşılmalıdır.

Belə bölgü Qazaxıstanın xeyrinə olmazdı. O artıq praktik olaraq Xəzərdə ən böyük sektora və bu sektordakı ən böyük neft-qaz yataqlarına sahibdir.

Şahdəniz qaz yataqları da Azərbaycanın payına bu prinsiplə düşüb.

Başqa sözlərlə Xəzərdən hələ ki, de facto dəniz kimi istifadə olunur.

Xəzərin göl kimi tanınmasından İran mənfəətlənə bilərdi. Onun Xəzərdəki de facto payı 13 faizdir. Üstəlik bu sektordakı karbohidrogen yataqları elə də zəngin deyil və dəniz suyunun duzluluğu bu hissədə ən böyük konsentrasiyaya malikdir.

Separat danışıqlar?

Lakin Xəzərin hüquqi statusunun indiyədək müəyyən edilməməsi bu su hövzəsi üzərindən kəmər layihələrini də sual altında qoyur. 30 milyard kubmetr türkmən qazını Xəzərin dibi ilə Azərbaycana nəql etməli olan Transxəzər qaz kəməri (TXK) layihəsi məhz buna görə layihə olaraq qalıb.

İndi belə düşünmək olardı ki, TXK-nin reallaşması üçün maneə aradan qalxıb.

Lakin Bruce Pannier ehtimal edir ki, ola bilsin, Rusiya bu layihənin qarşısını alacaq tədbiri artıq görüb.

Ötən oktyabrda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Moskvada olarkən Rusiyanın enerji naziri Aleksandr Novak demişdi ki, Türkmənistan və Rusiya “türkmən qazının hasilatı və satışı” sahəsində əməkdaşlıq məsələsini müzakirə edirlər.

Turkmengaz konserninin başçısı Mırat Arçayev isə noyabrın 2-də demişdi ki, Türkmənistan qazın Rusiya kəmərləri ilə MDB ölkələrinə və Şərqi Avropaya nəqlinin mümkünlüyü məsələsini nəzərdən keçirir. Pannier yazır ki, belə bir variant Türkmənistan tərəfindən son on ildə heç vaxt qaldırılmamışdı.

Pannier ehtimal edir ki, ola bilsin, Rusiya və Türkmənistan arasında gedən qaz danışıqları nəticədə TXK-yə ehtiyac qoymasın.

Məqalədə deyilir ki, Türkmənistanın pula kəskin ehtiyacı var və o bu səbədən Rusiyaya TXK-nin daha gec zamanda tikiləcəyi barədə vəd verə bilərdi.

Bütün hallarda TXK-nin tikintisinə illərlə vaxt lazım gələ bilər və Azərbaycanın hazırkı kəmər şəbəkəsinin Türkmənistan qazını götürmək gücündə olub-olmadığına dair suallar var.

Digər tərəfdən Rusiya artıq Şimal axını-1 kəmərini tikib, Şimal axını2 və Türk axını kəmərlərinin tikintisini davam etdirir və Avropaya 151, 5 milyard kubmetr qaz nəql etməyi planlaşdırır.

Pannier yazır ki, Türkmənistanın 30 milyard kubmetr qazı Avropanın işinə yarayar və Rusiyanın öz ixracatına elə də təsir etməzdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG