Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, beş sahil dövlətlərinin hamısı Xəzərin hüquqi statusuna dair “bütün qalan əsas məsələlərdə” razılığa gəliblər.
Lavrov bu bəyanatı dekabrın 5-də Moskvada Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan olan həmkarları ilə görüşdən sonra verib.
Rusiyanın baş diplomatı deyib ki, Xəzərin Hüquqi Statusuna dair Konvensiya Xəzəryanı dövlətlərin başçıları tərəfindən gələn il Qazaxıstanda keçirləcək sammitdə imzalanmaq üçün “paraktik baxımdan hazırdır”.
Bu arada görüşdən əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, sammitdən əvvəl “konsensusun əldə edilməsi üçün maksimum səylərə ehtiyac var”.
Xarici işlər nazirləri status məsələsində nələrin əngəl olaraq qaldığı barədə heç nə demirdilər.
Xəzər dənizi okeanla əlaqəsi olmayan ən böyük su hövzəsidir və karbohidrogen ehtiyatları ilə zəngindir.
Xəzərin hüquqi statusu 1991-ci ildə SSRİ çökdükdən və Azərbaycan, Qazaxıstan və Türkmənistan müstəqillik əldə etdikdən sonra müzakirə mövzusuna çevrilib.
Başlıca sual Xəzərin dəniz və ya göl kimi tanınması ilə bağlıdır.
Əgər Xəzər hüquqi baxımdan dəniz kimi qəbul edilərsə, bütün sahil ölkələri öz ərazi sularını müəyyən etməli və bu məkandakı karbohidrogen yataqlarına sahib olmalı idilər.
Amma Xəzər göl kimi tanınarsa, onda o beş bərabər hissəyə bölünməli və bütün gəlirləri də bərabər paylaşılmalıdır.