Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:03

Xəzərin statusu müzakirə edilir


Elmar Məmmədyarov

«Ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları Xəzərin statusu ilə bağlı Konvensiya layihəsi üzrə mühüm işlər görüblər».

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bunu Moskvada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin VII müşavirəsində bildirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müşavirə dekabrın 4-də başlayıb və bu gün, dekabrın 5-i başa çatmalıdır.

Nazir deyib ki, yüksəksəviyyəli beştərəfli görüşlər zamanı qəbul edilən qərarlar bütün Xəzəryanı dövlətlərin mövqelərinin əhəmiyyətli dərəcədə yaxınlaşdırılmasına kömək edib.

E.Məmmədyarov Qazaxıstanda keçirilməsi gözlənilən Xəzəryanı ölkələrin dövlət başçılarının V zirvə görüşünə qədər açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsindən ötrü maksimum səy göstərilməsini zəruri sayıb:

«Konvensiya layihəsi uzun illər aparılan işlərin nəticəsinin möhkəmlənməsinə xidmət etməlidir. Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır».

Nazir hesab edir ki, bu əsas hüquqi sənəd Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaq.

E.Məmmədyarov terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, ticari-iqtisadi və mədəni əlaqələrin gücləndirilməsində Xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini vacib sayıb. Nazir deyib ki, Xəzərdə sabitliyin möhkəmləndirilməsi ətraf dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.

Nazirə görə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanması səmərəli əməkdaşlığa xidmət edəcək.

Xatırlatma

Xəzərin statusu ilə bağlı məsələ karbohidrogen ehtiyatlarının istifadə olunması ilə bağlı gündəliyə gəlib.1997-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsi məsələsində razılığa gəliblər. Ancaq Türkmənistan və İranın mövqeləri fərqlənir. Onlar Xəzərin bərabər şəkildə bölünməsində israr edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG