Azərbaycanda bütün kütləvi tədbirlər təxirə salınır
Azərbaycanda bir ay müddətində bütün kütləvi tədbirlər təxirə salınıb.
Bu barədə martın 13-də Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
"Ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir... Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur. Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir".
Azərbaycan-Gürcüstan sərhədi bütün nəqliyyat vasitələri üçün bağlanıb
Hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının razılığına əsasən, 2020-ci il martın 14-ü saat 00:00-dan etibarən 10 gün müddətində Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün bağlanması barədə qərar verilib:
"Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək".
Azərbaycanla Türkiyə arasında gediş-gəliş dayandırılır
Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-i saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə martın 14-də Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.