Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Konstantin Yesenin. Şair oğlu nələr yaşayıb


K.Yesenin
K.Yesenin

Şair Sergey Yeseninin oğlu Konstantin 1920-ci il fevralın 3-də dünyaya gəlib. Onun «Doğum haqqında qeyd»ində isə 1920-ci il martın 20-də doğulduğu göstərilib. Həmin sənəddə atasının peşəsi «Qızıl ordunun əsgəri» kimi göstərilib.

Konstantinin xaç atası yazıçı Andrey Belıy olub. Sergey Yeseninin özü oğlu doğulanda orada olmayıb. Zinaida Nikolayevna ona bu xəbəri telefonla verib və soruşub ki, uşağın adını nə qoysun. «Yesenin ədəbi olmayan ad tapmağa çalışdığı üçün xeyli fikirləşib dedi: «Konstantin»», — A.Marienqof «Yalansız roman» kitabında yazır. O yazır ki, Yesenin oğlunu görməyə də gəlməyib.

Konstantinin dünyaya gəlməsi Sergey Yeseninlə Zinaida Rayxın münasibətlərinin kəskin soyuduğu vaxta düşüb. Yeseninin Rayxa şübhə ilə yanaşması yaxın dostlarının qeybətindən qaynaqlanırdı. Elə həmin «Yalansız roman»da şairin 1920-ci ildə təsadüfən Rostov vağzalının platformasında Zinaida Rayxla rastlaşması səhnəsi təsvir olunub: «— Fu… Qaradır… Yeseninlər qara olmur…».

Yad «əmi»

Kostyanın atası haqda xatirələri çox azdır. O, 70-ci illərdə belə yazırdı: «Yaddaşımda qalan ilk şey 192...-ci ilin yazında atamın gəlməsidir. Ancaq dəqiq ili bilmirəm. Günəşli gün idi, bacım Tanya ilə evimizin yaşıl həyətində qaçırdıq. … Birdən həyətdə qəşəng, «xarici tərzdə» geyinib-keçinmiş kişi və qadın peyda oldu. Kişinin açıqrəngli saçları, boz kostyumu vardı. Bu, Yesenin idi. Bəs yanındakı kim idi? Bilmirəm. Bacımla məni yuxarı, mənzilimizə apardılar. Əlbəttə, uzun fasilədən sonra atamızla ilk görüş! Ancaq o bizim üçün yad «əmi» idi».

Konstantin atasının daha çox Tanya ilə danışdığını, hədiyyə gətirmədiyini xatırlayır. Bir də uşaqların onun şeirlərini oxumadığını eşidəndə hirslənib.

Ola bilsin ki, Sergey Yeseninin uşaqları ilə bu görüşü onu «Çoban Petyanın nağılı»nı (Сказка о пастушонке Пете) yazmağa həvəsləndirib, - Zinaida Rayx uşaqlarına belə deyib.

Yesenin öz aləmində uşaqlarını sevirmiş, onların fotolarını üstündə gəzdirirmiş. V.F.Nasedkin yazır ki, onunla görüş zamanı şair uşaqlarının fotosunu göstərib və «Bax, mənim uşaqlarım...»,- deyə söhbətə başlayıb: «Özü də uşaqlara elə baxırdı ki, sanki nəyəsə heyrət edirdi. Özünün 29 yaşı var, ancaq yeniyetməyə oxşayır».

Konstantin vaxtaşırı atası ilə görüşsə də, şair oğluna qarşı hər hansı hiss büruzə verməyib. Konstantin anasına çox bənzəyirmiş. Tatyana isə sarışın imiş, Yesenin onu daha çox özünə oxşadırmış.

Kostyanın tərbiyəsi ilə atalığı V.E.Meyerxold məşğul olduğundan uşaq Sergey Yeseninin onun doğma atası olduğunu hiss etmirmiş. Hətta bir gün Sergey Yesenin qızını görməyə gələndə uşaq qışqırıb ki, «Taneçka, Yesenin səni görməyə gəlib». Meyerxoldu isə «ata» deyə çağırırmış.

Kostya atası ilə son görüşünü də xatırlayır. 1925-ci ilin dekabrında, ölümündən bir neçə gün əvvəl uşaqları ilə vidalaşmağa gəlibmiş. O, otaqda bir qədər qalandan sonra həmişəki kimi Tanya ilə təkbətək vaxt keçirib.

Əmlak davası və çətinliklər

Şairin ölümündən sonra onun əmlakının kimə miras qalması ilə bağlı məhkəmədə uşaqların adları tez-tez çəkilib. Çünki Zinaida Nikolayevna məhkəmədə qətiyyətlə uşaqlarının maraqlarını müdafiə edib. Məhkəmə Tatyana və Konstantini Leninqradda Yeseninə aid olan bütün əşyaların varisi kimi tanıyıb.

Yeseninin uşaqlarının başı çox bəlalar görüb. Atalıqları V.E.Meyerxoldun həbsi və düşərgədə həlak olması, 1939-cu ildə anaları Zinaida Nikolayevnanın faciəli qətli Kostyanın bioqrafiyasında dərin, ağrılı iz buraxıb. Konstantin Moskvada İnşaat Mühəndisləri İnstitutunda oxuyanda dolanışığı çox çətin olub. Hərdən özləri də çox yoxsul olan yaxınları bacardıqları qədər kömək edirmiş. Sergey Yeseninin vətəndaş nikahı bağladığı birinci arvadı Anna Romanovna İzryadnova tək qalan Konstantinə çox kömək edib. Onu yedirib, dəfələrlə ona sovqat – papiros, tütün, isti əşyalar göndərib. Konstantin onu böyük minnətdarlıq hissi ilə xatırlayır.

Ali məktəbin dördüncü kursunda müharibə başlayır və Konstantin könüllü orduya yazılır. Bu müddətdə bacısı Tatyana Daşkəndə evakuasiya olunur və birdəfəlik orada qalıb yaşayır.

Müharibədən sonra Konstantin institutu bitirir, əvvəl tikinti sahəsində çalışır, böyük obyektlərin tikintisində iştirak edir, sonra RSFSR-in Nazirlər Kabinetində tikinti məsələləri üzrə referent kimi işə düzəlir.

Sonralar o, futbolla maraqlanır və futbol statistikası tərtib etməyə başlayır. Onun apardığı statistika sonradan futbolla bağlı maraqlı məlumatların aşkarlanmasına, təhlillərin aparılmasına kömək edib. Konstantin Yeseninin futbol statistikası mövzusunda yazdığı kitab çox populyar, nadir tapılan nəşr olub. O, həm də tanınmış idman şərhçisi idi.

Konstantin Sergeyeviç Yesenin 1986-cı il aprelin 25-də Moskvada vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG