Martın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı müharibə aparmaq səlahiyyətlərinin məhdudlaşdırılmasını qəbul etməyib.
Respublikaçı Tomas Massi və demokrat Ro Xannanın hazırladığı qanun layihəsi 212-219 səs nisbəti ilə qəbul olunmayıb. Sənəddə deyilirdi ki, Tramp Tehrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən icazə almalıdır.
Bir gün öncə Senat oxşar təşəbbüsü rədd etmişdi.
Qanun layihəsi hər iki palatada qəbul olunsaydı belə, Tramp ona veto qoya bilərdi. Vetonu ləğv etmək üçün isə hər iki palatada üçdə iki səs çoxluğu tələb olunacaqdı. Konqresin hazırkı tərkibi ilə bu, demək olar, mümkün deyil.
ABŞ Konstitusiyasına görə, müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Prezidentlərin Konqresin razılığı olmadan ABŞ qüvvələrini uzunmüddətli münaqişələrə cəlb etməsinin qarşısını almaq üçün 1973-cü ildə Müharibə Səlahiyyətləri Qətnaməsi qəbul edilib.
"Hazırda müharibə səlahiyyətləri ilə bağlı qətnamənin qəbulu dəhşətli və təhlükəli ideya olar... Bu, düşmənlərimizi gücləndirər", – Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson səsvermədən öncə jurnalistlərə deyib.
Senatda demokrat azlığın lideri Çak Şumer isə bildirib ki, "respublikaçıların xeyli populyar bir addımı atmaq şansı var idi: Trampın müharibəsinə "yox" demək".
"Əvəzində onlar həvəslə "bəli" dedilər, indi bu müharibəyə Donald Tramp qədər onlar da cavabdehdirlər", – o əlavə edib.
4 mart
Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə Senatdan keçmədi
ABŞ Senatı prezident Donald Trampın Konqresin təsdiqi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirmək səlahiyyətini məhdudlaşdıran qətnaməni bloklayıb. İki partiyanın hazırladığı sənəd 53-47 səs fərqi ilə Senatdan keçməyib.
Qətnamədə İrana əlavə zərbələr üçün Konqresin icazəsi tələb olunurdu. Amma respublikaçıların əksəriyyəti buna qarşı çıxıb, prezidentin əməliyyatları idarə etmək üçün ali baş komandan səlahiyyəti olduğunu bildirib.
Kentukki ştatından senator Rend Pol partiyasından qətnaməni dəstəkləyən yeganə respublikaçı olub. Meyn ştatından Syuzan Kollinz və Alyaskadan Liza Murkovski isə münaqişənin miqyası ilə bağlı narahatlıq bildiriblər, amma qətnaməyə qarşı səs veriblər. Kollinz deyib ki, qətnamənin indi qəbulu "İrana və qonşularımıza yanlış mesaj göndərərdi".
Demokratlar səsverməyə konstitusiya sınağı kimi baxırdılar. Nyu-Yorkdan senator Çak Şumer bildirib ki, qanunvericilər "oğul və qızları təhlükənin içinə göndərmək" ilə bağlı qərar verməlidirlər. Pensilvaniyadan Con Fetterman qətnaməyə qarşı səs verən yeganə demokrat olub.