Rusiyada çıxan “Kommersant” qəzetinin müxbiri Marina Kovalenko Ermənistan və Azərbaycan arasında jurnalistlərin qarşılıqlı mübadiləsindən yazır.
Kovalenko yazır ki, Ermənistanda Azərbaycanın bayrağını yalnız bir yerdə görmək olar. Bu da “Ararat” konyak zavodunun binasıdır.
Bu bayraq burada 2001-ci ildən dalğalanır. O vaxt Minsk qrupunun həmsədrləri bu zavodda 1994-cü il tarixli “sülh çəlləyinin” əsasını qoyublar. Odur ki, çəllək Azərbaycan və Ermənistan arasında əldə edilmiş atəşkəs razılaşması ilə yaşıddır.
“Konyak razılaşmasına” görə isə bu çəlləyin ağzını iki xalq arasında tam və davamlı sülh əldə olunanda açacaqlar. Minsk qrupunun həmsədrləri yalnız onda bu çəlləkdəki konyaklı badələrə süzüb sağlıq deyə biləcəklər.
Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə noyabrın 17-dən 21-dək keçirilmiş bu mübadilədə Dağlıq Qarabağın erməni jurnalistləri də iştirak ediblər.
Yerevandakı İnsan İnkişafı beynəlxalq mərkəzinin direktoru Tevan Pogosyan “Kommersant” qəzetinin müxbirinə deyib ki, jurnalist mübadiləsi layihəsi 2001-ci ilədək də həyata keçirilib. Bundan sonra iki ölkənin jurnalistləri Tbilisidə və Kiyevdə görüşüblər.
“Kommersant” yazır ki, erməni jurnalistlərin Bakıya səfəri barədə xəbər ötən həftənin ortalarından verilmişdi, amma rəsmi qurumlar bu kimi məlumatlara şərh vermirdilər.
Buna baxmayaraq ABŞ-ın ATƏT-dəki missiyası bu tədbiri alqışlayıb və özünün Twitter hesabından yazıb ki, “indiki mübadilə kimi tədbirlər, əhalini sülhə hazırlayır və gərginliyi azaldır”.
İrəliləyiş var
“Xalqların sülhə hazırlanmasına” dair razılaşma ATƏT-in Minsk qrupunun həmsədrləri və iki ölkənin xarici işlər nazirləri arasında bu ilin yanvarında Parisdə əldə edilib.
İstər Ermənistan, istərsə də Azərbaycan mediası bu layihənin münaqişənin çözümündə, xüsusilə də humanitar məsələlərdə müəyyən irəliləyişin əldə edilməsində rolu olduğunu qeyd edir.
Məsələn ötən iyulda Qırmızı Xaçın vasitəçiliyi ilə Azərbaycanda olan Ermənistan vətəndaşı Zaven Karapetyan Yerevana qaytarılıb. Yerevan Bakıya Ermənistanda olan Azərbaycan vətəndaşı Elvin İbrahimovu qaytarıb.
Ötən sentyabrda Ermənistanın müdafiə naziri David Tonoyan demişdi ki, Azərbaycan tərəfi habelə Dağlıq Qarabağ separatçılarının əlində olan daha iki Azərbaycan vətəndaşının qaytarılması üçün müraciət edib. Amma Azərbaycanın bu istəyi həyata keçməyib. Separatçılar sözü gedən iki azərbaycanlını təxribat hazırlanmasında və qətldə ittiham edirlər.
“Kommersant” yazır ki, bütün hallarda iki ölkə arasında “ritorkianın yumşalması” hiss olunur. Məsələn hələ bir il əvvəl Ermənistanın baş naziri məhbus mübadiləsinin “mənasız olduğunu” deyirdisə, müdafiə naziri Tonoyan sentyabr ayında belə bir mübadiləni “istisna etmədiyini” demişdi.
“Kommersant” müxbiri yazır ki, başqa bir sahədə də irəliləyiş olub. Yerevan indi öz həbsxanalarında olan azərbaycanlılara qohumlarının baş çəkməsindən imtina etmir.
Əgər Nikol Vovayeviç...
“Kommersant” yazır ki, Qarabağ separatçı rejiminin “xarici işlər naziri” Masis Mailyan məhbus mübadilələrinin baş tutmamasında Bakını günahlandırıb. O deyib ki, guya Bakı bu məsələdə maraqlı deyil.
Amma Mailyan bunu da etiraf edir ki, “xalqların sülhə hazırlanması” layihəsinin sayəsində ən azı atəşkəsin pozulması xeyli azalıb:
“Əlbəttə, bəzi pozulmalar olub. Amma ümumən əvvəlki illərlə müqayisədə vəziyyət stabildir. Bu yay kəndlilərin məhsulu yığmasına mane olmamaq barədə razılıq olmuşdu. Bu razılaşmaya əməl olundu”.
Ermənistan Milli Məclisinin sədr müavini Alen Simonyan “Kommersant” müxbirinə deyib ki, onun ölkəsində “məxməri inqilabdan” bəri çox şey dəyişib:
“Ermənistan Respublikasının əhalisi öz liderinə ilhamla etibar edir və onun arxasınca gedir. Əgər bugün Nikol Vovayeviç canlı efirə çıxıb desə ki, “uşaqlar Bastiliyanı almağa gedirik”, hamı evlərindən çıxar və onun arxasınca gedər”.
Lakin Simonyan da Azərbaycan tərəfini günahlandırır və deyir ki, Bakının ritorikası davakar olaraq qalır:
“Amma biz dialoqa hazırıq. Bundan əvvəl deyildiyi kimi, qəbul ediləcək qərar Azərbaycan xalqı üçün də məqbul olmalıdır”.
Yerevandakı MDB Ölkələri İnstitutunun Yerevan filialının direktoru Aleksandr Markarov hesab edir ki, sözü gedən layihə əsasında addımlar yalnız başlanğıcdır:
“Mən konkret planların nə olduğunu bilmirəm. Amma bilirəm ki, onların həyata keçirilməsinə tezliklə başlanacaq”.
Bununla belə ekspert hesab edir ki, Qarabağ tənzimləməsində sıçrayışlı irəliləyiş tesliklə baş verməyəcək:
“Müharibə təhlükəsi real olaraq qaldıqca, etimadın bərpa olunmasından danışmaq praktik cəhətdən mümkün deyil. Əgər yuxarılarda razılaşa bilmirlərsə (onlar üçün razılığa gəlmək çətindir), bu layihə də yəqin ki, axsamağa başlayacaq. Amma əgər aşağı qatlarda daha qızğın iş başlansa, bu liderlərə də öz mövqelərində hansısa dəyişikliyə getmək imkanı verə bilər”.