Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:39

Dənizçilər yataqxanası çökür


Köçkünlər yaşayan yataqxana (arxiv fotosu)
Köçkünlər yaşayan yataqxana (arxiv fotosu)

“Məmur öz mal-heyvanını da belə xarabalıqda saxlamaz. Bəs görəsən, bizi niyə saxlayırlar?”

Bunu Yasamal rayonu ərazisindəki keçmiş Dənizçilər yataqxanasında məskunlaşan köçkün Vüsalə Rüstəmova deyir. 25 ilə yaxındır ki, uçuq-dağıq və binada yaşamaq köçkünləri cana yığıb.

Buna da bax:​ Köçkün ailəsi: Çadır qurduq

“BİNA BAŞIMIZA UÇUR”

Bir müddət əvvəl köçkünlər yolu bağlayaraq yataqxana binasının ya təmirini, ya da başqa yerə köçürülmələrini tələb ediblər. Nəticədə binada bəzi kosmetik təmir işləri aparılıb.

Vüsalə Rüstəmova danışır:

“Bizi sakitləşdirmək üçün yalandan ora-bura rəng çəkdilər, getdilər. Onlar gedəndən sonra rənglər də qopub töküldü. Halbuki, bina başımıza uçur. Yuxarı mərtəbədəki tualetdən düz yatdığımız yerə divardan sidik süzülüb gəlir. Bir əlacımız qalıb, çıxaq biz də şəhərin ortasında bir-iki çadır quraq ki, bəlkə prezidentin diqqətini çəkdik”.

Buna da bax:​ Yasamalda yataqxana sakinlərinin etiraza qalxıb

“İKİ AY KEÇMƏDİ, TAVAN DAĞILDI”

Köçkün Nüşabə Məmmədova deyir, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri bir neçə dəfə yataqxanaya gəliblər. Köçkünlərə səbirli olmağı tövsiyə edib gediblər:

“Bir təmir işi gördülər ki, heç iki ay keçmədi, tavan dağıldı, yağış yenə başımıza tökdü. Hamam yox, tualet pis vəziyyətdə, mətbəx də həmçinin... Hansını deyəsən... Divarlardakı çatlar adamın üstünə gəlir”.

Köçkünlərin deməsinə görə, binadakı rütubət, zirzəmiyə yığılan çirkab su, əsasən, qocaların və uşaqların sağlamlığına təhlükə yaradır. Bir neçə ailənin azyaşlı üzvü sağalmaz xəstəliyə tutulub.

Buna da bax:​ Köçkün: 'Evin tavanının qalanı da uçdu'

“ƏSASLI TƏMİR OLUNACAQ”

Köçkünlər deyir, onları susdurmaq üçün guya təmir işləri aparmış hökumət nümayəndələri binadakı kommunikasiya xətlərini dəyişməyi "unudublar". Sovet vaxtından qalmış işıq xətləri qəzalı vəziyyətdədir, hər an ölüm saçır. Kanalizasiya xətləri çürüdüyündən çirkab sular dəhlizlərə, binanın zirzəmisinə və binanın qarşısına yığılır.

Yasamal rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan binada bu yaxınlarda yenidən təmir işləri başlanacaq.

Buna da bax: Məcburi köçkün: İndi yolu bağlayırsan da, gələn olmur

"Binanın sökülməsinə ehtiyac yoxdur. Əsaslı təmirə ehtiyac var. Köçkünlər bir müddətlik başqa yerə daşınmalıdılar ki, orada əsaslı təmir başlansın. Üstəlik də, prezidentin tapşırığı var, bundan sonra inşa olunacaq köçkün şəhərciklərinə yataqxanalarda məskunlaşmış köçkünlərin yerləşdirilməsi nəzərdə tutulub. Ola bilsin ki, bu yataqxana da həmin siyahıya düşdü", – qurumdan bildirilib.

XS
SM
MD
LG