Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:25

Köçkün: 'Evin tavanının qalanı da uçdu'


Yataqxana. Foto illüstrasiya.
Yataqxana. Foto illüstrasiya.

«8 ay əvvəl tavanın bir hissəsi uçdu, uşaqlarım da, özüm də xəsarət aldıq. «Qaçqınkom»dan da, icra hakimiyyətindən də gəldilər, baxdılar, «burda da adam yaşayar?» deyib başlarını bulaya-bulaya getdilər. Xeyli vaxt keçdi, heç bir nəticə olmadı. Yenə də köhnə hamam, köhnə tas... Üstəlik srağagün tavanın o biri tərəfi də başımıza uçdu. Burda yaşamaq mümkün deyil. Bunlar nə gözləyirlər? Tamamilə tavanın daşları altında əzilib ölməyimizi?».

Bunu AzadlıqRadiosuna Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki keçmiş «Energetiklər pansionatı»nda məskunlaşan köçkün Şəhla Məmmədova deyir.

«HAMI KÖÇ ƏHVALINDADIR»

Ş.Məmmədovanın binanın 1-ci mərtəbəsində məskunlaşdığı otağın tavanının bir hissəsi ötən ilin avqustunda uçmuşdu. Ana və ailənin kiçik üzvü daş parçalarının altında qalmışdı. Aprelin 4-də ailə eyni acı anları bir daha yaşayıb - tavanın qalan hissəsi də uçub.

Bina qəzalıdır. Yuxarı mərtəbədə də eyni durumdur. Otaqların çoxunun tavanı «keçəlləşib» – beton parçaları hissə-hissə qopub tökülüb. Bəzi ailələr otaqlarda gecələməyə qorxur deyə, çarpayılarını dəhlizə çıxarıblar. Köçkünlərə son ümid bu ilin fevralında verilib. Özü də Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi – «Qaçqınkom» sədri tərəfindən. Ş.Məmmədova belə deyir: «Ötən yay bizə dedilər ki, yığışın, köçürsüz. Biz də yığışdıq. Sonra dedilər, köçmək məsələsi fevrala qaldı. Yaydan bu tərəfə burda hamı köç əhval-ruhiyyəsindədir. Bu ilin fevralında «Qaçqınkom»un sədri Əli Həsənov iki dəfə gəldi. İkinci dəfə yanında Prezident Administrasiyasının əməkdaşları da vardı. Dedi, «bir az da səbir edin, lap az qalıb, köçəcəksiz». O gedən getdi».

Bakıdakı əyilmiş bina uça bilər
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

«AZCA DA DÖZSÜNLƏR»

Xəzər rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, «Energetiklər pansionatı» 2014-cü ilin mayından qəzalı bina kimi siyahıya alınıb. Köçkünlərin binadan köçürülməsi üçün «Qaçqınkom»a müraciət olunub: «Bu yaxınlarda Əli Həsənov da gəlmişdi, bizim nümayəndələr də ordaydı. Köçkünlərə azca da səbir etmək qalır. Bundan sonra «Qaçqınkom» sifarişi ilə inşa olunacaq binalara yataqxana şəraitində məskunlaşan köçkünlərin yerləşdirilməsi nəzərdə tutulub. «Qaçqınkom» sədri bura gələndə özü də bu barədə köçkünlərə bildirib».

Görünür, köçkün Şəhla xanıma və 4-mərtəbəli binadakı digər köçkün ailələrə yeni şəhərciklər tikilənədək başlarını beton laylarından qorumaq qalır.

Onu da bildirək ki, binanın qonşuluğundakı başqa qəzalı binada yaşayan 23 ailə 3 il öncə köçürülüb.

Sovet vaxtı energetiklərin pansionatı kimi istifadəyə verilmiş binada 90-cı illərdə Qarabağdan gələn köçkünlər məskunlaşıb. Əvvəllər binada, azı, 100 ailə məskunlaşıb. Hazırda isə 21 ailə həyatla mücadilə etməkdədir.

Yeri gəlmişkən, bu binanın sakinləri yay-qış çimməyə suyu yaxınlıqdakı çimərlikdən daşıyırlar.

XS
SM
MD
LG