Hər bir filmin ssenarisində hadisələr hansısa real və ya xəyali məkanda baş verir. Hadisələrin xəyali məkanda cərəyan etdiyi filmləri də hansısa real məkanda çəkmək lazım olur. Düzgün seçilmiş çəkiliş məkanı ssenariyə uyğun olur və filmin inandırıcı olmasına kömək edir.
Reklamdan tutmuş, televiziya proqramları və filmlərə qədər hər şeyin çəkilişi üçün məkan seçmək tələb edilir. Məkan meneceri ssenaridəki səhnələrin çəkilməsi üçün açıq və qapalı məkanları axtarıb tapmaqla məşğul olur. Bu, prodakşnöncəsi prosesin mühüm hissələrindən biridir.
Film çəkilişi üçün ideal məkan axtarışında nələrə fikir vermək lazımdır:
Estetika: Məkan rejissorun ideyası və ssenaridəki təsvirə uyğun gəlirmi?
Məsafə: Məkan əsas film ofisindən nə qədər uzaqda yerləşir? Bunu bilmək aktyor və çəkiliş heyəti, habelə avadanlığın həmin məkana daşınmasının mümkünlüyünü anlamaq üçün lazımdır.
İcazə: Məkan kimə məxsusdur? Məkan sahibləri orada film çəkməyə icazə verəcəklərmi? Məkan hansısa şəhər, əyalət, ştat və ya federal hökumətin mülkiyyətidirsə, xüsusi ərizə formaları doldurularaq təqdim edilməlidir.
Xərclər: Filmin büdcəsində məkan üçün xüsusi vəsait ayrılmalıdır. Söhbət birdən artıq məkandan gedirsə, bu məkanların hər biri üçün nə qədər xərcin tələb olunduğunu müəyyən edin. Məkanlardan hansısa büdcənizi aşan qiymət tələb edirsə, o zaman məkanın sahibi ilə danışmağa çalışın.
Logistika: Hər bir məkanda çəkiliş üçün logistikanı nəzərə alın. Bu zaman nəzərə alınmalı şeylər bunlardır: parkinq, mobil rabitənin keyfiyyəti, elektrik şəbəkəsi, çəkiliş heyəti üçün yemək və qəlyanaltı xidmətləri ilə bağlı məkanlar, sanitar qovşaqları.
Mühit: Təbii və daxili işıq nəzərə alınmalıdır. Məkan nə dərəcədə səs-küylüdür? Yaxınlıqda yol, çay, dəniz və ya səs salan kondisioner varmı? Bütün bunlar çəkiliş zamanı səs yazılarına təsir edəcəkmi? Ərazinin ümumi mühiti ilə bağlı detalları nəzərə alın.
Məkan menecerlərinin məkan tapmaq üçün öz sistemləri olur. Ancaq bunun üçün dörd əsas addım nəzərə alınmalıdır:
Ssenarini diqqətlə öyrənmək, film üçün tapılmalı olan hər bir məkanı müəyyən etmək.
Film üçün potensial məkanların siyahısını tərtib etmək. Bunun üçün məkan elanlarını nəzərdən keçirmək olar. Film komissiyaları ilə əlaqə saxlamaq da yaxşı ideyadır. Bir çox yerli hökumətlərin kino komissiyaları olur. Onların işi həmin ərazidə film çəkənlərə dəstək verməkdir. Çox zaman onların əlində film məkanlarının hazır siyahısı olur.
Müxtəlif məkanlara gedərək onları canlı görmək, qeydlər götürmək və ərazinin fotolarını çəkmək. Çox zaman rejissor, operator və prodakşn dizayneri də şəxsən gəlib məkanla tanış olur.
Məkanı tutmaq. Məkanla bağlı qərar dəqiqləşən kimi məkan sahibindən rəsmi icazə sənələrini almaq lazımdır.
Məkanı görməyə gedərkən nələrə fikir verilməlidir?
1. Ziyarət vaxtını əvvəlcədən səliqə ilə planlaşdırın. Məkana baxmağa çəkilişin olacağı saatlarda gedin ki, işığın vəziyyətini yaxşı görə biləsiniz. Ətraf səslərə xüsusi diqqət yetirin.
2. Qeyd götürün. Həmişə üstünüzdə müşahidələrinizi yazmaq üçün bloknot olsun.
3. Hər məkanda əlaqə saxlaya biləcəyiniz adamlar olsun. Bu, məkan sahibi də ola bilər, onun nümayəndəsi də. Məkanı seçdikdən sonra rahat çəkiliş üçün işləri həmin adamla koordinasiya etmək lazım olacaq.
4. Rejissor və prodakşn dizayneri ilə paylaşmaq üçün foto və videolar çəkin. Bu zaman düşən işıq və gələn səslərin də kameraya düşməsinə çalışın. Ümumiyyətlə, əgər siz məkan menecerliyi ilə məşğul olursunuzsa, hətta xüsusi olaraq məkan axtarmadığınız günlərdə belə qarşınıza çıxan maraqlı yerlərin şəkillərini çəkib ünvanlarını qeyd edin. Bunlar sizə gələcək işlərinizdə lazım ola bilər.
5. İcazələriniz daim əlinizdə hazır olsun.
6. Məkan böyükdürsə və onun həm açıq, həm qapalı hissələri varsa, ssenariyə baxın, görün, eyni məkanın müxtəlif hissələrində filmin fərqli səhnələrini çəkmək olarmı. Əgər olarsa, bu, çəkiliş zamanı nəqliyyat və daşıma xərclərinə qənaət etməyə kömək edə bilər.
7. Hətta məkanı şəxsən gördüyünüz zaman "Goole Maps" və peyk görüntüləri vasitəsilə ərazi və ətraflarını yaxşıca öyrənin. Yaxınlıqda məktəb, yaxud hava limanı varmı? Bütün bunlar filmin səs keyfiyyətinə müdaxilə edə bilər.
Yalnız bütün bunlar nəzərə alındıqdan sonra məkanı seçmək olar.