Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:59

Uğurlu kinorejissor necə olmalıdır


Kinorejissor Sergey Eyzenşteyn
Kinorejissor Sergey Eyzenşteyn

"Masterclass" portalının dərc etdiyi tövsiyələrdə deyilir ki, uğurlu kinorejissorları birləşdirən ümumi cəhətlər var. Hollivud rejissorlarını birləşdirən əsas cəhətlər bunlardır:

1. Komandada yaxşı işləmək. Uğurlu kinorejissorlar aktyorlar, operator və, ümumiyyətlə, çəkiliş heyəti ilə çox yaxşı işləyə bilirlər. Yaxşı rejissorlar sadəcə ətrafda hər kəsə nə etməli olduğunu demir. Rejissorluq peşəsində spontanlıqla intuisiya ən azı ssenari üzrə işləmək qədər vacibdir. "Yaxşı rejissor həm ana hakim olur, həm də ona təslim olur", – yazıda deyilir.

2. Ünsiyyəti yaxşı bacarır. Rejissor səhnəyə aid ehtiyacları aktyorlara düzgün çatdırmağı bacarmalıdır. Eyni səhnəni dəfələrlə çəkmək həm aktyorları, həm də çəkiliş heyətini əldən sala bilər. Eyni səhnəni dəfələrlə çəkməməyin ən yaxşı yolu isə aktyorlarınızla ünsiyyəti düzgün qurmaqdır.

Aktyorlarınızı səhnə ilə bağlı suallar verməyə və ya narahatlıqlarını ifadə etməyə həvəsləndirən təhlükəsiz, sağlam mühit yaradın. Cavablarınız onların inamını qidalandıracaq və daha güclü aktyor oyununa töhfə verəcək.

3. Səbir. Aktyorların işi asan deyil. Onlar kamera qarşısında emosional baxımdan həssas olurlar. Bəzən həyəcan və ya qorxudan, bəzənsə anlaşılmazlıqdan oyun alınmaya bilər. Rejissor kimi siz onlara böyük hörmətlə yanaşmalısınız. Yaxşı rejissorlar heç kimin tələsdirilmədiyi sürəti qoruyub saxlaya bilir, çünki aktyorları tələsdirəndə aktyor oyunu zəif ola bilir. Gözləntiləri öncədən aydın ifadə etmək özünə və görülən işə inamı artırır. Proses boyu aktyorlarla işləməksə performansların orqanik olmasına kömək edir.

4. Realist olmaq. Rejissor kimi siz büdcənizin, çəkiliş və aktyor heyətinizin məhdudiyyətlərini bilməlisiniz. Orta bir film üçün gün ərzində 10 səhifədən artıq çəkmək filmin keyfiyyətini fəlakət halına gətirə, aktyor və çəkiliş heyətini isə həvəsdən sala bilər. İş cədvəllərinə qarşı həddindən artıq ambisiyalı olmaq komandanı tükəndirməyin və hətta təhlükəyə atmağın ən qısa yoludur. Çəkiliş cədvəllərini hazırlayıb onlara əməl etməyi bacarmaq aktyorları və çəkiliş heyətini normada saxlamağa kömək edir. Uğurlu rejissor mütləq bu bacarığa sahib olmalıdır.

5. Kreativ olmaq. Uğurlu rejissor istənilən büdcə çərçivəsində işləməyi bacarır. Büdcəniz məhduddursa, çəkiliş strategiyanıza daha kreativ yanaşmağa çalışın. Yaxşı film çəkmək üçün çox sayda bahalı və yeni avadanlığa ehtiyacınız yoxdur. Partizansayağı bir şey çəkirsinizsə, qoy bu tərzin estetikası hekayənizi tamamlasın.

6. İnsanlara hörmətlə yanaşmaq. Çığırıb-bağırmaq ünsiyyət bacarıqlarının zəif olmasının göstəricisidir. Bu cür xoşagəlməz kommunikasiya forması gərginlik və narahat atmosfer yaradır. Rejissor çəkiliş setində öz fikrini səsini yüksəltmədən çatdırmağı bacarmalıdır. Aktyorlara və çəkiliş heyətinə hörmətlə yanaşın, çəkiliş meydançasında harmoniyanı qorumağa səy göstərin.

7. Nəzarəti ələ keçirməyi bacarmaq. Sizin rejissor kimi ən mühüm rollarınızdan biri aktyorları yönləndirməkdir. Çünki böyük ehtimalla siz səhnələri qeyri-ardıcıl qaydada çəkəcəksiniz. Aktyorlar hekayənin harasında və emosional baxımdan hansı vəziyyətdə olduqlarını anlamaq üçün sizə baxacaq, sizin onları yönləndirmənizi gözləyəcəklər. Uğurlu rejissorlar aktyorlara fərqli üsulları sınaqdan keçirməyə imkan verir, yanılmaları üçün yer qoyurlar. Onlar, xüsusən də məşq dövründə, aktyorların instinktlərini öyrənmələrinə imkan yaradırlar. Aktyorlar da çəkiliş zamanı performanslarını həmin bu nöqtələrdən çıxış edərək qururlar.

8. Gözləntiləri aydın bildirmək. Rejissor Spayk Li aktyorlarla dialoqa artıq kameralar işə düşməmişdən öncə başlayır. Bununla o, yanaşmalar arasındakı toqquşmaları aradan qaldırmağa, harmoniya yaratmağa çalışır. O, həm də aktyorlara öz rolları daxilində nəfəs almaları üçün imkan yaradır.

Ancaq bununla yanaşı, rejissor hər səhnə ilə bağlı gözləntilərini də aydın ifadə etməlidir ki, aktyorlar da oyunlarını bu gözləntilərə uyğun qursunlar. Aktyor və rejissor Codi Foster hətta bu prosesi övlad tərbiyəsi ilə müqayisə edib.

Bundan başqa, rejissor Devid Linç aktyorların istedadının dərinliyini anlamaq üçün onları yaxından öyrənməyi tövsiyə edir. Bir çox aktyorlar "çoxqatlı" olur. Aktyoru yaxşı tanımaq onun qatlarına neçə çıxa biləcəyinizi anlamağınıza kömək edəcək. "Siz kimisə bir az tanıyanda başqa imkanları da görürsünüz. Daha sonra, yeni bir imkan yarananda bilirsiniz ki, o bu işin də öhdəsindən gələr", – Linç deyir.

XS
SM
MD
LG