Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 16:36

Baş qəhrəman yaratmağın 10 qaydası


Kinoçəkiliş
Kinoçəkiliş

Ssenarinizdə ən vacib personaj baş müsbət qəhrəmandır. Onsuz hekayə mümkün deyil. Ancaq unudulmaz baş qəhrəmanı yaratmaq üçün 10 əsas qaydaya əməl etmək lazım olacaq.

Uğurlu ssenari yazmağın yollarına həsr olunan "The Script Lab" portalının dərc etdiyi həmin 10 əsas qayda bunlardır:

  1. Elə bir maraqlı baş qəhrəman yaratmalısınız ki, auditoriya onu izləmək istəsin, ona görə narahat olsun. Baş qəhrəmanı yaradan zaman auditoriya ilə qurulan bağ əsasdır. Baş qəhrəman nəyisə çox istəməli, ancaq həmin şeyi əldə etmək üçün çox çalışmalıdır.
  2. Tamaşaçıların ona simpatiyası olmaya da bilər, ancaq ən azı empatiyası olmalıdır. Hərçənd, empatiyanın olması çox yaxşı olardı. Heç də hər baş qəhrəman xoşagələn olmur. Ancaq tamaşaçının onun başına gələnləri bilib empatiya duyması çox vacibdir.
  3. Tamaşaçılar qəhrəmanların cəsur olmasını görmək istəyir. Baş qəhrəmanın təkcə əldə etmək istədikləri yox, həm də məqsədə doğru getdiyi yol vacibdir. Çalışın bu yol uzun olsun, tamaşaçılar bunu sevir. Onlar baş qəhrəmanın qeyri-adi şəraitdə çətinlikləri aşdığını görmək istəyir.
  4. Baş qəhrəmanınızı tanıyın. Onun arzu və istəkləri artıq ssenarinin lap əvvəlindən aydın göstərilməlidir. Tamaşaçı onunla necə bağ qurmalı, ona hansı keyfiyyətlərinə görə heyran olmalıdır? Burada iş təkcə baş qəhrəmanın əsas məqsədini bilməklə bitmir. Məsələn, baş qəhrəmanın oğurlanmış qızını xilas etməyə çalışdığı ekşn-filmi təsəvvür edin. Əsas məqsəd aydındır. Bəs, bütün başqa məqsədlər necə? Qəhrəman keçmişlə bağlı peşmanlıq hissi keçirirmi? Bundan sonra daha yaxşı ata olacağına söz verirmi? Hansısa başqa gizli arzuları varmı? Qəhrəmanınızın nə istədiyini nə qədər yaxşı anlasanız auditoriya ilə bağı qurmaq o qədər asan olacaq.
  5. Hadisələrin mərkəzində duran qəhrəman konfliktsiz mövcud ola bilməz. Baş qəhrəmanınızın üzləşməli olduğu yetərincə çox (daxili və ya xarici) maneələr olmalıdır. Auditoriyanın daha betər ola bilməyəcəyini düşündüyü anda vəziyyəti daha da çətinləşdirin. Ancaq ən yaxşı konflikt qəhrəmanın özünün qüsurlarına görə meydana gəlir: Şübhə, narsissizm, qısqanclıq, özünə həddindən çox güvənmə və s.
  6. Baş qəhrəmanınızın zəif cəhət(lər)i olmalıdır. O, daim bu zəiflikləri inkar etməli və ya onları özündən gizlətməyə çalışmalıdır. Mənfi qəhrəmanlar kimi, müsbət qəhrəmanlar da çoxqatlı və mürəkkəb olmalıdır. Çünki qəhrəman bütün vəziyyətlərdə mütləq "yaxşı" olanda maraqlı olmur. Bu zaman tamaşaçının onun üçün narahat olmağa elə bir səbəbi qalmır. Ancaq onun zəifliklərini bəri başdan müəyyən edəndə auditoriyanı narahatlıq içində saxlamaq asan olur.
  7. Baş qəhrəmanınıza ən zəif yerindən hücum edin. Özü də bunu edəndə amansız olun. Qoy o göstərmək istəmədiyi cəhətlərini ortaya qoymalı olsun. Bu zaman onların gizli sirləri və psixoloji yaraları üzə çıxır, konflikt daha dərin və daha zəngin olur. Tamaşaçı da bunu görmək istəyir.
  8. Hekayənin əvvəlində baş qəhrəmanınız hadisələrin bütün detallarını bilməsin, sonradan öyrənsin. Təsir əks-təsirə bərabərdir və heç nə göründüyü qədər asan deyil. Vəziyyət mürəkkəbdir, xüsusən onun gözlə görünməyən hissəsi. Bu zaman auditoriyanızın geniş mənzərəni görməsi də, görməməsi də normaldır. Bəzən auditoriyanın baş verənləri baş qəhrəmanla birlikdə kəşf etməsini istəyirsiniz. Ancaq bütün bunlardan asılı olmayaq, qoy, qəhrəman detalları yolüstü kəşf etsin.
  9. Qəhrəmanınız haqda mənfi düşünməyə çalışın. Onu çox sevirsinizsə, bu, çətin ola bilər. Bu üsulun tətbiqi baş qəhrəmanı daha real göstərməyə kömək edir. Real insanların qüsurları olduğunu bilirik. Bir adamı çox sevəndə isə onların hərəkətlərini qərəzsiz görmək çətin olur. Ancaq bu müsbət qərəzi aradan qaldıranda baş qəhrəman daha insani və daha inandırıcı olur.
  10. Baş qəhrəmanı dəyişdirin. Qoy, o, hekayə gedişində daim öyrənsin. Necə dəyişsin? Nəyi öyrənsin? Necə başqa adam olsun? Yolun sonunda qəhrəmanınız başqa adam olacaq; hekayə boyu başına gələnlər onu dəyişdirəcək. Əgər hekayənin sonuna doğru qəhrəmanınızın əxlaqi keyfiyyətləri və müdrikliyi artmayacaqsa, yolun əvvəlindən bu ssenarini yazmağın mənası yoxdur. Çünki insana aid fundamental prinsiplərdən biri odur ki, insan dəyişməyə qadirdir.
XS
SM
MD
LG