Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 20:34

Kristofer Nolandan ssenari yazmaqla bağlı 20 tövsiyə


Kristofer Nolan
Kristofer Nolan

"No Film School" portalı bir çox uğurlu filmin ssenari müəllifi olan britaniyalı rejissor Kristofer Nolanın ssenari yazmaqla bağlı tövsiyələrini dərc edib.

1. Hekayənizin səthi olmasına imkan verməyin. Mənfi qəhrəman vasitəsilə auditoriyaya emosiya göndərin. Emosiya hekayə boyu sizi ayaqda saxlayan şeydir. İnsanların diqqətini itirməmək üçün onların hekayənin emosiyalarını və baş qəhrəmanın seçimlərini anlamasına nail olmalısınız.

2. Qeyri-müəyyənlik filmin ən vizual dilidir. Hekayəni subyektiv bucaqdan və müəmma dilində nəql edin. Sizin işiniz insanları əyləndirməkdir. Yazmaqla çox şey edə bilərsiniz. İnsanları qəhrəmanlara görə narahat olmağa məcbur edə bilərsiniz. Onları eyni zamanda həm həyəcanlandıra, həm də qorxuda bilərsiniz.

3. Auditoriyanı qəhrəmanın beyninin içinə aparıb özlərini sorğulamağa məcbur edin. Qəhrəmanınız nə istəyir? Yazdığınız bütün hekayə qəhrəmanınız və onun məqsədləri ətrafında formalaşır. Auditoriyanın qəhrəmanın məqsədlərini anlamasına imkan verin. Bundan sonra auditoriya onun hərəkətlərini anlamağa başlayacaq.

4. Yazarkən qəhrəmanları real insanlar kimi təsəvvür edin. Beyninizdə aktyorları və ya tanışlarınızı tutmaqla özünüzü çərçivəyə sala bilərsiniz. Qoy bu "real" insanların seçimləri və istəkləri də real olsun.

5. Kinematoqrafiyanın imkanlarından gen-bol istifadə edin. Kinoda qayda və məhdudiyyətlərin olmaması faktını qəbul edin. Hollivudun məhdudiyyətləri ola bilər. Ancaq kinematoqrafiyanın məhdudiyyətləri yoxdur. İnsanların hekayədən gözləntilərinə meydan oxumağa davam edin. Janrları dəyişin, ifadə tərzlərini dekonstruksiya edin, gözləntiləri dağıdın, auditoriyaya heç kimin gözləmədiyini verin.

6. Hətta hekayəniz xəyali dünya haqqında olsa belə elə edin ki, o dünyanın özünə məxsus qaydaları olsun. Yazarkən ssenaridəki dünyanın qaydalarını qoymalısınız. Burada nə baş verir, auditoriya nələri gözləyə bilər? Qoyulan qaydalar insanlara janrı və müəyyən məqamları anlamağa kömək edir. Qaydaların anlaşılan olmasına çalışın.

7. Hekayənizə xoşunuza gələn elementi daxil edərkən həmişə filmdə ondan istifadənin tutarlı səbəbi olmalıdır. "Bu "kul" olduğu üçün bunu etdik" arqumenti hər zaman işləmir. Hər bir seçimin arxasında motiv olmalıdır. Film ssenariləri bir növ zəncirvarı reaksiyalardır. Hadisələr özü-özünə baş vermir, daha öncə baş vermiş başqa hadisələrdən törəyir. Elə dəli səbəblər tapın ki, nəticələr insanların ağlını alsın.

8. Necə bir film çəkirsinizsə çəkin, elə edin ki, qəhrəman sözləri ilə yox, hərəkətləri ilə tanınsın (nuar janrındakı filmlər kimi).

9. Qeyri-adi qəhrəmanı götürüb adi dünyaya, reallığın içinə yerləşdirin. Qəhrəmanınızı işləyərkən onun hansı güclü tərəfləri olduğunu düşünmüsünüz? Onlar niyə və hansı əlamətlərinə görə yaşadıqları dünyada hamıdan seçilirlər? Onları maraqlı edən nədir?

10. Hekayənizin gedişatını artıq bilirsinizsə, oturub bütün ssenarini yazmağa çalışın. Heç vaxt sonluğunu bilmədiyiniz şeyi yazmağa çalışmayın. Eskiziniz nə qədər detallı olsa, ssenariniz də o qədər tez hazır olacaq. Sonluğu biləndə yazmağa başlayın. Ondan öncə yazmayın.

11. Rejissor kimi kadra ikiölçülü şəkil kimi baxa bilməlisiniz. Ancaq hər şeyin üçölçülü fəzada olduğunu təsəvvür edin. Səhnələri üçölçülü fəzada baş verirmiş kimi yazın. Sadəcə ön və arxa planı düşünməyin. Kimin gəlib, kimin getdiyini düşünün.

12. Güclü tərəflərinizdən istifadə edin. Yazarkən hansı güclü tərəfləriniz var? Bəlkə, siz çox gözəl dialoqlar qura bilirsiniz? Bəlkə, müəyyən bir janrda çox yaxşı yaza bilirsiniz? Güclü tərəflərinizdən yararlanın. Onlara güvənin. Qoy güclü tərəfləriniz sizə yol göstərsin, sizi istədikləri yerə aparsın.

13. Sizə maraqlı gələn şeyləri tapıb auditoriyaya maraqlı gələcək hala gətirin. Sizin özünüzə maraqlı gələn şeylər haqda yazmaq çox vacibdir. Özünüzün öyrənmək, kəşf etmək istədiyiniz şeylər haqda yazın. Qoy sizin bu həvəsiniz oxucunuza da yoluxsun.

14. Məqsəd əlinizdən gələn ən yaxşı filmi ortaya çıxarmaqdırsa, işçi münasibətləri qoruyub saxlayın.

15. Hekayənizə çoxlu qatlar əlavə edin. "Qatlar" dedikdə qəhrəmanlarınızın çoxçalarlı olması nəzərdə tutulur. Qoy ssenariniz səthi yox, sənət dolu olsun. Burada simvolizmə, yaxud hekayə nəql etmənin başqa bir səviyyəsinə müraciət edə bilərsiniz.

16. Özünüzün görmək istədiyiniz filmi çəkin. Bu, klişe səslənə bilər. Ancaq özünüz kinoteatra gedib necə bir film izləmək istəyirsiniz? Trendə uyaraq yazmağa çalışmayın. Özünüz ekranda baxmaq istədiyiniz şeyi yazın. Əks halda, əziyyət çəkib yazmağın nə mənası var?

17. Sizə ilham verən şeylərdən yazın. Ssenarini bitirmək üçün həvəsli olmalısınız. Həvəsiniz nəyədir? İlham olmadan yazsanız, insanlar bunu görəcək. Layihənizə və onun başqa insanlara təsirinə inanın.

18. Struktura riyazi yanaşın. Ssenarini pazl kimi təsəvvür edin. Gözəl bir şey yaranması üçün bütün hissələr bir-birinə uyğun gəlməlidir. Anlamalısınız ki, əlavə etdiyiniz hər bir detal bir hissəyə yox, bütün ssenariyə əlavə olunur.

19. Sevdiyiniz janrı götürüb tərsinə çevirin. Əyləncəli saydığınız tərz və ideyaları düşünün. Onları tərsinə çevirib orijinal fikir ortaya qoya bilərsinizmi?

20. Növbəti ideyanız hazır olsun. "Bundan sonra nə etmək istəyirsiniz" sualına cavab verərkən lazım olacaq.

Beyin fırtınası edin.

XS
SM
MD
LG