Britaniyada 100-dən çox aktyor və ictimai xadim açıq məktub imzalayaraq əyləncə industriyasında insanların yaşlarına görə "eycizm"ə - ayrıseçkiliyə uğramasına etirazlarını bildiriblər. Bu sənətçi və ictimai xadimlər yaşlı qadınların ekranda daha yaxşı təmsil edilməsini istəyiblər.
Məktubu imzalayanlar arasında Emma Tompson, Liam Nison, Hyu Bonnevill, Kili Hous, Lesli Menvill, Riçard Qrant, Devid Tennant, Zave Eşton, Mira Sayal və Culyet Stivenson kimi tanınmışların adları var.
"Acting Your Age Campaign" (AYAC) qrupunun tərtib etdiyi bu məktubda Britaniya ekranlarında kişilərin "tam ömür" yaşadığı halda, qadınlara yalnız "rəf ömrü" qismət olduğu yazılıb. Məktubun müəllifləri yaşı 45-i aşan kişi və qadınların bərabər təmsil olunmasına imkan verən "bərabərlik təminatı" tələb ediblər.
"Gənc aktrisalar sabahın işsiz ortayaşlılarıdır"
"Bugünün işinə yüksək tələb duyulan gənc aktrisaları sabahın işsiz orta yaşlı aktrisalarıdır. Bizlər nəsli ayrıseçkiliyə məruz qalan qadınların son nəsli olmağa nail olmaq üçün mübarizə aparırıq", - məktubda belə yazılıb.
Məktubda daha sonra deyilir: "Qadınları hədəfə alan eycizm bu sahənin kök atmış və köhnəlmiş özəlliklərindəndir. [Buna yol verənlər] yaşı 45-i aşan qadınların bizim həyat hekayətimizi danışdığını görmək istəyən milyonlarla auditoriya üzvünü nəzərə almırlar".
Qurumun tövsiyələri
AYAC dörd il öncə Niki Klark tərəfindən qurulub və qurumun bu tövsiyələri var:
- Ekran üçün hazırlanan və baş rollarında… kişi və qadınların olduğu hər cür proqramlarda gender bərabərliyi qorunmalı, onlar yarı-yarıya nisbətdə təmsil olunmalıdırlar.
- …Dram və komediya proqramlarında 50:50 yaş və gender nisbəti gözlənməlidir. Bu, yaşla əlaqəsi olan bütün teleradioyayım müxtəlifliyi təşəbbüslərinə də aiddir;
- Sənədli filmlərin aparıcıları bərabər, yaşı 45-i aşan kişi və qadınlar arasında 50:50 gender nisbəti ilə təmsil olunmalıdır;
- Siyasi panel, müzakirə, xəbər paketləri və studiya qonaqlarında yaş bərabərliyi gözlənilməlidir;
- Ünlülər və əyləncə sektoru haqqında xəbərlər yaşı 45-i aşan kişi və qadınları bərabər təmsil etməli və onların yaxın dövrdə çəkilmiş fotolarından faydalanmalıdır.
"Bu, yaradıcılıq azadlığına hücum deyil"
Qurum eyniyaşlı kişilərlə qadınlara fərqli münasibət göstərilməsi faktını və nisbətən yaşlı qadınlara qarşı mənfi stereotiplərin olduğunu vurğulayıb: "Bu, yaradıcılıq azadlığına hücum deyil. Bu, çox tez-tez yaradıcılıq azadlığı pərdəsi altında yaşlı qadınların istisna olunmasına imkan verilməsini vurğulamaqdır".
Kontent landşaftını dəyişməyə, bu sahədə çalışan yaşlı qadınlara qarşı ayrıseçkiliyi aradan qaldırmağa çalışan başqa təşəbbüslər də var. "Ancaq yaşlı kişiləri müdrik və arzulanan, yaşlı qadınları isə atılmalı biçimdə göstərməyə daha meylli olan mədəniyyətdə bu, çətin işdir", - "Forbes" jurnalı belə yazıb.
"Writers Lab US" və "Writers Lab UK&Ireland" yaşı 40-ı aşan qadın və qeyri-binar (ikili, biranlamlı olmayan – red.) şəxslərə seminarlar keçirir. Bu qurumlar da sözügedən sahədə ayrıseçkiliklə mübarizə aparır. Onlar seçilmiş müraciətçilərə bu sahədə böyük təcrübəsi olan qadın mentorlarla işləmək imkanı verir. Belə təşəbbüslər faydalı olsa da, yalnız 12 nəfərədək yazarın seminarlara qatılması yetərli deyil. AYAC-ın açıq məktubu Britaniyada durumun ciddilik dərəcəsini ortaya qoymaqla yanaşı, real tədbirlər görülməsini də tələb edir.