Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Khamenei keçmiş prezidenti nədə suçladı


Ali Khamenei və Mahmoud Ahmadinejad
Ali Khamenei və Mahmoud Ahmadinejad

İranın ali dini lideri ayətulla Ali Khamenei İran daxilində bəzi şəxsləri «düşmənə xidmət etməkdə» suçlayıb.

«Ölkədəki bütün imkanlara nəzarət edən və ya keçmişdə nəzarət etmiş şəxslərin... müxalifət rolu oynamağa ixtiyarı yoxdur», – ayətulla Khamenei çərşənbə günü İslam Mətbuat Təşkilatı qarşısında çıxışında deyib. Müşahidəçilər bu sözlərin hazırda ədliyyə sistemi ilə qarşıdurma yaşayan keçmiş prezident Mahmoud Ahmadinejad və komandasına ünvanlandığını deyirlər.

«İslam inqilabı 40 ildir ömür sürür»

İslam Mətbuat Təşkilatı İran teokratiyasının təbliğat qurumlarından biridir. Onun vəzifəsi islam inqilabının ideologiyasını təbliğ etməkdir.

«Bu gün onlar [Ahmadinejad və yaxın silahdaşları] nəsə deyirlər və bu, Britaniya radiosu və Amerika radiosunda geniş işıqlandırılır. Bu yanaşma düşmənin işinə yarayır», – Khamenei deyib.

***Buna da bax-Tehran polisi bundan sonra hicab qaydasını pozan qadınları saxlamayacaq

Ayətulla Khamenei başqa bir çıxışında Qərb mediası haqqında belə demişdi:

«İslam inqilabının qələbəsindən bir gün sonra onlar onun altıca ay davam gətirəcəyini demişdilər. Sonra dedilər ki, o, iki ildən sonra süqut edəcək. Onlar buna bənzər bəyanatlar yaya-yaya durublar. İslam inqilabı isə 40 ildir ki, həyatdadır və öz gözəl ömrünü sürür».

2009-ci ildə, M.Ahmadinejad-ın yenidən seçilməsinə qarşı güclü küçə etirazlarından sonra ayətulla Khamenei onu tam dəstəkləmişdi. O, bəyanatında M.Ahmadinejad-ın baxışlarının onun baxışlarına yaxın olduğunu demişdi.

Ahmadinejad-la ədliyyə sistemi arasında söz savaşı iyunda – Ahmadinejad-ın keçmiş köməkçisi Hamid Baghaei-nin saxlanmasından sonra başlayıb. Baghaei sonradan ağır zaminlə buraxılıb.

İran parlamentinin bir keçmiş üzvü bildirib ki, Ahmadinejad-a qarşı altı hökm mövcuddur və o, ümumi dəyəri 3 milyard dollar olan maliyyə pozuntularında ittiham olunur.

Hamid Baghaei
Hamid Baghaei

1.3 milyard dollarlıq israfçılıq

İran parlamentinin Audit Məhkəməsi də Ahmadinejad-ın hakimiyyətinin son 18 ayı ərzində təxminən 1.3 milyard dollarlıq neft gəlirini qanunsuz israf etdiyini bəyan edib.

Məhkəmə keçmiş prezidentin həmin pulları geri qaytarması haqda qərar çıxarıb. Parlamentin rəsmi saytında dərc edilmiş qərarda deyilir ki, Ahmadinejad prezidentliyi dövründə neft gəlirlərindən onları Neft Nazirliyindən xəzinəyə düzgün köçürmədən istifadə edib. Məhkəmə Ahmadinejad-ın birbaşa məsuliyyətini tanısa da, ona qarşı hər hansı başqa tədbirlər haqda hökm çıxarmayıb.

***Buna da bax-Khamenei Trump-ı Reagan-la müqayisə edir

Audit Məhkəməsi məhdud cəza gücünə malikdir. O, dövlət rəsmisinin rəsmi maaşının azaldılması, uzaqbaşı vəzifədən kənarlaşdırılması haqda qərar çıxara bilər. Ancaq onun daha sərt hökmlər vermək səlahiyyəti yoxdur.

Bazar günü, dekabrın 24-də həftəlik mətbuat konfransında ədliyyə sisteminin sözçüsü Gholam-Hossein Mohseni Ejei M.Ahmadinejad-ın ruhi xəstə olduğunu deyib. Buna cavab olaraq, Ahmadinejad-ın əsas köməkçisi M.Ejei-ni «ruhi xəstə» adlandırıb.

Söz savaşı davam edib

Ahmadinejad-ın icra məsələləri üzrə keçmiş müavini H.Baghaei isə ədliyyə sisteminin sözçüsünü nasist Almaniyasındakı SS-in (dövlət təhlükəsizlik idarəsi) baş komandanı Heinrich Himmler-lə müqayisə edib.

M.Ahmadinejad-ın birinci prezidentlik dövründə G.H.M.Ejei Kəşfiyyat Nazirliyinin rəhbəri idi. Sonradan o, həmin vəzifədən kənarlaşdırılsa da, Tehranın baş prokuroru təyin edilmişdi.

Ədliyyə sistemi ilə Ahmadinejad düşərgəsi arasında söz atışması həftələrdir ki, davam edir. Ayətulla Khamenei bu məsələdən kənar durmaq qərarına gəlib. Ancaq Tehranın cümə namazı lideri, 86 yaşlı ayətulla Mohammad Emami Kashani İran rəsmilərini bir-birinin paxırını ictimaiyyət qarşısında açıb-tökməməyə çağırıb. Ancaq tərəflər onun çağırışına əhəmiyyət verməyiblər.

Ahmadinejad hələ də ədliyyə sisteminin rəhbəri ayətulla Sadegh Amoli Larijani-ni «tamahkar» və «ədalətsiz» adlandırır. O deyir ki, Larijani dərhal öz vəzifəsindən istefa verməzsə, bütün hakim sistem çökəcək.

Ədliyyə sisteminin rəhbəri birbaşa ali dini lider tərəfindən 5 illiyə təyin edilir. Larijani-nin 5 illik müddəti 2019-cu ilin avqustunda bitir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG