İranın ali dini lideri ayətulla Ali Khamenei ABŞ prezidenti Donald Trump-ı aşağılayıb, onun İranla bağlı kəskin mövqeyinin sərt xətt tərəfdarı olan sələfi Ronald Reagan-ın səyləri kmi uğursuz olacağını deyib.
“REAGAN DAHA YAXŞI AKTYOR İDİ”
“Reagan Trump-dan daha güclü və ağıllı idi. O, hədələməkdə daha yaxşı aktyor idi. O da bizə qarşı çıxdı və təyyarəmizi vurdu”, – Khamenei dekabrın 27-də televiziyayla çıxışında, eləcə də Twitter-də bildirib.
1988-ci ildə ABŞ hərbi gəmisi Körfəz üzərində İranın sərnişin təyyarəsini vurub, təyyarədəki 290 nəfərin hamısı həlak olub. Vaşinqton insidentin səhv olduğunu bildirib. Tehransa bunu İrana qarşı məqsədli hücum adlandırıb. O zaman İran İraqla müharibə aparırdı.
*** Buna da bax: Rohani Səudiyyənin ittihamlarından danışır
“Amma Reagan artıq yoxdur və inancımıza görə, indi Allah qarşısında cavab verir… İransa Reagan dövründən bəri bütün sahələrdə böyük irəliləyiş əldə edib”, – Khamenei deyib.
“Bu tendensiya Amerikanın indiki prezidenti dövründə də davam edəcək və İslam Respublikasının geri çəkiləcəyi, yaxud zəifləyəcəyi sarıdan ümidləri bihudədir”, – İranın hökumət siyasətindən son söz sahibi olan ali dini lider sözlərinə əlavə edib.
İRANA SİLAH İTTİHAMI DA VAR
Trump İranı “diktatura” adlandırıb, administrasiyası isə Tehranın ballistik nüvə fəaliyyətinə görə yeni sərt sanksiyalar qoyub. ABŞ İranın 2015-ci il nüvə sazişinin ruhunu pozduğunu düşünür.
Administrasiya həmçinin İranı Yəmənin husi şiə yaraqlılarını dəstəkləməkdə ittiham edir. Tehran bu ittihamı rədd edir.
*** Buna da bax: Şiələrin lideri kim olacaq
ABŞ administrasiyası husi yaraqlılarının bu il Səudiyyə Ərəbistanına atdığı raketlərin İranda hazırlanmasına dair sübut ortaya qoyduğunu deyir və BMT-nin silah embarqolarını pozduğuna görə Tehrana yeni sanksiyalar qoymağa çağırıb.
Khamenei çıxışında bir məsələdən məmnunluğu bildirib. Onun fikrincə, Trump dövründə Birləşmiş Ştatların İrana qarşı əsl hissləri çılpaqlığıyla ortaya çıxıb. Ali dini liderin deməsinə görə, ABŞ rəsmiləri keçmişdə əsl hisslərini gizlətməklə İranı aldatmağa çalışıblar.
Khamenei həmçinin Trump-ı Qüdsü İsrailin paytaxtı kimi tanıdığına görə sərt tənqid edib. Trump-ın addımı BMT-də keçirilən səsvermədə də pislənib və bu qərara qarşı qətnamə qəbul olunub.