Rusiyadan verilən xəbərlərdə deyilir ki, prezident Vladimir Putin bu ölkədə Sovet repressiyalarının qurbanlarına qoyulmuş abidənin açılışında iştirak edib.
Abidənin açılışı Rusiyada Siyasi Repressiya Qurbanlarının 1991-ci ildə Sovet İttifaqı çökəndən bəri keçirilən xatirə gününə təsadüf edir.
“Kədər divarı” adlı abidənin açılışında iştirakdan əvvəl Putin İnsan və Vətandaş Haqları Komissiyasının iclasına sədrlik edib.
Abidə Moskvanın Sadovaya dairəvi yolu ilə Nobel mükafatı laureatı Andrey Saxarovun adını daşıyan prospektin kəsişməsində yerləşir.
Sovet erasının dissidentləri bu abidənin açılışını tənqid edərək bildiriblər ki, hazırkı hökumətin özü də repressiyalar aparır.
Onlar həmçinin deyirlər ki, “hazırkı siyasi məhbusların diqqətə Sovet dövrü qurbanlarından daha çox ehtiyacı var”.
Vladimir Bukovski, Aleksandr Podrabinek, Mustafa Cemilov, Arina Ginzburq, İqor Quberman və Pavel Litvinov da daxil 40 nəfərin imzaladığı məktubda qeyd olunur ki, repressiya qurbanlarının sovet və qeyri-sovet kateqoriyasına ayrılmasl düzgün deyildir.
Georgi Franqulyanın müəllifi olduğu bu abidə müsabiqəyə təqdim olunmuş 336 işdən biri idi.
Bürüncdən tökülmüş abidə çox sayda sifətsiz insan fiqurlarından ibarətdir.
Abidənin üzərində “Xatırla” sözü bir neçə dillərdə yazılıb.
Prezident Vladimir Putin indiyədək Sovet dövrü barədə bir neçə ziddiyyətli bəyanatlar varib.
O bu ilin iyun ayında bəyan etmişdi ki, Stalini həddən ziyadə tənqid edənlər bundan Sovet İttifaqı və Rusiyanın üzərinə hücum üçün sui-istifadə edirlər.
Stalinin 1920-ci illərdən 1953-cü ildə vəfatınadək davam edən hakimiyyəti illərində bəzi təxminlərə görə 15 milyondan 30 milyonadək insan edamların, əmək düşərgələrinin və aclıqların qurbanı olub.