Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 21:08

Keçmiş hərbi komandan Tacikistana ekstradisiya olunub


Khuja Karimov
Khuja Karimov

Bugünlərdə Birləşmiş Ərəb Əmirliklərindən Düşənbəyə ekstradisiya olunmuş keçmiş hərbi komandana qarşı yeni ittihamlar irəli sürülə bilər.

Bu barədə məlumatı Tacikistan Daxili İşlər Nazirliyi fevralın 20-də verib.

Khuja Karimov Tacikistanda beş il davam etmiş vətəndaş müharibəsində hökümət qoşunlarının komandanlarından biri olub.

Nazirliyin bəyanatında deyilir ki, Karimova qarşı qulduqluq, qətl, girovgötürmə, işgəncə və qanunsuz silahlar kimi ittihamlar irəli sürülə bilər.

Fevralın 19-da dövlət televiziyası Karimovla bağlı süjet göstərmişdi.

Bu süjetdə rəsmilər Karimovun iddia edilən cinayətlərinin qurbanı və ya şahidi olmuş şəxsləri polisə müraciət edərək onlarda olan məlumatları bildirməyə çağırıblar.

59 yaşlı Karimov 2019-cu ilin iyulunda Tacikistanın müraciəti ilə Birləşmiş Ərəb Əmirliklərində həbs olunub.

Karimov fevralın 17-də Düşənbəyə gətirilib.

Tacikistanda vətəndaş müharibəsi 1992-ci ildən 1997-ci ilədək davam edib. Bu müharibədə liberal müxalifətlə islamçıların alyansı Rusiya tərəfindən dəstəklənən Tacikistan hökumətinə qarşı döyüşürdü.

Müxtəlif təxminlərə görə bu münaqişədə 20 minlə 100 min arasında insan həlak olub.

Bu müharibə Moskvada qarşı duran tərəflər arasında sülh sazişinin imzalanması ilə başa çatıb.

Xəbər verildiyinə görə bu müharibədə “komandan Khuja” kimi tanınan Karimov qəddarlığı ilə fərqlənirdi.

Sülh sazişi imzalandıqdan sonra o Müdafiə Nazirliyi xüsusi briqadasının komandan müavini və Tacikistan Futbol Federasiyasının prezidenti idi.

Karimov Tacikistan hökuməti ona qarşı cinayət işi açdıqdan sonra 2005-ci ilin sentyabrında Malayziyaya qaçmışdı.

XS
SM
MD
LG