Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:32

CBC: ‘Pozuntulara baxmayaraq, Kanada Azərbaycana silah satır’


"AZCAN Huron APC” çoxməqsədli taktiki nəqliyyat vasitəsidir.
"AZCAN Huron APC” çoxməqsədli taktiki nəqliyyat vasitəsidir.

Kanadanın Azərbaycana silah satışına dair sazişi silah ixracına nəzarətlə bağlı yeni suallar yaradır. Azərbaycanda insan haqları sarıdan narahatlıqlara baxmayaraq, zirehli maşınların ixracına icazə verilib.

Bu haqda Kanadanın Yayım Korporasiyası (Canadian Broadcasting Corporation - cbc.ca) yazır.

Məlumatda bildirilir ki, Kanada şirkəti Azərbaycana zirehli piyada döyüş maşınlarının satışı və Azərbaycanda belə maşınların birgə istehsalına dair saziş imzalayıb. “Bu fakt Kanadanın müdafiə sahəsində ixraca nəzarətin səmərəliliyi haqda suallar yaradır”, – məqalədə deyilir.

Buna da bax:​ Prezidentin dediyi hansı silahlardır?

“BİR NEÇƏ” APC AZƏRBAYCANA ÇATDIRILIB

Müqaviləni Torontoda mənzillənən “INKAS Armored Vehicle Manufacturing” şirkəti Azərbaycanın Daxili İşlər nazirliyi ilə imzalayıb. Sazişə əsasən, şirkət “bir neçə” Kanada istehsalı olan zirehli piyada döyüş maşınını (APCs) artıq Azərbaycana çatdırıb.

Oxşar maşınların Azərbaycanda istehsalından ötrü birgə müəssisə də yaradılıb. Məlumatı INKAS şirkətinin marketinq və biznesin inkişafı üzrə vitse-prezidenti Roman Shimonov verib. O, “AZCAN Defence Solutions” birgə müəssisəsinin rəhbəri təyin olunub.

“Azərbaycan coğrafi məkan baxımından unikal ölkədir, İran, Ermənistan və Türkiyənin arasında yerləşir. Başqa ölkələrdən daha çox resursları var və müdafiə məsələsində daha çox imkan qazanmaq istəyirlər – təkcə müdafiə deyil, sərhədlərini də qorumağa çalışırlar”, – deyən Shimonov hərbi avadanlığın ixracı zamanı hökumətin qaydalarına tam əməl olunduğunu vurğulayıb.

Buna da bax:​ Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb

“Silahlara nəzarət qurumlarının yazılı icazəsi olmadan heç nə sata bilmərik və bunu əldə edən kimi bilirik ki, Kanada hakimiyyəti bunu yoxlayıb və təsdiqləyib”, – Shimonov söyləyib.

“MÜRACİƏTLƏR BİR-BİR DƏYƏRLƏNDİRİLİR”

Hərbi malların ixracına icazə verən federal departament – “Global Affairs Canada”dan bildirilib ki, hərbi, strateji məhsulların ixracı üçün bütün müraciətlər bir-bir dəyərləndirilir. “Regional sülh və sabitlik, vətəndaş münaqişəsi və insan haqları, eləcə də ixrac olunan mal və texnologiyanın icazəsiz transferinin mümkünlüyü fəal şəkildə nəzərdə keçirilir”, – qurumun sözçüsü Natasha Nystrom deyib.

Azərbaycanda insan haqlarının durumunun yaxşı olmamasına baxmayaraq, federal hökumətin bu ölkəyə APCs ixracı üçün INKAS şirkətinə icazə verməsinə gəlincə, Nystrom deyib:

“Kanadayla Azərbaycan qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq edirlər. Biz Azərbaycanda fundamental azadlıqlara, özəlliklə də jurnalistlərə və insan haqları müdafiəçilərinə təzyiqlərdən narahatıq”.

Buna da bax:​ Rusiyanın silah ixracatçısı rolu zəifləyə bilər

Məqalədə beynəlxalq insan haqları qruplarının Azərbaycanda insan haqlarının durumunu tənqid etməsi yada salınır. Qeyd olunur ki, 2015-ci ilin noyabrında polis Nardaranda İsrail istehsalı olan zirehli piyada döyüş maşınlarından istifadə edərək əməliyyat keçirib, altı nəfər ölüb, onlarla şəxs həbs olunub. Həmin maşınlar INKAS şirkətinin istehsalı olan maşınların oxşarıdır.

“HÖKUMƏTİN ÖZ QAYDALARINA ZİDDİR”

“Bu maşınların ixracına icazə verilməsi hökumətin özünün ixraca nəzarət qaydalarına ziddir. Həmin qaydalara görə, Kanadadan müdafiə ixracı ‘milli yaxud regional münaqişələrə və ya sabitsizliyə töhfə verməməlidir’”, – məqalədə deyilir.

Yazıda cəbhə xəttində ötənilki aprel toqquşmalarına, Ermənistan silahlı qüvvələriylə atəşkəsin, demək olar, hər gün pozulmasına toxunulur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son iyirmi ildə topladığı məlumata görə, Azərbaycan neft sərvətinin 30 milyard dollarını ordunun silahlanmasına sərf edib, Rusiya, İsrail, Türkiyə, Ukrayna və Pakistandan silahlar alıb.

Buna da bax: Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır

“Onların torpaqlarının bir hissəsi işğal olunub və hərbi imkanlar baxımından rəqabətədavamlı olmaq istəyirlər. Ona görə də əsgərlərini qorumağa, ən yaxşı avadanlıqlarla təchiz etməyə çalışırlar”, – deyən Shimonov “INKAS”ın zirehli maşınlar buraxmadığını iddia edib. O, şirkətin hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş hərbiləşdirilmiş maşınlar istehsal etdiyini vurğulayıb. Di gəl, şirkətin saytında bildirilir ki, “INKAS Sentry APC” hərbi qüvvələr, xüsusi təyinatlı bölmələr, hüquq mühafizə agentlikləri tərəfindən bütün dünyada istifadə oluna bilər.

AZCAN Huron APC hərbi maşınları
AZCAN Huron APC hərbi maşınları

"SENTRY APC" PREZİDENTƏ DƏ TƏQDİM OLUNUB

“INKAS Huron APC” çoxməqsədli taktiki nəqliyyat vasitəsidir, öz sərnişinlərini istənilən iqlim şəraitində daşıya, qoruya bilir. Nəqliyyat vasitəsi polis və ordu qüvvələrinin taktiki missiyalarında, konvoyların mühafizəsində, sərhədlərə nəzarətdə istifadə olunmaq üçün hazırlanıb.

Buna da bax: Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək

AZCAN-ın yeni ISR zirehli maşını İsrailin IAI və “General Robotics” şirkətləri tərəfindən işlənib hazırlanmış, məsafədən idarə olunan “Pitbull” döyüş modulu ilə təchiz edilib. Ötən il Bakıda keçirilən ADEX 2016 silah sərgisində Shimonov “Sentry APC”-ni prezident İlham Əliyevə təqdim edib.

Qeyd edək ki, Qərb ölkələrinin insan haqları pozuntularına baxmayaraq, Azərbaycana silah satması daha öncə də beynəlxalq mediada tənqid olunub. Ancaq hakimiyyət təmsilçiləri insan haqlarının durumuyla bağlı deyilənləri qəbul etmirlər, həmin silahlardan narazıların susdurulmasında istifadə olunmadığını vurğulayırlar. Hökumətin mövqeyini müdafiə edənlər ölkədə bütün təməl insan hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG