Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:22

Prezidentin dediyi hansı silahlardır?


İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. 17aprel2017
İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. 17aprel2017

Prezident İlham Əliyev deyir ki, yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracı güclənib, silah ticarəti artıq ölkəyə böyük həcmdə valyuta gətirir, xarici mediada reklam kampaniyalarına başlamaq lazımdır. Azərbaycan xaricə hansı silahları satır?

Deputat: “Söhbət uçan obyektlərdən və mərmilərdən gedir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev Azərbaycanın bu sahədə “böyük uğurlar” qazandığını, bir sıra sərgilərə çıxarılan yerli silah-sursatın “rəqabətə dözümlü” olduğunu, artıq Müdafiə Sənayesi Nazirliyinin sifarişlər aldığını bildirir.

Buna da bax:​ Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb

Fərəc Quliyev
Fərəc Quliyev

“Ermənistandan fərqli olaraq Azərbaycan paradı da öz silahlarıyla, hərbi maşınlarıyla keçirirdi. Müxtəlif çaplı silahların istehsalından başqa, müştərək istehsal edilən çox ciddi silahlardan, uçan obyektlərdən, mərmi növlərindən söhbət gedir. Özümüzü silahla təchiz etməkdən başqa həm də satış üçün bazarlar axtarırıq və məndə olan məlumata görə, bəzi ölkələrlə sazişlər də bağlanıb”.

Deputat Azərbaycan istehsalı olan silahlarla beynəlxalq bazara çıxmağı mümkün sayır, “Biz heç bir xalqdan təfəkkür baxımından geri qalmırıq” söyləyir. Bəs söhbət hansı silahdan gedir? Fərəc Quliyev cavab verir: “Mən silahların adını bilmirəm. Hətta məlumatım olsaydı da, bunu deməli deyildim”.

Fərəc Quliyev: "Məndə olan məlumata görə, bəzi ölkələrlə sazişlər də bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

“Azərbaycan İsrail, ABŞ və ya Rusiya ilə yarışmaq niyyətində deyil”

Buna da bax:​ Rusiyanın silah ixracatçısı rolu zəifləyə bilər

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov

İstefada olan zabit Üzeyir Cəfərov Azərbaycanın İsrail, ABŞ və ya Rusiya kimi qüdrətli silah istehsalçıları ilə yarışmaq niyyətində olmadığını, sadəcə, özü kimi “kiçik ölkələrin” tələbatına uyğun silah-sursat istehsal etdiyini bildirir. Bu da, əsasən, postsovet ölkələridir.

O, Müdafiə Sənayesi Nazirliyinin tank və ya hərbi təyyarə istehsal etmədiyini, amma müəyyən uğurlar qazandığını düşünür. Ü. Cəfərov Azərbaycanın, əsasən, yüngül silahların, avtomatların, xüsusən də “İstiqlal” tüfənginin, pilotsuz uçan aparatların, mərmilərin, Cənubi Afrika Respublikası ilə birgə istehsal edilən zirehli texnikanın xaricə satıldığını deyir.

Üzeyir Cəfərov: "Postsovet ölkələri Azərbaycan mallarına maraq göstərirlər"
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

Ekspertin sözlərinə görə, xarici alıcını Azərbaycan malının həm qiyməti, həm də keyfiyyəti cəlb edir: “Yəqin, ölkə başçısı da silah satışından valyuta əldə edilməsindən danışanda bunu nəzərdə tutur. Postsovet ölkələri Azərbaycan mallarına maraq göstərirlər. Azərbaycan tək özü istehsal etmir, həm də Pakistan, İsrail, Türkiyə ilə birgə mal buraxır. Bu da yaxın zamanda büdcəyə gəlir gətirə bilər”.

Buna da bax:​ Müdafiə sənayesi silah istehsalını artırıb

Rəhim Qazıyev: “İstəməyənin gözü çıxsın”

Hərbi ekspert Telman Əbilov Azərbaycanın xaricə daha çox yüngül silahlar ixrac etdiyini, daha bahalı tank və ya daha ağır hərbi texnika satmadığını bildirir. Ekspertin sözlərinə görə, ölkə, hələlik, bundan böyük gəlir götürməsə də, növbəti 15-20 ildə vəziyyət dəyişə bilər. Ancaq bu halda da Azərbaycanın bazarının daha çox Rusiya, Ukrayna istisna olmaqla, MDB, eləcə də ərəb ölkələri ola biləcəyini deyir. Bununla belə, Telman Əbilovun sözlərinə görə, Azərbaycan İsrail, Rusiya kimi silah istehsalçısı olan ölkələrlə rəqabət apara bilməz, nə indi, nə də gələcəkdə.

Keçmiş müdafiə naziri Rəhim Qazıyev
Keçmiş müdafiə naziri Rəhim Qazıyev

Keçmiş müdafiə naziri Rəhim Qazıyev prezidentin silah ticarətinin ölkəyə böyük həcmdə valyuta gətirməsi haqda dediklərinə şübhəylə yanaşır: “O, ali baş komandandır. Düzünü o bilir. Amma bəzən prezidentin dediklərinin yalan olduğu da ortaya çıxır. 2015-ci ilin yanvarın 10-da İlham Əliyev elan etdi ki, sürətlə inkişaf edirik, manatın arxası möhkəmdir, xarici sərmayədarları da Azərbaycana investisiya qoymağa dəvət etdi. Amma fevralın 21-də manat 36 faiz devalvasiyaya uğradı. İndi prezident silah satmaqla valyuta qazandığımızı deyirsə, təki elə olsun, istəməyənin gözü çıxsın, amma...”

Buna da bax: Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır

Keçmiş nazir də dünyada ABŞ, Çin, Rusiya kimi qüdrətli silah istehsalçılarının olduğunu yada salır: “Əgər biz onların qarşısına nəsə qoya bilmişiksə, böyük hadisədir”.

Rəhim Qazıyev Azərbaycanda silah istehsalına töhfə verəcək alimlərin olduğuna şübhə etmir, hətta 1990-cı illərdə hökumətin buna hazırlıq gördüyünü, sadəcə, maliyyə olmadığından yarımçıq qaldığını söyləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG