Ukraynanın Zaporojye vilayətinin Rusiya tərəfindən işğal olunmuş ərazisində kadırovçularla dağıstanlılardan ibarət dəstə arasında döyüş olub.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində dərc olunmuş məlumatda deyilir ki, hər iki tərəfdən onlarca döyüşçü həlak olub.
İnsidentin Mixaylovka yaşayış məntəqəsində baş verdiyi bildirilir.
Bu kəndə kadırovçuların komadirlərindən biri barədə süjet çəkmək üçün rusiyalı təbliğatçılar gəlmişdilər.
Elə çəkiliş vaxtı kadırovçularla dağıstanlılar arasında başlayan mübahisə az sonra tam mənasında döyüşə çevrilib.
Ukrayna Baş Qərargahının məlumatında iddia olunur:
“Toqquşma zamanı işğalçılardan biri ağır yaralanıb və bu da döyüş birlikləri arasında qumbaraatanlardan, qumbaralardan və avtomatlardan istifadə ilə vuruşmaya səbəb olub”.
Hər iki tərəfdən 20-dək hərbçinin həlak olduğu, daha 40 döyüşçünün yaralandığı xəbər verilir.
Bundan əvvəl
Bundan əvvəl işğal atında olan Mariupol şəhərinin ukraynalı meri Pyotr Andryuşşenko Donetsk vilayətinin Mariupol rayonundakı Urzuf kəndində baş vermiş atışma nəticəsində 7 yerli sakinin həlak olduqlarını bildirib.
Mer bundan əvvəl teleqram kanalında avqustun 11-də kadırovçuların iştirakilə atışma baş verdiyini, kəndə giriş və çıxış yollarının bağlandığını yazmışdı.
Mariupol şəhər sovetinin məlumatına görə Urzufdakı atışma kadırovçularla Rusiyanın işğal hərbi kommendantlığının hərbçiləri arasında baş verib.
Ölən və yaralananların olduğu xəbər verilir.
Çeçenistan inkar edir
Çeçenistanda bu hadisənin baş verdiyini inkar edirlər. Respublikanın mətbuat naziri Axmad Dudayev xəbəri “feyk” adlandırıb və deyib ki, “çeçen millətindən heç kəsin bu insidentlə bağlılığı yoxdur”.
Amma o da atışma faktının olduğunu etiraf edib.
Ukrayna tərəfinin versiyasına görə çeçen hərbi birləşməsinin sayı bəlli olmayan nümayəndələri Azov dənizinin sahilindəki Urzufa istirahətə gəliblərmiş.
Orada onlar və hərbi kommendaturanın əməkdaşları arasında mübahisə düşüb. Andryuşşenko yazır ki, “daha sonra poqoncırma, ardınca da atışma baş verib”.
Andryuşşenkonun sözlərinə görə atışma zamanı yerli sakinlərdən olan iki yeniyetmə qız da həlak olub.