Avqustun 14-də Moskva birjasında 1 dolların qiyməti 101 rubla qalxıb.
Bu rublun 2022-ci ilin 23 martından bəri ilk belə ucuzlaşmasıdır. Hazırda 1 avro 111 rubldur.
Avqustun əvvəllərindən bəri ABŞ dolları 10 rubl (11 faiz) bahalaşmışdı. Amma ilin əvvəli ilə müqayisədə rubl dollara nisbətdə 40 faiz ucuzlaşıb.
2022-ci ilin martında 1 dollar 121 rubl olmuşdu.
RBK agentliyi ekspertlərinin fikrincə rublun zəifləməkdə davam etməsinin əsas səbəbi ixracdan əldə olunan gəlirlərin azalmasıdır. Eyni zamanda idxalçıların və iri biznesin xarici valyutaya ehtiyacı var.
Neftin bahalaşması kömək edə bilərdi, amma
Ekspertlərin rəyinə görə rublu ucuzlaşdıran digər faktor rusiyalıların və qeyri-vətəndaşların Rusiyadakı aktivlərindən xarici valyutanı ölkədən çıxarması ilə bağlıdır.
Rusiya Bankı sədrinin müavini Aleksey Zabotkin isə deyib ki, milli valyutanın zəifləməsində əsas rolu idxal-ixrac əməliyyatlarının dinamikası oynayıb.
O qeyd edib ki, hazırda ixracın dəyəri ötən ilin ikinci yarısı ilə müqayisədə üçdə bir qədər azalıb, eyni zamanda idxal həcmləri artıb.
Ekspertlər bildirirlər ki, rublu neft qiymətlərinin artması gücləndirə bilər, lakin bu, tezliklə gözlənmir.
Deputat: “Dolların kursuna tüpürən yoxdur”
Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin isə rublun zəifləməsinə görə Rusiya Bankını və onun “yumşaq maliyyə-kredit siyasətini” ittiham edib.
Ötən həftə Mərkəzi Bank ilin sonunadək büdcə çərçivəsində xarici valyutanın alınmasını dayandırıb.
Lakin ekspertlər bildirirlər ki, bu addım hələ ki, rublun məzənnəsinə təsir göstərməyib.
Amma Rusiya Dövlət Duması maliyyə bazarları komitəsinin başçısı Anatoli Aksakov deyib ki, rusiyalıların əksəriyyəti dolların məzənnəsinə heç “tüpürmək də istəmir”:
"Üzlərdə təbəssüm var. Heç kim dolların məzənnəsinin 100 dollara çatmasından narahat deyil”.
Lakin Oreşkin bildirib ki, zəif rubl iqtisadiyyatın struktur transformasiyasını mürəkkəbləşdirir və əhalinin real gəlirlərinə mənfi təsir göstərir.
Avqutun 14-də Rusiya Bankı bildirib ki, rublun zəifləməsi maliyyə stabilliyinə risk yaratmır. Bank faiz dərəcəsinin yaxın vaxtlarda artırılacağının işarəsini verib.
Müharibə əsas faktordur
Reuters agentliyi yazır ki, rublun təlatümlü məzənnəsini Ukraynadakı müharibə şərtləndirir.
Müharibədən əvvəl 1 dollar 75 rubl idi.
Londondakı BlueBay Asset Management firmasının aparıcı eksperti Timoti Eş deyib ki, rublun ucuzlaşmasının əsas səbəbi Moskvanın Ukraynada apardığı müharibədir:
"Buna təkcə Avropada qaz bazarının itirilməsi ilə bağlı gəlirlərin azalması deyil, həm də G7 qrupunun Rusiya neftinə qoyduğu qiymət tavanı təsir edir”.
Lakin moskvalı müstəqil ekspert İan Melkumov rublun zəif kursuna görə Mərkəzi Bankı günahlandırıb.
O bildirib ki, Mərkəzi Bank vəziyyətə nəzarət edə bilmir.
Ekspert deyib ki, bank rublun kursunu düzəltmək məqsədilə faiz dərəcəsini 20 faizədək artıra bilər, amma Mərkəzi Bank iqtisadiyyatı və biznesi ötən il olduğu kimi “öldürmək” istəmir.