Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Jurnalistlər 'stop-a stop!' dedilər


Jurnalistlərin aksiyası
Jurnalistlərin aksiyası

Ölkədən çıxışına yasaq qoyulan bir qrup jurnalist 3 May Ümumdünya Media Azadlığı Günü münasibətilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binası önündə etiraz aksiyası keçiriblər.

Jurnalistlər deyiblər ki, ölkədən çıxışlarına qoyulan yasağa etiraz edirlər və bunu qanunsuz adlandırıblar: «Dörd ildir ki, MeydanTV ilə bağlı qaldırılan cinayət işinə görə bizim ölkədən çıxışımıza yasaq qoyulub. Rəsmi olaraq bizə izahat vermirlər, amma qeyri-rəsmi bu qadağaya səbəb həmin cinayət işlərində jurnalistlərin şahid kimi keçmələrini göstərirlər. Azərbaycan qanunvericiliyinə görə, şahidə hər hansı məhdudiyyət tətbiq oluna bilməz, bunun özü qanun pozuntusudur».

Aksiyada bildirilib ki, ölkədən çıxışına məhdudiyyət qoyulan jurnalistlər tək MeydanTV ilə əməkdaşlıq edənlər olmayıb. Azərbaycanda müxtəlif media orqanı ilə bağlı açılmış cinayət işlərinə görə də bir sıra başqa jurnalistlərin ölkədən çıxışına yasaq qoyulduğu açıqlanıb. Aksiyada qeyd edilib ki, illərdir nə bu cinayət işləri başa çatır, nə də qadağalar götürülür.

Aksiyada o da deyilib ki, MeydanTV ilə hətta bir neçə ay əməkdaşlıq etmiş, onun saytında bir neçə yazısı dərc edilən şəxslərin də ölkədən çıxışına məhdudiyyət qoyulub. «Əgər bu məhdudiyyəti tətbiq edənlər bununla bizi öz tərəflərinə çəkəcəkləri və ya susdura biləcəklərini düşünürlərsə, səhv edirlər. Necə ki, indiyə kimi istintaqa çağırırdılar, gedib ifadə verib, izahat verib gəlib öz işimizi görürdüksə, bundan sonra da elə davam edəcək», - deyə jurnalistlər mövqelərini bildiriblər.

Aksiyada qeyd edilib ki, bu məsələ ilə bağlı bəzi şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib: «Hətta ölkədən çıxışa qoyulan qadağa ilə bağlı qərar var və həmin qərarda bu qadağa peşə fəaliyyəti ilə əlaqələndirilib. Buna görə Azərbaycan hökuməti cərimələnib. Amma qadağanı yenə də götürmürlər».

Jurnalistlər «Stop-a stop» şüarı səsləndiriblər, üzərində «Xəyallar Paris, reallıq «Sınıq körpü» və başqa sözlərin yazıldığı plakatlar qaldırıblar.

Jurnalistlər deyiblər ki, aksiyanı keçirməkdə məqsədləri qadağanın səbəbini öyrənməkdir.

Plakatlar alınıb, bükülüb...

Onların deməsinə görə, Baş Prokurorluğa bununla bağlı yazılı müraciətlərinə də təminedici cavab ala bilməyiblər. «Başqa vaxt ölkədə azad mediadan, insan haqlarından danışırlar, artıq bu biabırçılığa dur deməyin vaxtıdır», - deyə jurnalistlər etirazlarını ifadə ediblər.

Onlar daha sonra əllərində tutduqları plakatları idarənin divarlarına yapışdırıblar. Bundan sonra bir mülkigeyimli şəxsin göstərişi ilə polislər həmin plakatları qopararaq, büküb aparıblar. Bu da onlarla jurnalistlər arasında narazılığa səbəb olub.

Daha sonra hadisə yerinə pir polis zabiti gəlib. O özünü Dəmir Yolunda (Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi) xidmət üzrə rəis müavini Həsən Mustafayev kimi təqdim edib. O deyib ki, aksiyadan ötrü müraciət etmək və onu razılaşdırmaq lazımdır.

Jurnalistlər qəbulda

Sonra da jurnalistlər Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qəbul ediliblər.

Qəbuldan çıxdıqdan sonra bu barədə jurnalist Natiq Cavadlı məlumat verib: «Bizi idarənin rəisi Eldar Əhmədov qəbul etdi. O dedi ki, bu məsələdə proses başlayıb. Artıq Aynur Elgünəşə qoyulan məhdudiyyət götürülüb. Dedi ki, sizinlə də bağlı iş gedir, yəqin, bizə yaxın günlərdə cavab veriləcək. Mən hesab edirəm ki, ümidverici cavabdır. Gözləyək».

A.Elgünəş isə deyib ki, səhhəti ilə bağlı onun Baş Prokurorluğa müraciəti olub, bundan sonra ona məhdudiyyətin götürüldüyü söylənib.

Aksiyaya, hələlik, Baş Prokurorluqdan ayrıca münasibət almaq mümkün olmayıb. Amma rəsmilər Azərbaycanda mediaya basqılar və jurnalistlərə təzyiqlərlə bağlı tənqidləri qəbul etmirlər. Rəsmilərin deməsinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur, bəzi jurnalistlərin də həbsi, onların istintaqa cəlb edilməsi peşə fəaliyyətləri ilə bağlı deyil.

Xatırlatma

2013-cü ildən fəaliyyət göstərən MeydanTV onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.

Daha sonra Meydan TV ilə əməkdaşlıq edən bir çox jurnalist Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.

«Meydan.TV internet kanalının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (Qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (Vergi ödəməkdən yayınma ) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı davam edir». Bu barədə vəkil Elçin Sadıqov bir müddət öncə bildirmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG