Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

Jurnalistə bəraət istənilir


Vəkil Elçin Sadıqov

Yanvarın 17-də böhtanda təqsirləndirilərək həbs edimiş jurnalist, Realliq.az saytının redaktoru İkram Rəhimovun, eləcə də onunla birgə həbs olunmuş mediaya şikayət məktubu yazmış vətəndaş Rəhman Novruzovun apellyasiya şikayətinə baxılacaq.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Jurnalistə bəraət verilməsi istənilir. Vəkil deyir ki, şikayətlərinə ədalətli baxılars, belə qərar verilməsi tamamilə gözəniləndir. Bununla belə, vəkil o qədər də nikbin deyil.

“Böhtanla bağlı, ümumiyyətlə jurnalistlərlə bağlı təcrübə bizi nikbin olmağa qoymur. Belə işlərdə bir qayda olaraq jurnalistlərin əsaslı arqumentləri diqqətə alınmır”, vəkil bildirib.

İkram Rəhimovun apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

Şikayət hakim Vidadi Cəfərovun icraatındadır. Məhkəmə iclası açıq olacaq.

Şikayət məktubuna görə həbs

Realliq.az saytının redaktoru İkram Rəhimov Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunub. İ.Rəhimov həmin ticarət rəhbərinin şəhərin icra hakimiyyəti başçısına rüşvət verməsi haqqında şikayət məktubunu dərc etmişdi.

Sumqayıt şəhər Məhkəməsi həm jurnalisti, həm də jurnalistə şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə hələ polisdə saxlanarkən ona işgəncə verildiyini açıqlamışdı. O, ictimaiyyətə məktubunda yazırdı:

«Mənə Sumqayıt polisində 3 gün işgəncə verdilər. Polis rəisinin müavini öz otağında əməliyyatçılarla mənə işgəncə verirdi. Tələb edirdilər ki, videokamera ilə canlı olaraq icra başçısı Zakir Fərəcovdan üzr istəyim...».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə olaya münasibət bildirərkən bu şikayəti «əsassız və şantaj» saymışdı. Şöbə rəisi jurnalistə polisdə heç bir işgəncə verilmədiyini deyirdi.

Sumqayıt şəhər İcra Hakimiyyəti də jurnalisti təkzib etmişdi. Oradan bildirmişdilər ki, icra başçısı Zakir Fərəcov, ümumiyyətlə, bu işlə əlaqəsi olduğunu təkzib edir.

Jurnalistin vəkilləri işgəncə iddialarının araşdırılması üçün ayrıca hüquq mühafizə qurumlarına müraciət ediblər.

XS
SM
MD
LG