Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 14:59

Polis jurnalistin şikayətini araşdıracağını vəd edir (Yenilənib)


Aynur Elgünəş
Aynur Elgünəş

“Əgər bizim redaktor Cənnət Cənnətov Aynur Elgünəşi hədələyibsə, polisə versin. Bu, onun hüququdur. Müraciət etsin hüquq-mühafizə orqanlarına, araşdırılsın. Amma mən deyirəm ki, bu konkret olaraq şər, böhtandır, yalandır”. “aia.az” saytının - Azərbaycan İnformasiya Agentliyinin baş redaktoru Azər Məmmədov AzadlıqRadiosu-na belə deyir. O, saytın redaktoru Cənnət Cənnətovun müstəqil jurnalisti hədələmədiyini, təhqir etmədiyini bildirir.

Azər Məmmədov, əksinə, Aynur Elgünəşin Cənnətova “təzyiq göstərdiyini” iddia edir: “O, Cənnət Cənnətova zəng edib, ona təzyiq edib. Kim onu tanıyır ki? Özünü gah “Meydan TV”nin əməkdaşı kimi təqdim edib, gah mətbuat xidmətinin rəhbəri kimi… Mən yenə deyirəm, o təhdid olunmayıb!”

Buna da bax:​ Jurnalist Aynur Elgünəş hədələndiyini deyir

Jurnalist Aynur Elgünəş isə artıq oktyabrın 5-də polisə müraciət edib:

– Mən artıq müraciət etdim. Dedilər ki, yaxın günlərdə məni izahat almağa çağıracaqlar.

– Aynur, siz məsələni ictimailəşdirdikdən sonra hədə, təhqir zəngləri davam edirmi yenə də?

– Bu gün səhər mənə bir nəfər zəng etdi, özünü “aia.az” saytının - “Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri kimi təqdim etdi. Bildirdi ki, Cənnət Cənnətov onların redaktorudur və mətbuatda bizim aramızda nəsə problem yaranması haqda oxuyub. Təklif etdi: “Bəlkə görüşək, söhbət edək?” Mən də imtina etdim. Ehtiyac görmədim.

– Niyə?

– O deyirdi ki, həmkar kimi oturaq, problemi öz aramızda həll edək, ictimailəşməsin. Həmkar kimi o mənə dünən zəng edə bilərdi, məsələ böyüyəndən sonra yox.

Buna da bax:​ Jurnalist vergi yoxlamasından təmiz çıxdı

– “aia.az” saytının rəhbəri Azər Məmmədovla biz də əlaqə yaratdıq. O bununla bağlı açıqlama ilə çıxış edəcəklərinin, sizin Cənnət Cənnətova şər atdığınızı, əksinə ona təzyiq göstərdiyinizi bildirdi.

– Hər halda, mən reket jurnalist deyiləm ki, kimisə şantaj edim, təzyiq göstərim. Əlimdə səs yazıları var. Səs yazısının bəzi hissələrini özüm yayacam. Ancaq söyüş, təhqir hissələri olmayan yerləri yayacam.

Jurnalist Aynur Elgünəşlə müsahibəni burada izləyin, (söhbətin mətni videodan sonra davam edir):

Jurnalist Aynur Elgünəş hədələndiyini deyir
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

– Məsələnin kökü nədir?

– Əslində, birinci mən ona zəng etmişəm. Bir nəfər mənə müraciət etdi ki, aiz.az saytının əməkdaşı Elnarə Rizvanqızı onun yanına gedib, deyib ki, günortaya qədər Cənnət müəllimə pulu çatdırmasaz haqqınızda yazacağıq.

Mən Cənnət Cənnətova zəng vurdum, dedim ki, sizinlə bağlı belə bir iddia var, nə qədər doğrudur? Soruşdu: “Kimsən?” Cavab verdim: “Müstəqil jurnalistəm”. Qayıtdı ki, müstəqil jurnalist olmur, konkret harda işləyirsən.

Onda dedim ki, müxtəlif mətbu orqanlarla, o cümlədən, “Meydan TV” ilə əməkdaşlıq edirəm. Bundan sonra “Müstəntiqsən sən?” deyib telefonu söndürdü. Beş dəqiqə keçməmiş zəng vurdu: “Sən kimsən mənə zəng vurursan? Sizin kimi müxalifətçiləri ölkədən silmək lazımdır. Get İsa Qəmbərə xəbər et, o mənə sual versin… “Meydan TV” qapanacaq. Qapananda gələrsən, səni işlə təmin edərəm”.

Daha sonra başladı məni açıq təhqir etməyə. Dayanmadan dəfələrlə zəng edir, qışqırır, yerimi soruşurdu: “Sən hardasan?” Son sözü də bu oldu: “Sənin başına elə oyun açacam ki, bundan sonra heç bir kişiyə zəng etməyəcəksən”. Artıq tonu dəyişdi: “Sən başqasının ərinə niyə zəng vurub narahat edirsən? Sənin kimiləri başqalarının ailəsini dağıdır. Sənin həyatın mənim əlimdədir…” Artıq ləkələmək söhbəti, təhdid söhbəti vardı deyə məcbur qaldım bunu ictimailəşdirim. Vəkilimlə danışdım, məsləhət gördü 102-yə zəng edim. Onlar da dedilər ki, polisə şikayət et. Mən də etdim.

Buna da bax:​ "Özün özündən hürkürsənsə, onda söz azadlığı yoxdur"

– Bu şikayətin sonadək araşdırılacağını gözləyirsənmi?

– Azərbaycan reallığında ciddi bir şey gözləmirəm. Əks halda, reket jurnalistikası bu qədər çiçəklənməzdi. Adam özü mənə deyir: “10 il icra hakimiyyətində işləmişəm, 20 ildir mətbuatdayam, mənim arxam var, mənə heç kim söz deyə bilməz”. Bunlar diktofonda da var. Polis idarəsində də dedim ki, səs yazılarını təqdim edə bilərəm, mən orda söyüş-təhqir olduğundan ictimailəşdirmək istəmirəm, amma motivi bilsin deyə polisə təqdim edə bilərəm. Onlar izahat alanda səs yazılarını da götürəcəklərini bildirdilər. Ümid edirəm ki, üstü açılacaq. Mən məsələni ictimailəşdirməmişdən qabaq Mətbuat Şurasının sədri Əflatun Amaşovla, Şuranın üzvü Müşfiq Ələsgərli ilə danışmışam. Amaşov dedi ki, xaricdədir, oktyabrın 10-dan sonra qayıdacaq və o zaman maraqlanacaq. Amma o da məsləhət gördü ki, polisə müraciət edim. Düzü, Mətbuat Şurası bu məsələdə mənəvi dəstək ola bilər, təhqiri ancaq polis araşdırmalıdır.

– Bəs bu gün zəng edib maraqlandılarmı? Sosial şəbəkədə sizə xeyli dəstək var, yeri gəlmişkən.

– Müxtəlif beynəlxalq təşkilatlardan, səfirliklərdən dəstək gəlib, amma Mətbuat Şurasından yox.

P.S. Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aynur Elgünəşin təhdid olunması olayını araşdıracaq. Bu haqda APA-ya nazirliyin mətbuat xidmətindən bildiriblər.

“Jurnalist Aynur Elgünəşin müraciəti araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək”, mətbuat xidmətindən bildiriblər.

XS
SM
MD
LG