Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:47

Ivanka Trump-ın haqqında danışdığı Reyhan


Reyhan Camalova və Ivanka Trump, Qlobal Sahibkarlıq Sammitində.
Reyhan Camalova və Ivanka Trump, Qlobal Sahibkarlıq Sammitində.

“Bir valideyn kimi böyük qürur hissi keçirirəm. Ağlıma gəlməzdi bu dərəcədə böyük bir sıçrayışın, uğurun olması”, - bu günlərdə Azərbaycanda hamının maraqlandığı, yağışı enerjiyə çevirən qızın – Reyhanın anası Ulduz Camalova belə deyir. O, ABŞ prezidentinin baş müşaviri İvanka Trumpın Qlobal Sahibkarlıq Sammitində haqqında danışdığı, iştirakçıların təəccüblə, heyranlıqla alqışladığı 15 yaşlı qızının yaşatdığı sevinci AzadlıqRadiosu ilə bölüşür.

“Uşağa şəxsiyyət kimi yanaşmaq, qiymət vermək lazımdır. Bir də bir şeyi çox, lap çox istəmək gərəkdir. Mənim çox arzuladığım, xəyal kimi baxdığım şeylər indi bir-bir reallaşır”, - deyən ana sevincini həvəslə paylaşır.

Reyhanın atası Rauf Camalovla danışmaq mümkün olmadı. Elə Ulduz xanım da iki daşın arasında – işdən çıxarkən AzadlıqRadiosu-na “yaxalandı”. Ata - həkim, ana - müəllimdir. Bu gün qürurlu və sevinclidirlər. Düzdür, olub-bitənlərin gözlənilməzliyi bir qədər çaşdırıb onları. Zənglər, təbriklər, xoş həyəcan... Ulduz xanım daha həyəcanlıdır, tez-tez soruşur: “Bilmirəm, fikrimi çatdıra bildimmi?”.

Buna da bax: Dünyanın 100 ən güclü qadını

"Bu layihə kasıb ölkələr, yoxsul insanlar üçün nəzərdə tutulub..."

- Ulduz xanım, Ivanka Trumpın Reyhan haqqında danışacağını bilirdiniz? Bu barədə bilginiz vardı?

- Tam dəqiq yox. Sadəcə, bilirdik ki, layihə ilə maraqlanırlar, bu layihə böyük marağa, sensasiyaya səbəb olub. Bunları eşidirdik. Amma bu şəkildə vurğulanacağını, bu dərəcədə irəli çəkiləcəyini gözləmirdik.

- Harda maraq doğurmuşdu?

- Amerikada. Orda onunla çox maraqlanırdılar.

Reyhanın layihə rəhbəri Leyla Tağızadə və Reyhan Camalova (sağda).
Reyhanın layihə rəhbəri Leyla Tağızadə və Reyhan Camalova (sağda).

- Trump dedi ki, Reyhanın bir devizi var: “Hər evi işıqlandıraq”. Bu fikir nədən qaynaqlanır?

"Reyhanın layihəsi, hələlik, ideya mərhələsindədir..."

- Reyhanın yaşı az da olsa, xeyirxah insandır. Bu layihə kasıb ölkələr, yoxsul insanlar üçün nəzərdə tutulub. Bir söz deyim, internetdə yazırlar ki, 15 yaşlı qız şirkət qurdu, filan. Amma belə şey yoxdur, nahaq deyirlər. Yalan məlumat yaymasınlar. Reyhanın layihəsi, hələlik, ideya mərhələsindədir. Yalnız gələcəkdə vəsait cəlbiylə, inkişaf etdirməklə bunu biznesə çevirmək olar. Hələlik, yalnız ideya mərhələsindədir. Amma Hindistandakı sammitdə nə qədər adam yaxınlaşıb maraqlanıb, bildiriblər ki, belə bir qurğuya ehtiyacları var. Bunu reallaşdırmağa böyük vəsait lazımdır. Maraq çoxdur. Yağış çox yağan ölkələrdən maraq göstərirlər. Hindistandan, Braziliyadan, Filippindən. Məsələn, “Climate Launchpad” proqramı çərçivəsində Filippindən müəlliməsi vardı, ilkin mərhələdə Reyhan ona ideyasını danışanda o qədər maraqlanmışdı ki. Hətta “Mən bu ideyanı alıram” demişdi. Bizim yox, bəzi ölkələrin gerçəkdən də belə qurğuya ehtiyacı var.

Buna da bax: Ivanka ilə mübahisə edən təyyarədən düşürülüb

- Bu ideyanı sata bilsə, Reyhan gələcəkdə təhsilini dünyanın ən nüfuzlu universitetlərindən birində davam etdirə bilər. Bu haqda düşünürsünüz?

"Bizim yox, bəzi ölkələrin gerçəkdən də belə qurğuya ehtiyacı var..."

- İnşallah. Bir il əvvəl, hətta bir ay əvvəl belə mən düşünə bilməzdim ki, Reyhanın ixtirası bu qədər səs-küy doğura bilər. Hər günün öz hökmü var. Biz də istəyirik ki, övladımız savadlı insan kimi yetişib cəmiyyətə, insanlara xeyir versin. Valideyn kimi bizim tək istəyimiz, məqsədimiz budur.

- İvanka Trump deyəndə ki, Reyhanın cəmi 15 yaşı var, salondakılar yenidən ona tərəf dönüb alqışladılar. Bu yaşda ixtira etmək hər kəsə nəsib olmur. Bir az Reyhandan danışardınız. Nə vaxtdan elmə marağı yaranıb?

Buna da bax: İvanka Trump və əri siyasətə gəlir

- Mənə xoş olar ki, Reyhan haqda onu tanıyanlar, müəllimləri danışsın. Reyhanın bu səviyyəyə gəlməsində onun təhsil aldığı “İstək” liseyinin, müəllimlərinin də böyük dəstəyi olub, onu həvəsləndiriblər. Ondan sonra qatıldığı “Climate Launchpada” proqramının böyük təsiri olub. Keçən ilin aprelində “Sosial İnnovation” laboratoriyasından nümayəndələr gəldi, uşaqları məktəbdə bu layihə haqda məlumatlandırdılar. Bu layihə hər il keçirilir və bu il ilk dəfə Azərbaycanın da qatılacağını dedilər. Demişdilər ki, kimin nə ideyası, nə layihəsi varsa, bizə müraciət etsin. Onda Reyhan mənə zəng vurdu ki, ana, belə bir layihə var. Reyhan sosial fəaliyyəti çox sevir, çox həvəslidir. Üzdən çox həlim, sakit görünür. Ancaq içində sanki okean dalğalanır, çox böyük enerjiyə sahibdir. Həmin potensialı, enerjini reallaşdırmağa ona yer lazımdır.

Ulduz Camalova: "Mənim çox arzuladığım, xəyal kimi baxdığım şeylər indi bir-bir reallaşır”
Gözlə

No media source currently available

0:00 0:16:10 0:00
Direct-ə keçid

- Siz də onu elmə yönləndirdiniz?

"Onun təhsil aldığı “İstək” liseyinin, müəllimlərinin də böyük dəstəyi olub, onu həvəsləndiriblər..."

- Bizim evdə sənədli, elmi filmlərə böyük maraq var. Xüsusən yoldaşımla qızımın. Adətən, kosmos, Ay, ulduzlar, Günəş, yağış, külək haqda, hər şey haqqında filmlərə baxırlar. Bir dəfə yenə yayda külək, yağış haqqında filmə baxanda onların bir söhbətinə şahid oldum. Yoldaşım dedi ki, yağış yağır, kim bilir bəlkə bundan da enerji almaq, onu nədəsə istifadə etmək olar? Hələ onda fikirləşirdilər ki, bəlkə küləyi, günəşi, yağışı bir araya gətirib nəsə bir enerji almaq olar. “Climate Launchpad” proqramına qatılmaq üçün Reyhan mənə zəng edəndə mən bu söhbəti xatırladım. Dedim ki, sən atanla danış, bəlkə həmin yağış, külək məsələsini layihə kimi işləmək olar... Atası ilə danışdılar. Mən sonsuz minnətdarlığımı bildirirəm həmin proqramın təmsilçilərinə - Cəsur müəllimə, Leyla xanıma, Asif müəllimə. Hazırda Leyla xanım yenə Reyhanladır, onu tək buraxmayıb. Onlar həmin proqramda münsif idilər, Reyhanın içindəki potensialı görüb üzərində dayandılar. Bu seçim edilməsəydi, indi də bu qədər hay-küy olmazdı. Nəsə... Reyhanın bu ideyası həmin müsabiqədə dördüncü yerə çıxdı, əlavə olaraq da tamaşaçıların ən sevimli startapı nominasiyasında mükafat qazandı. Layihənin meneceri Reyhanı çağırdı ki, sən üçüncü olacaqdın, çox cüzi səslə dördüncü oldun, səni finalda görmək istəyirdik. Reyhan buna çox üzüldü. Bundan sonra Reyhan axtarışlara başladı, müsabiqələrə baş vurdu. O, fərqli uşaqdır, yaşıdlarından seçilir, bunu deyəndə kimsə deyər ki, uşağını tərifləyir. Amma doğrudan belədir. Hə, bir də gördük ki, onu ABŞ səfirliyinə müsahibəyə çağırdılar, həddən çox bəyənmişdilər ideyasını. Bir həftə sonra email gəldi ki, siz iştirakçı kimi seçildiniz. Sonuc da göz qabağındadır. Reyhan mərhələ-mərhələ gəldi bura.

Buna da bax: Trump arvadı və qızıyla birlikdə səs verir

"Uşaqlıqdan arzusu var - Nobel mükafatı qazanmaq. Xəyaldır. Amma bəzən xəyal da reallaşır..."

- Özüylə danışmısınız? Təəssüratı necədir?

- Bayaq yazmışdı. Amma bütün günü məşğuldurlar, müsahibələrə çağırırlar. Bu hadisənin səs-küyə səbəb olmasını heç gözləmirdik. Həmişə ona demişəm ki, Reyhan, bu müsabiqələr sənin üçün bir təcrübədir. Mənim burdan böyük gözləntim yoxdur. Ola bilər 3 il sonra xaricdə oxumaq istəsə, bu nəticə onun təhsilində müsbət rol oynasın. Çox sevinir, çox fərəhlənir. Çox qürurludur. Onun xoşbəxtliyi, sevinci valideyn üçün nəyə desən dəyər. Ona həmin tədbirdə özəl münasibət var. Ən gənc iştirakçıdır. Sözlə ifadə etmək olmur bunu.

- Yeri gəlmişkən, ixtisas seçimi barədə düşünüb?

- Özü əvvəl - uşaq olanda həkim olmaq istəyirdi. İndi astrofizika ilə maraqlanır, kainatla, ulduzlarla... Bunu da zaman göstərər. Uşaqlıqdan arzusu var - Nobel mükafatı qazanmaq. Xəyaldır. Amma bəzən xəyal da reallaşır. Atalar demiş, niyyətin hara, mənzilin ora. Təki olsun.

- Bəs Azərbaycan hökuməti, Təhsil Nazirliyi bugünlərdə Reyhanla maraqlanıb?

Buna da bax: Prezident qızları

- Sosial şəbəkələrdə oxudum ki, təhsil nazirliyi təbrik edir, uğurunu paylaşır.

- Amma konkret sizə zəng ediblər?

- Bilmirəm. Atası cavab verir təbriklərə. Çoxundan xəbərim yoxdur.

XATIRLATMA

Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir.

ABŞ Dövlət Departamentinin dəstəyi ilə keçirilir. Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə bu qurum üzərinə götürüb.

ABŞ səfirliyinin məlumatına görə, Reyhan məktəb yoldaşları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıblar. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisini yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

ABŞ prezidentinin baş müşaviri Ivanka Trump QSS-indəki çıxışında deyib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx”.

Buna da bax:

Prezident qızını özünə müşavir qoydu
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG