Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:05

Dünyanın 100 ən güclü qadını


Theresa May (solda) və Angela Merkel

Dünyanı kim idarə edir? “Forbes” dərgisi dünyanın 100 ən güclü qadınının siyahısını açıqlayıb.

Sayca 14-cü olan builki siyahının dörddə birini yeni gələnlər təşkil edib, yəni siyasət, texnologiya, biznes, xeyriyyəçilik və media sektorlarına təzəlikcə qədəm basanlar. Dərgi bunun hamı üçün ümidverici olduğunu qeyd edir.

Ancaq siyahının başındakı şəxs dəyişməyib, artıq yeddinci ildir Almaniya kansleri Angela Merkel dünyanın ən güclü qadını sayılır.

İkinci yerdə Böyük Britaniyanın baş naziri Theresa May gəlir. Siyahıya ilk dəfə düşən May ölkəsinin Avropa Birliyindən çıxma prosesinə (Brexit) rəhbərlik edir.

ABŞ VƏ RUSİYADAN OLANLAR

Xeyriyyəçilik fəaliyyətiylə məşğul olan, milyarder Bill Gates-in həyat yoldaşı Melinda Gates üçüncüdür. Bill & Melinda Gates Fondunun həmsədri olan Gates həyat yoldaşıyla birlikdə indiyədək qrantlara 40 milyard dollar ayırıb, 100-dən artıq ölkədə qurumları dəstəkləyir.

4-cü yerdə ABŞ-dan Facebook sosial şəbəkəsinin direktorlar şurasının üzvü Sheryl Sandberg, 5-ci yenə Birləşmiş Ştatlardan General Motors şirkətinin rəhbəri Mary Barra-dır.

Rusiyadan siyahıya iki nəfər düşüb. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və jurnalist, RT televiziyasının baş redaktoru Margarita Simonyan.

Siyahıya yeni gələn 23 nəfər arasında ikinci ən yüksəkçinli qadın 19-cu yerdə qərarlaşmış, ABŞ prezidenti Donald Trump-ın qızı Ivanka Trump-dır. Onun ögey anası Melania-nın birinci ledi olmasına baxmayaraq, Ivanka Trump-ın Ağ evində əsas fiqura çevrilə bilib. Onun siyasəti ödənişli ailə tətili, qadınların elmdə irəli çəkilməsi, eləcə də qadın sahibkarlarla bağlı məsələlərə fokuslanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG