İtaliyanın baş naziri Giorgiya Meloninin partiyası rəsmi kommunikasiyalarda xarici, ilk növbədə ingilis terminləri işlədən ictimai və özəl vahidlərə 100 min avro (108 min dollar) cərimə qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.
Qanun layihəsinin mətnində deyilir ki, “bu bir dəb məsələsi deyil, dəblər gəlib keçir, lakin Anqlomaniya bütövlükdə cəmiyyət üçün ağır nəticələr verir”.
Qanun italyan dilinin qorunmasını və ona qayğı göstərilməsini tələb edir.
Layihə parlamentə Meloninin millətçi İtaliyanın Qardaşları partiyası tərəfindən təklif olunub və onun qanuna çevrilməsi üçün İtaliya parlamentinin hər iki palatasında səsvermədən keçməsi tələb olunur.
Qanun layihəsinin nə vaxt səsə qoyulacağı bildirilmir.
Dantenin dilində
Layihədə deyilir ki, ingilis dilinin yayılması italyancanın ləyaqətini alçaldır və onu məhv edir və bu səbəbdən ictimai və özəl qurumlar öz mal və xidmətlərini “Dantenin dilində” təklif etməlidirlər.
Qanun layihəsində habelə qeyd olunur ki, İtaliya ərazisində işləyən bütün şirkətlər bütün iş və vəzifə adlarını yalnız italyan sözləri ilə ifadə etməlidirlər.
Bu zaman yalnız tərcüməyə gəlməyən sözlərin orijinalda olduğu kimi saxlanmasına icazə verilir.
Qanun layihəsində bu da qeyd olunur ki, “Britaniyanın Avropa İttifaqını tərk etməsinə baxmayaraq ingilis dilinin qitədə geniş yayılması çox neqativ paradoksdur”.
İtalyanca “əfəl” sözü yoxdurmu?
Reuters yazır ki, bu layihə qanun kimi qüvvəyə minərsə, elə ilk növbədə hökumətin özünü yığışdırmasını tələb edəcək.
Bu partiya ötən oktyabrda hakimiyyətə gələndə sənaye nazirinin adına ingiliscə “Made in Italy” terminini əlavə etmişdi.
Elə xanım Meloninin özü də çıxışlarında arabir xarici sözlər işlədir.
Giorgiya Meloni baş nazir kimi inaqurasiya nitqində özünü ingiliscə “underdog”, yəni “əfəl” adlandırmışdı.
Bu qanun layihəsi təklif edilməzdən bir neçə gün əvvəl hökumət milli aqroərzaq mallarının müdafiəsi üçün laboratoriyada hazırlanmış ərzaq və qidalara qadağan qoyub.