Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 22:16

İtaliyada 12 yaşlı qızın intiharı: Valideynlər 'Meta' və 'TikTok'u məhkəməyə verdi

Avropada rəqəmsal platformalara nəzarət getdikcə artır.
Avropada rəqəmsal platformalara nəzarət getdikcə artır.

Cəmi bir neçə ay ərzində İren Rocero Uqes qızı Rossellanın davranışlarında kəskin dəyişiklik müşahidə edib. Ananın dediyinə görə, sosial şəbəkələrin qıza davamlı olaraq özünəqəsd mövzusunda kontent göstərməsi 12 yaşlı Rossellanı intihara sürükləyib.

Qızın ölümündən sonra İren və əri onun telefonunu, eləcə də digər cihazlarını aça biliblər. Məlum olub ki, Rossella sosial şəbəkələrdən valideynlərinin bildiyindən qat-qat çox istifadə edib. Yeniyetmə 2023-cü ilin sentyabrında öz emosional vəziyyətinə uyğun depressiv kontent axtarmağa başlayıb, daha sonra isə sosial şəbəkə alqoritmləri həmin məzmunları ona davamlı şəkildə göstərib. Beş ay sonra o, həyatına son qoyub.

"Reuters" agentliyinin yazdığına görə, Rossellanın valideynləri İtaliyada "Meta" və "TikTok" şirkətlərinə qarşı kollektiv məhkəmə iddiası qaldıran ilk ailələr sırasındadır. Bu, İtaliyada sosial şəbəkə şirkətlərinə və onların alqoritmlərinə qarşı ilk kollektiv hüquqi təşəbbüs hesab olunur.

Zərərçəkən ailələr yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışına daha sərt məhdudiyyətlər qoyulmasını tələb edirlər.

"Meta" və "TikTok" isə bu iddiaları rədd edir. Hər iki şirkətdən bildirilib ki, gəncləri qorumaq üçün zərərli məzmunlar platformadan silinir, riskli materialların yayılması məhdudlaşdırılır və valideynlərə uşaqların hesablarına nəzarət etməyə imkan verən alətlər təklif olunur.

Avropada rəqəmsal platformalara nəzarət getdikcə artır. Böyük Britaniya bu həftə 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrin tam qadağan olunması planlarını açıqlayıb. Avropa İttifaqının tənzimləyici qurumları da Rəqəmsal Xidmətlər Aktının tətbiqini gücləndirir, platformalardan azyaşlıların daha yaxşı qorunmasını və zərərli məzmunun dərhal məhdudlaşdırılmasını tələb edirlər.

XS
SM
MD
LG