İsveç martın 7-də rəsmən NATO alyansının 32-ci üzvü olub.
Müvafiq sənədlərin verilməsi mərasimi Vaşinqtonda İsveçin baş naziri Ulf Kristersson və ABŞ dövlət katibi Antoni Blinkenin iştirtakilə keçirilib.
Kristersson mərasimdə “İsveçin təhlükəsizliyi üçün yeni tarixi eradan" bəhs edib və bəyan edib ki, onun ölkəsi müttəfiqlərin yükünü, məsuliyyətini və risklərini bölüşməyə hazırdır.
Blinken də bu hadisəni İsveç üçün, bütün Şimal alyansı və transatlantik münasibətlər üçün “tarixi” adlandırıb.
Blinken bunu da vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumu onun “strateji iflası” olub.
“Yaxşı iş onu gözləyənin başına gəlir”
İsveşin üzvlük sənədlərini qəbul edən dövlət katibi cavab çıxışında deyib ki, “yaxşı işlər onları gözləyənlərin başına gəlir”.
İsveç Finlandiya ilə yanaşı NATO üzvlüyünə qəbul üçün 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən dərhal sonra müraciət etmişdi.
Buna qədər İsveç neytrallıq prinsipinə riayət etmiş və 200 ildən çox müddətdə heç bir hərbi bloka qoşulmamışdı.
Vaşinqtonda martın 7-də keçirilən sənədlərin təhvili mərasimi Stokholmun NATO üzvlüyünə icazə almaq üçün uzun yolda atdığı son addım olub.
İsveçi Macarıstan gözlətmişdi
Finlandiya NATO-ya hələ keçən il qəbul edilmişdisə də, İsveç Rusiya rəhbərliyi ilə yaxın münasibətləri olan iki üzv ölkənin – Türkiyə və Macarıstanın mövqeyinə görə bir xeyli gözləməli olmuşdu.
İsveçin NATO-ya qoşulması prosesi məhz bu iki ölkəyə görə 2 ilədək uzanıb. NATO üzvlüyünə qoşulmaq istəyən ölkə alyansa üzv olan bütün ölkələrin razılığını almalıdır.
Türkiyə və Macarıstan İsveçə müxtəlif iradlar tutmuşdular.
Ankara nəhayət bu ilin yanvarında İsveçin NATO üzvlüyü üçün yaşıl işıq yandırmışdı.
Macarıstan isə prosesi nəhayət fevralın 23-də baş nazir Kristersson Budapeştə xoş məramlı səfər edənədək uzatmışdı.
Budapeşt Stokholmu Macarıstana “qarayaxma” siyasətində ittiham edirdi.
Macarıstan rəhbərliyi bildirirdi ki, İsveç siyasətçiləri zaman-zaman Macarıstanda qanunun aliliyi prinsipinin pozulmasına diqqət çəkirlər.