Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 20:59

ABŞ və İsrailin İranla bağlı ‘ən pis ssenarini’ müzakirə etdiyi deyilir


ABŞ və İsrailin müdafiə nazirləri Lloyd Ostin (sağda) və Benni Qantz Pentaqonda
ABŞ və İsrailin müdafiə nazirləri Lloyd Ostin (sağda) və Benni Qantz Pentaqonda

Prezident Co Bayden, Ağ Evin İran siyasəti iflas edərsə, Vaşinqtonun başqa variantlara üz tutmasının mümkünlüyünü bildirib

ABŞ və İsrailin hərbi rəhbərləri Pentaqonda keçirilən görüşdə İranın nüvə proqramını inkişaf etdirməsinin nəticələrini müzakirə ediblər.

Dekabrın 9-da keçirilən görüşdə İsrailin müdafiə naziri Benni Qantz iki ölkənin İranın regional təcavüzlərinin və nüvə ambisiyalarının buxovlanması üçün hərbi hərəkətə hazır olmalarının mühümlüyünü vurğulayıb.

ABŞ müdafiə naziri Lloyd Ostin İranın konstruktiv diplomatik danışıqlardan yayınmasından dərin narahatlığını ifadə edib və deyib ki, prezident Co Bayden, Ağ Evin İran siyasəti iflas edərsə, Vaşinqtonun başqa variantlara üz tutmasının mümkünlüyünü bildirib.

ABŞ rəsmilərinə istinad edən Reuters yazır ki, ABŞ-İsrail danışıqlarının gündəliyində İranla bağlı ən pis ssenariyə hazırlıq məqsədilə birgə hərbi manevrlərin keçirilməsi müzakirə olunmalıydı.

Bundan əvvəl oktyabrın 25-də Pentaqon başçılarının Ağ Ev üçün verdiyi brifinqdə İranın nüvə silahı əldə etməsinin qarşısının alınması üçün hərbi variantların müzakirə olunduğu deyilirdi.

İran öz nüvə proqramının dinc səciyyə daşıdığını və atom bombası istehsal etmək niyyətində olmadığını bildirir.

İran Avropanı da məyus edir

Reuters yazır ki, İrana qarşı hərbi variantdan istifadə barədə son vaxtlaradək danışılmırdı.

Lakin İranın Vyanada Tehran və dünya gücləri arasında aparılan danışıqlara uzun müddət gəlməməsi və nəhayət danışıqlar masasına qayıdanda tamamilə yeni təkliflər verməsi Qərbi Tehranın əsl niyyəti barədə şübhəyə salıb.

Reuters yazır ki, ABŞ rəsmiləri İsraillə birgə keçiriləcəyi iddia olunan manevrlər barədə şərh verməkdən imtina ediblər.

İran Vyana danışıqlarında 5 aylıq fasilədən sonra 2015-ci il nüvə sazişinin tərəfi olan dünya güclərinə - Britaniya, Almaniya, Fransa, Çin və Rusiyaya yeni təkliflərini təqdim etmişdi.

Almaniya, Britaniya və Fransa bu təkliflərin qeyri-məqbul olduğunu bildirmişdilər.

Berlin isə bəyan etmişdi ki, İran bu təkliflərlə bundan əvvəl aylar ərzində çətin əldə olunmuş kompromislərin hamısından geri çəkilib.

ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra İranın üzərinə sanksiyalar bərpa olunub və Tehran buna cavab olaraq saziş üzrə öhdəliklərindən xeyli geri çəkilib.

Bəzi ekspertlər İranın nüvə silahı istehsalı üçün kafi olacaq materialının getdikcə artmasından narahatlıq ifadə ediblər.

İranın Koreya mallarına qadağa qoyması bahalaşmaya səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Diplomatiya nəticə verməsə

Reuters yazır ki, ABŞ və İsrailin birgə hərbi manevrləri barədə söhbətlər keçmiş Amerika rəsmisi və ekspert Dennis Rossun şərhlərilə səsləşir.

Ross keçən ay yazmışdı:

"Bayden İranın belə bir əminliyini yox etməlidir ki, Vaşinqton heç vaxt hərbi varianta əl atmaz və İsrailin də belə etməsinə yol verməz”.

Ross məqaləsində hətta ABŞ-ın İsrailə nəhəng bunkerdağıdan GBU-57 aviasiya raketlərini verməsini təklif edirdi.

Kütləsi 14 tona yaxın bu raket yerə 61 metr dərinliyində daxil olmaq və 19 metr qalınlığı olan betonu yarmaq qabiliyyətinə malikdir.

Lakin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns bu həftə bildirmişdi ki, o İranın ali rəhbərinin nüvə materialının silaha çevrilməsi istiqamətində addım atmaq qərarı verdiyinə inanmır. Börns demişdi ki, İran hətta belə bir fikrə düşsə də, onun nüvə materialını silaha çevirməsi üçün çox vaxt lazım gələrdi.

Dekabrın 9-da İran və dünya gücləri arasında danışıqların 7-ci raundu davam etdirilib.

Bu danışıqlarda Avropa İttifaqının vasitəçilyi ilə iştirak edən ABŞ bildirib ki, əgər diplomatiya alınmasa, Vaşinqton Tehranın gəlir kanallarını kəsmək üçün tədbirlər görəcək.

Ağ Evin sözçüsü Cen Psaki dekabrın 9-da deyib:

"İranın nüvə proqramının davam edən inkişafını nəzərə alan prezident öz komandasına diplomatiyanın baş tutmayacağı və bizim başqa variantlara üz çevirəcəyimiz situasiyaya hazır olmaq komandası verib”.

XS
SM
MD
LG