Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 02:12

İsrail və Livan onilliklər sonra ilk dəfə birbaşa danışıqlar aparıblar

(Soldan sağa) ABŞ Dövlət Departamentinin müşaviri M.Nidhem, ABŞ-nin BMT-dəki səfiri M.Uolts, ABŞ dövlət katibi M.Rubio, ABŞ-nin Livandakı səfiri M.İssa, Livanın ABŞ-dəki səfiri N.H.Muavad və İsrailin ABŞ-dəki səfiri Y.Leyter Vaşinqtonda Dövlət Departamentində görüşdən əvvəl.
(Soldan sağa) ABŞ Dövlət Departamentinin müşaviri M.Nidhem, ABŞ-nin BMT-dəki səfiri M.Uolts, ABŞ dövlət katibi M.Rubio, ABŞ-nin Livandakı səfiri M.İssa, Livanın ABŞ-dəki səfiri N.H.Muavad və İsrailin ABŞ-dəki səfiri Y.Leyter Vaşinqtonda Dövlət Departamentində görüşdən əvvəl.

Aprelin 14-də Vaşinqtonda İsrail və Livan diplomatları arasında tarixi danışıqlar baş tutub. Bu, son 30 ildən çox müddətdə iki ölkə arasında ilk belə görüşdür. ABŞ vasitəçi kimi çıxış edib.

Dövlət Departamentində keçirilən görüşün rəsmi hissəsində ABŞ, Livan və İsrailin yüksəkrütbəli rəsmiləri, o cümlədən hər iki Yaxın Şərq ölkəsinin Vaşinqtondakı səfirləri iştirak ediblər. Protokol qaydalarından sonra müzakirələr qapalı qapılar arxasında davam etdirilib.

İsrail səfiri Yexiel Leyter "əla" fikir mübadiləsinin aparıldığını bildirib. Onun sözlərinə görə, hər iki dövlət İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasına qarşı mübarizədə eyni mövqedədir: "Hər ikimiz Livanı İranın nəzarətində olan "Hizbullah" adlı işğalçı qüvvədən azad etmək istəyimizdə həmrəyik".

Livan hələlik görüşlə bağlı şərh verməyib.

ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, üçtərəfli görüşün yekununda İsrail və Livan "qarşılıqlı razılaşdırılmış vaxt və məkanda" birbaşa ikitərəfli təmaslara başlamaq barədə razılığa gəliblər.

"Vaxt aparacaq"

Görüşdən öncə ABŞ dövlət katibi Marko Rubio danışıqları "tarixi fürsət" kimi qiymətləndirsə də, köklü problemlərin qısa müddətdə həllinin çətin olacağını vurğulayıb.

"Bu məsələnin bütün çətinlikləri növbəti altı saatda həllini tapmayacaq, lakin biz irəliləyə, çox müsbət və qalıcı nəticəyə gətirib çıxara biləcək bir çərçivə yarada bilərik", – Rubio qısa açıqlamasında deyib.

Onun sözlərinə görə, müzakirələr təkcə təcili məsələlərə deyil, həm də uzunmüddətli qeyri-sabitliyin aradan qaldırılmasına yönəlib. Buraya Livanın cənubunun böyük hissəsinə nəzarət edən "Hizbullah"ın regional təsiri də daxildir. ABŞ bu qruplaşmanı terror təşkilatı kimi tanıyır, Avropa İttifaqı onun yalnız silahlı qanadını qara siyahıya salıb.

"Bu, bir hadisə deyil, prosesdir. Vaxt aparacaq, ancaq hesab edirik ki, buna dəyər", – Rubio bildirib.

Bu görüş Yaxın Şərq böhranının kritik dönəmində keçirilir. Bir həftə öncə ABŞ, İsrail və İran arasında kövrək atəşkəs qüvvəyə minib.

Livan hökuməti İsraillə danışıqlara çağırıb

1948-ci ildə İsrail yaradılandan bu iki ölkə texniki müharibə vəziyyətində olub, bu, onların nadir görüşlərindən biridir.

"Hizbullah" qruplaşmasının etirazlarına baxmayaraq, Livan hökuməti İsraillə danışıqlara çağırıb.

"Hizbullah" martın 2-də Tehrana dəstək məqsədilə İsrailə atəş açıb. İsrailin bundan sonra başlatdığı hücumda azı 2 min nəfər öldürülüb, 1.2 milyon insan evindən didərgin düşüb, - Livan rəsmiləri belə deyir.

"Hizbullah"ın hücumları isə 13 israillin əsgərin və iki dinc sakinin ölümünə səbəb olub.

Livan dövləti 2024-cü ildə "Hizbullah" ilə İsrail arasında müharibədən sonra bu qruplaşmanı dinc yolla silahsızlaşdırmağa çalışır. Lakin bunu zorla etmək ölkədə yeni qarşıdurmaya səbəb ola bilər. Livan 1975-1990-cı illər vətəndaş müharibəsindən sonra xeyli zəifləyib. 2008-ci ildə Qərbin dəstəklədiyi hökumətin "Hizbullah"a qarşı addımları qısa vətəndaş müharibəsi ilə sonuclanıb.

XS
SM
MD
LG