Keçid linkləri

2026, 24 Mart, çərşənbə axşamı, Bakı vaxtı 23:32

'Hizbullah'ın hücumlarının arxasında duran qüvvə – SEPAH

İsrail təhlükəsizlik qüvvələri Livanla sərhəddə, Colan təpələrində raketin düşdüyü ərazini mühasirəyə alır.
İsrail təhlükəsizlik qüvvələri Livanla sərhəddə, Colan təpələrində raketin düşdüyü ərazini mühasirəyə alır.

ABŞ və İsrail fevralın 28-də İrana aviazərbələr endirməyə başlayandan Livanda yerləşən, İranın dəstəklədiyi "Hizbullah" qruplaşması İsraili raket atəşinə tutur. İsrail buna hərbi kampaniya ilə cavab versə də, "Hizbullah" nəinki geri çəkilib, əksinə, hücumları intensivləşdirib.

""Hizbullah" martın 2-də döyüşlərə qoşulandan hücumların miqyası davamlı artıb, son günlər isə fəallıq daha da yüksəlib", – İsrailin "Alma" təhlil mərkəzi martın 23-də gündəlik hərbi hesabatında bildirib.

Bu dirənişin arxasında nə dayanır

2023-24-cü illərdə İsraillə döyüşlər "Hizbullah"ı xeyli zəiflətmişdi. Təhlilçilərin fikrincə, İran onu qismən bərpa edə bilib. Ayrı-ayrı bölmələrə daha böyük muxtariyyət verilməsi isə qrupun liderlərini davamlı itirməsinə daha yaxşı adaptasiya olmasına kömək edib.

"Hizbullah rəhbərliyi aylarla sakitcə silahlanıb, aylıq 50 milyon dollara yaxın büdcə ilə, İranın maliyyəsi və yerli istehsal hesabına raket və dron ehtiyatlarının yerini doldurub", – bunu İsrail hərbi kəşfiyyatında terrorçuluqla mübarizə üzrə keçmiş rəhbəri Qay İtshaki martın 15-də yazırdı.

Ancaq onu da əlavə edirdi ki, indiki münaqişə bu qruplaşmanı məğlubedilməz "müqavimət ordusu"ndan zəiflədilmiş üsyan qrupuna çevirməkdədir.

"Müqavimət köklərinə qayıdır" - "Hizbullah" yenidən təşkilatlanma ilə 2024-cü ildən sonra xarici dünyaya bunu çatdırmaq istəyir", - Beynəlxalq Böhran Qrupunun Beyrutda yaşayan təhlilçisi Hayko Vimmen bu fikirdədir. "Sadəcə düşmənə aydın şəkildə deyirsən ki, işğal və müharibənin bədəli çox böyük olacaq, nəticə verməyəcək. Beləliklə, partizan müharibəsinin ilkin modelinə qayıdırsan, görürsüz ki, bunu hələ də yaxşı bacarırlar".

"Hizbullah" və İsrail arasında gərginliyin artması fonunda polis avtobusun zədələndiyi ərazidə yoldakı dəliyə baxış keçirir.
"Hizbullah" və İsrail arasında gərginliyin artması fonunda polis avtobusun zədələndiyi ərazidə yoldakı dəliyə baxış keçirir.

Martın 23-də İsrailin şimalında Kiryat Şmona şəhərinə raket hücumunda dörd nəfər xəsarət alıb. Qruplaşma 25 min əhalisi olan bu şəhəri yeddi dəfə vurduğunu bildirir.

""Hizbullah" qələbə imici istəyir. Düşünür ki, sərhəd yaxınlığında yaşayan israilliləri buradan getməyə vadar etməklə buna nail ola bilər", – "Alma" yazır.

İsrail, əsasən, havadan zərbələr endirir, quru əməliyyatları da aparır. Livan hakimiyyəti mindən çox adamın öldürüldüyünü, 1 milyona yaxın insanın köçkünə çevrildiyini deyir.

SEPAH

İsrail ordusu (SAXAL) martın 8-də Beyrutun mərkəzində dördulduzlu otelə zərbə ilə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) beş yüksəkrütbəli komandirinin öldürüldüyünü bildirir. SAXAL həmin komandirlərin "Hizbullah"a maliyyə və kəşfiyyat yardımı göstərdiyini deyir. Bu isə İranın bu qruplaşmaya təkcə pul ayırmadığını, həmçinin ona təsir göstərdiyini göstərir.

Bu xəbərlərin ardınca yayılan informasiyaya görə, Rusiya Livandan xüsusi reyslə diplomatlar və səfirlik işçiləri daxil, azı 100 iranlını çıxarıb. Təhlilçi Vimmen deyir ki, həmin şəxslərin içində SEPAH xadimləri də ola bilərdi.

Livanda "Hizbullah" döyüşçüləri
Livanda "Hizbullah" döyüşçüləri

Livanın baş naziri Nəvaf Salam martın 22-də televiziya ilə müsahibəsində deyib ki, SEPAH hələ də "Hizbullah"a birbaşa komandanlıq edir. Baş nazir onların ölkəyə saxta pasportlarla girdiyini, Livanda hərbi əməliyyatı idarə etdiyini deyib.

İsrail Salam hökumətinə "Hizbullah"a qarşı tədbir görməsi üçün təzyiq göstərir. Amma Livan ordusunun bunu etmək qabiliyyəti məhduddur, belə bir addım ölkədə vətəndaş qarşıdurmasına səbəb olar.

Vimmen SEPAH-ın "Hizbullah"ı nə dərəcədə idarə etdiyini müəyyənləşdirməyin çətin olduğunu deyir. Amma onu da vurğulayır ki, qruplaşma lideri 2024-cü ildə İsrailin havadan zərbəsi ilə öldürüləndən sonra SEPAH-ın ona təsiri güclənib. Onun fikrincə, Nəsrullah ilə İranın fevralın 28-də öldürülmüş ali lideri Əli Xameneinin üzbəüz danışdığı bəlli fakt idi.

"Nəsrullah və "Hizbullah"ın digər liderləri qətlə yetiriləndən sonra bu balansın SEPAH-ın xeyrinə dəyişdiyi aydın məsələdir", – Vimmen bildirir.

Məqaləni AzadlıqRadiosunun beynəlxalq məsələləri üzrə baş müxbiri Rey Förlonq hazırlayıb.
XS
SM
MD
LG